KRIMDA 20 GÜN





Yaxın vaxtların söhbətidir. 2010-cu ilin əvvələrində Şəki Regional Elmi Mərkəzinin növbəti iclaslarından biri keçirilirdi. Professor, tanınmış iqtisadçı alim Qüdrət müəllim əməkdaşlarımıza belə bir müraciət etdi. Necə bilirsiz, iki ildən sonra dahi dramaturq, filosof alim,  görkəmli dövlət xadimi Mirzə Fətəlinin anadan olmasının 200 illiyinə bir şey hazırlaya bilərikmi?.. Təklif ətrafında müzakirələr başladı və hamı belə əlamətdar bir hadisənin yüksək səviyyədə keçirilməsinin vacibliyindən danışdı.

        Mən isə öz təklifimdə tədbirə Tiflisdən başlanmasının vacibliyini qeyd etdim. Demək olar ki, öz tədqiqatlarının yarıdan çoxunu Şəkiyə, onun tarixinə,  görkəmli alim Salman Mümtaza həsr etmiş çox hörmətli professor Ədalət müəllim Tiflisə getmək təklifini məmnuniyyətlə öz öhdəsinə götürdü. Beləliklə, iki həftəlik Tiflis səfəri, arxivlərdə, muzeylərdə böyük mütəfəkkirin uyuduğu qəbristanlıqda, Tiflis müsəlman məscidində çoxsaylı fotolar və yazılar iki aydan sonra Ədalət müəllim tərfindən elmi şuraya təqdim olundu. Yubileyə yeni məlumatlarla zəngin, yaxşı bir kitab nəşr edildi. Nədənsə, haradansa bu müzakirələr zamanı elə bil dahi dramaturqun Şərq poeması və həmin poemanın son sətirləri gözlərim önündə dayandı, silinmədi, getmədi: 
                    Get əziz şairim, ey dərdə salan dünyanı, 
                    Sənə gül göndərəcək “Bağçasaray fontanı”.
                    Ey Səbuhi, qoca Qafqazda bitən gülləri dər, 
                    Yaralı şerinə qat, Puşkinə göndər, göndər. 


        Ona qədər də Şəkinin, Bağçasaraya bənzəməsi barədə və bu haqda o vaxtlar Şəkidə hərbi xidmətdə olan böyük şairin yaxın dostu Rayevskinin ona Bağçasarayda yaşadığı vaxtlar ünvanladığı məktub və bu məktubda"Şəkidəyəm, bura yaşıllığa qərq olmuş bir səhər, bir qədər böyüdülmüş Bağçasaray”dır ifadələri məni öz cazibə dairəsinə çəkdi. Elə 2013-cü ilin avqustunda çoxdan arzuladığım səfər baş tutdu, Bağçasaray və Saki ilə əlaqəıərimiz yarandı. 
        Professor Ədalət Tahirzadənin qeyd etdiyi kimi biz ötən il avqustun 26-dan sentyabrın 16-dək Ukraynada - Krımda olduq. Məqsədimiz bu əski Türk yurdunda qədim qan qardaşalarımızın yaratdığı mədəniyyətlə tanış olmaq və onların bu günkü varislərinin durumunu öz gözlərimizlə görmək idi. 
           Tarixdən bəllidir ki, bizim 2700 yaