Müridizm və Şeyx Şamil hərəkatı

Tarix üzrə fəlsəfə doktoru Ramin SADIQOV



Müridizm

 

İslam təsəvvüfünə görə mürid, özünü dinə, yəni İslama təslim edən şəxsə verilən addır. Ancaq Qafqaz xalqlarının dilində mürid sözü təsəvvüflə birlikdə Ruslara qarşı savaşmaq anlamında da işlənmişdir. Müridlər uzun illər Ruslara qarşı azadlıq mübarizəsi apardıqlarından, bu sözü bir “din döyüşçüsü” kimi də ifadə etmək olar.

Müridizm hərəkatına iştirak edən insanların çoxu kəndlilər idi. Bu insanların bir çoxu müridizmin onları azadlığa çıxaracağına və Rusları Qafqazdan qovacağına inanırdı. Müridizm əslində Nəqşibəndi təriqətinin mənsubları tərəfindən mənimsənən bir hərəkat idi. Müridlər, hökm etdikləri bütün Qafqaz xalqlarından İslam şəriətinə və peyğəmbərin sünnətinə uyğun yaşamağı tələb edirdilər. Dağlı xalqlardan dini, sufilik dərəcəsində yaşamayanlar belə mürid ola bilirdilər. Çünkü sadəcə Ruslara qarşı savaşmaq niyyəti ilə müridlər arasında yer alırdılar.

Müridizmin ilk təbliğçisi dağıstanlı Məhəmməd Yaraqlı olmuşdur. O özünü Şirvanlı İsmail Əfəndinin davamçısı olaraq görürdü. 1823-cü ildə Şirvana bağlı Kürdəmir bölgəsində İsmail Əfəndi ilə görüşən Məhəmməd Yaraqlı, onun fikirlərinin təsiri ilə Şimali Qafqazda müridizmin təbliğatına başladı. Tarixçi V. Potto, “Qafqaz muharibəsi” əsərində, bu görüş haqqında belə yazırdı: “bu görüş Qafqaz üçün təhlükənin başlanğıcı oldu”. Bu görüşdə bütün Dağıstan xalqlarını tək məqsəd ətrafında birləşdirmək, xalqlar arasındakı fikir ayrılıqlarına, davalara, küslüklərə və qan davalarına son verilmək qərara alındı.

Ardından Şimali Qafqazda təbliğatı gücləndirmək və ətraflarına insanlar toplamaq üçün təriqətçilər yeni tələblərlə çıxış etməyə başladılar. Bunlar belə idi, “Müsəlmanlar arasında bərabərlik olacaq, müsəlman heç kimə vergi verməyəcək, müsəlmanlar dinə inanmayanların əlindən qurtarılacaq və bunun üçün qazavat (cihad) elan olunacaq.” Bu tələbləri dağ kəndliləri, sanki hər cür zorakılıq və əziçilikdən qurtulmaq üçün bir çağırış olaraq qəbul edirdilər. 

Burada Qazavat sözü haqqında da bir neçə söyləmək yerinə düşərdi. Ərəb mənşəli bir söz olan Qazvə, İslam peyğəmbərinin, ətraftakı müsəlman olmayan qəbilələrə qarşı tərtib etdiyi yürüşlərə verilən addır. Qazavat isə bu sözün cəm formasıdır. Şimali Qafqazda qazavatın nə şəkildə aparılacağını Müridizm təyin etmişdir. Müridizm, Ruslara qarşı nizamlı və davamlı bir dirəniş üçün öncə Qafqaz xalqlarının özünə şəriət qayda və qanunlarının öyrədilməsinin şərt olduğunu söyləmişdir. Ancaq Ruslar, şəriət qanunlarının cəmiyyətdə təbliğatını belə “cihad” olaraq iddia etmişdirlər.

Tədqiqatçılar muridizm hərəkətinin mahiyyəti haqqında bəzi fikirlər irəli sürmüşdürlər. Məsələn, Dağıstanlı tarixçı, Dibir Mahomadova görə, qazavat, işğalçı Ruslara qarşı xalqı müdafiə etmək və eyni zamanda dağlı xalqları bir dövlət hakimiyyəti altında birləşdirmək üçün gerçəkləşdirilmişdir. Onun fikrinə görə dağlılar, savaşmaya və mücadiləyə öyrəşmişdilər, ayrıca İslam dini bərabərlik ideyasına görə insanların yaşamasına əhəmiyyət verirdi. Şamil də vəziyyətnaməsində, “Biz Ruslara və ya Xristianlara qarşı deyil, azadlığımızı əldə etmək üçün muharibə etdik” deyirdi. Yəni, buradan belə çıxır ki, dağlıların azadlıq istəyi, onları Ruslara qarşı mücadiləyə sövq edən əsas amillərdən biri idi. Beləliklə, müridizmi mənimsəyən dağlılar, bu ideologiya sayəsində Ruslara qalib gələcəklərini düşünürdülər.

Ruslar, Şimali Qafqazın içlərinə doğru irəliləyərkən xalq arasında onlara nifrət çoxalırdı. Xüsusilə, Molla Məhəmməd Yaraqlı, Qafqazın dərinliklərinə nüfuz etməkdə olan bu işğalçı dövlətə qarşı müsəlmanların üsyan etmələrini söhbətlərində tövsiyyə edirdi. O, qazavatın qadın və kişi, hər müsəlmana fərz olduğunu, müsəlmanların kafirlərin boyunduruğu altında yaşamamaları gərəkdiyini söyləyirdi. Ona görə azadlıq üçün muharibə şərt idi və bu muharibə də Qazavat adlanırdı.

Müridizm ilk ciddi uğurlarını 1830-cu ildən sonra, Qazi Məhəmməd Mollanın imam seçilməsi ilə əldə etdi. Qazi Məhəmməd elm və hərbi bilik cəhətdən üstün xüsusiyyətlərə sahibdi. Onun əsl məqsədi Şimali Qafqaz İslam dövlətini qurmaqdı. 1831-ci ildə qüvvə toplayan Qazı Məhəmməd, Rus ordusunu Paraul, Tarki və Qızılyar bölgələrindən qovdu. 1832-ci ilin yazında isə Çeçenistanın içlərinə doğru səfərlər həyata keçirdi, Vladiqafqaza hücum etdi, Nazran şəhərini muhasirəyə aldı. Ancaq Ruslar Qazi Məhəmməd liderliyində üsyan edən dağlıları, Gümrü muharibəsində məğlub etdilər və o, öldürüldü, silahdaşı və dostu Şamil isə yaralandı. 

Qazı Məhəmməddən sonrakı iki il ərzində dağlılar azadlıq mücadiləsini davam etdirdilər. Bu dəfə onlara Həmzət bəy liderlik edirdi. Ancaq ona qarşı daxildə böyük bir cəbhə vardı və bunlar da Dağıstan bölgəsinin xanları, feodalları idi. Həmzət Bəy, 1834-cü ildə Xunzaqı ələ keçirdi və Avar xanlarının ailəsini öldürdü. Fəqət onun da imamlığı (rəhbərliyi) qısa çəkdi. 15 may 1834-cü ildə Həmzət bəy öldürüldü.

Şeyx Şamil hərəkatı

 

  Həmzətin ölümündən sonra Dağıstan və Çeçenistandan gəlmiş xalq və ruhanilər, Araktau adlı yerdə, Şamili özlərinə imam seçdilər. Əslində tarixlərin qeyd etdiyinə görə Şamil uzun bir müddət imamlığı qəbul etmədi, ancaq xalqın təkidli xahişləri nəticəsində razılıq verdi. O zamandan etibarən Şamil 25 il ərzində dağlıların imamı olaraq din və azadlıq uğrunda mübarizə apardı.

Şamilin imamlığı ilə bərabər müridizm dayanıqlı, hərbi və siyasi bir mərhələyə keçdi. Şamil yalnız Dağıstan və Çeçenistanın deyil, eyni zamanda bütün Şimali Qafqazın tanınmış və irəli gələn siyasi rəhbərinə çevrildi. Onun cihadı davamlı bir şəkildə yeni xalqlar tərəfindən dəstək gördü. Belə ki, İnquşlar, Balkarlar, Karaçaylar, Abxazlar və digər Qafqaz xaqları Ruslardan qurtulmağın yeganə yolunu Şamildə görür, onun hərəkatına dəstək verirdilər.

Şamil 1797-ci ildə Dağıstanın Nimri aulunda anadan olmuşdu. Bu bölgədə ümumiyyətlə avarlar yaşayırdılar. Şamiliin əsl adı Əli idi. Uşaqlıqda tez tez xəstələndiyinə görə valideynləri ona Şamil adını verdilər. Ilk təhsilini müxtəlif müəllimlərdən aldıqdan sonra, Dağıstanın məşhur alimlərindən şəriət dərslərini öyrəndi. 20 yaşında dağlı müridlərin azadlıq üsyanına qatılan Şamil, qısa zamanda zəkası və bacarıqları ilə Qazı Məhəmməd və Həmzət bəyin yaxın silahdaşlarından biri oldu. Onun bir sıra qəhrəmanlıqları, xalqın gözündə dəyərini və hörmətini daha da artırdı. Qazı Məhəmmədin öldürüldüyü muharibədə ağır yaralanan Şamil, təqiblərdən canını qurtara bildi. 3 ay içində yarası sağaldı və o bu dəfə ikinci imamla çiyin çiyinə yenidən savaş meydanlarında göründü. Imamlıq vəzifəsinə seçildikdən sonra isə, sürətlə ətrafına adamlar toplamağa başladı, xüsusi ilə Koysubulin bölgəsinin xalqını öz tərəfinə çəkdi.

Ətrafına toplanan müridlərin çoxluğuna güvənən Şamil, imamətinin dağlıq Dağıstanda da qəbul edilməsi niyyəti ilə Xunzaqı ələ keçirməyə çalışdı, amma müvəffəq ola bilmədi. Xunzaqın müdafiəsini təşkil edən Hacı Murad, Şamil qüvvələrini geri püskürtdü. Andalala qayıdan Şamil, çevrəsindəki aulları özünə tabe etməyə çalışdı. Bu sırada Şamil ordusunun gündən günə böyüdüyünü və inkişaf etdiyini görən Rus komandanlığı, bəzi aulların müdafiəsini gücləndirmək məqsədi ilə onlara ordusu ilə kömək etdi.

    1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu Ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.

Qafqaz komandanlığı, Şamil yaxalanmasa da Axulqonun ələ keçirilməsini, dağlı müqavimətinin qırılması olaraq görürdü. Ancaq onlar yanılırdılar, çünkü Axulqoda qazandıqları zəfər, dağlı xalqlarının üsyanını sonlandırmadı.

Dağlı üsyanının ikinci mərhələsi 1840-1850-ci illəri əhatə edir ki, bu dönəmdə dağlılar çox önəmli qalibiyyətlər əldə etdilər. Belə ki, Şamil öndərliyindəki dağlıların hərbi əməliyyatları nəticəsində 12 Rus istehkamı ələ keçirilmiş, Çar qüvvətləri bütün Avar və Çeçen ərazilərindən qovulmuşdu. Üstəlik bu dönəmdəki muharibələrdə yalnız Qafqaz dağlıları deyil, eyni zamanda Rusiyadan və Ukraynadan gələn könüllü əsgərlər də iştirak etmişdilər.

Şamil, əsir düşsələr belə Rus əsgərlərinə qarşı çox mərhəmətli davranırdı. Ruslar, Vedenoda top və artelleriyanı dağlılara öyrətmiş, bəziləri İslam dinini qəbul edərək evlənmiş və əbədi olaraq dağlılar arasında yaşamışdılar. Hətta Xristian inancına görə yaşamaq istəyənlər üçün Vedenoda bir kilisə də tikilmişdi. Xüsusi ilə 1845-ci ildə Darqo bölgəsində Çar ordusuna qarşı muharibədə, bir çox Rus könüllü əsgəri müridlər səfində Ruslara qarşı savaşmışdı.

Şamil öndərliyindəki dağlılar əsas qalibiyyətlərini 1840-1842-ci illər arasında aldılar. Çar qüvvələrinə qarşı qazanılan zəfərlərlə, İçkeriya, orta və cənubi Dağıstan bölgələri Şamilin hökmü altına keçdi. 1843-cü ildəki (avqustdan dekabra qədər) hərbi əməliyyatlarda Çar ordusu, rəsmi rəqəmlərə görə 92 zabit, 2528 əsgər, 12 istehkam itirmişdi.

Dağlıların zəfərləri getdikcə Çar hökümətini qorxuya salırdı. Ordunun istəksizcə vuruşması elə bir hal almışdı ki, I Nikolay 1844-cü ildə çarə olaraq Qafqaz ordularının başına general leytenant Vorontsovu təyin etdi. Ancaq onun da Darqoya hücumu həzimətlə nəticələndi. Rəsmi qeydlərə görə, bu hərbi səfərdə Ruslar 4 general, 168 zabit, 3433 əsgər itirdilər. Ruslar özləri də bu muharibəni, dağlıların ən böyük zəfərləri olaraq adlandırdılar. Beləliklə, 1840-lı illərdə Şamil öndərliyindəki dağlı üsyanı özünün ən möhtəşəm illərini keçirmişdi. Artıq Şamilə aid ərazilər gündən günə genişləyirdi, demək olar ki, bütün Dağıstan, Çeçenistan və İnquşetiya müridlərin hakimiyyəti altına keçmişdi.

Şamil bu zəfərlərdən əldə etdiyi güclə hökmü altındakı ərazilərdə bir sıra reformlar həyata keçirməyə başladı. Öncə dildən başladı, çox dilli Dağıstan dillərini Ərəbcə ilə dəyişdirdi, eyni zamanda bütün yazışmaların Ərəb dilində aparılmasına qərar verdi. Daha sonra dövlət ərazilərində şəriət qanunlarına görə hökm ediləcəyini bildirdi, əraziləri bölgələrə ayırdı, bölgələrə da naibləri (müavinləri) başqan təyin etdi. 1841-ci ildə Divanxana (bir növ məclis) təsis olunaraq, Şamilin ən yaxın adamları bu məclisin üzvləri seçildi. Məclis cümə günündən başqa hər gün toplanırdı. Məclisdə dövlətin hər sistemi haqqında müzakirələr aparılırdı. Məclisə Şamil başqanlıq edirdi və onun qərarı həll edici rol oynayırdı.

Şamilin ordusu 50-60 min nəfərdən ibarət idi. Ordunun gerbi, bayrağı və nişanları hazırlanmışdı. İmamət dövlətinin paytaxtı öncə Axulqo, 1840-cı ildən sonra isə Darqo, daha sonradan Vedeno olmuşdu.

1850-ci illərdən başlayaraq Çarlıq, davamlı, ama inadlı bir şəkildə dağlılara qarşı mücadiləni şiddətləndirirdi. Vəziyyətin getdikcə mənfiyə doğru dəyişdiyini görən Şamil, yaxın bölgə ölkələrinin liderləri ilə irtibat qurmağa çalışırdı. Xüsusi ilə Krım muharibəsində Şamil, öz davasına fayda olması üçün Türk generalları ilə əlaqə qurmağa can atdı, Ruslara qarşı muharibə aparan gücləri birləşdirməyə çalışdı. Lakin bu işdə müvəffəq ola bilmədi. 1854-cü ilin noyabrında Türk ordu komandiri İbrahim Paşaya məktub yazdı, türk ordusu ilə dağlı qüvvələri birləşdirməyə çalışdı. Fəqət buna da nail ola bilmədi.

1853-cü ildə Arqutinski komandanlığındakı Çar ordusu Turçi Daqa yüksəkliyindən keçərək Ləzgi ərazisinə girdi. Ertəsi il general Vrangel orduları, dağlıları Arqunda məğlubiyyətə düçar etdi. Bütün bu məğlubiyyətlər Şamilin gücünü bir xeyli zəiflətdi. 1856-1857-ci ili Şamil Arqunda keçirdi, ancaq ertəsi il həm Arqunu, həm də kiçik Çeçenistanı tərk etməyə məcbur oldu. Sonrakı iki il ərzində Çar ordusu bütün Çeçenistana hakim kəsildi.

1859-cu ilin Avqustunda Çar ordusu, general Baryatinski komandanlığında Çeçenistandan keçərək Dağıstan ərazisinə girdi. Demək olar ki, bütün avar aulları Rus ordusuna dəstək verirdi. Şamil yanındakı 400 müridi ilə Gunib auluna çəkildi. Burada müqavimət göstərməyə qərar vermişdi. 16 Avqustda polkovnik Lazarev Şamillə görüşmək üçün Gunibə gəldi. Rusların şərtləri belə idi ki, Şamilə azad çıxış təmin edilərək Məkkədə yerləşməsi təmin olunacaq, ya da Türk soltanından icazə alınaraq Türkiyədə yaşaya biləcəkdi. General Baryatinski Şamilin şəxsən gəlib danışıqlarda iştirak etməsini xəbər göndərdi. Şamil ona, “Biz sizdən sülh istəmirik və heç bir vaxt da sizinlə barışmayacağıq. Sizdən yalnız azad çıxış üçün yol vermənizi tələb edirik. Əgər yol versəniz yaxşı olacaq, yol verməsəniz, Allaha ümid bəsləyəcəyik. Çünkü o hamıdan və hərkəsdən güclüdür.” cavabını göndərdi.

Fəqət aul Rus ordusu tərəfindən muhasirəyə alındı, Şamilə təslim olmaqdan başqa çıxış yolu qalmamışdı. Şamil əsir düşdükdən sonra Çar höküməti ona səmimi münasibət göstərdi, uzun bir müddət Kaluqa şəhərində sürgün yaşadıqdan sonra ona ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına getməyə izn verildi. Bu səyahət əsnasında Şamil 1872-ci ildə Mədinə şəhərində vəfat etdi.   

Mənbə: "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti



Создан 19 апр 2014



  Комментарии       
Всего 1, последний 2 года назад
Ruslan2336 11 авг 2015 ответить
Regionlarımızda belə dəyərli elm adamlarımızın olması çox sevindiricidir. Belə insanlara həmişə dəstək olmalıyıq.
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi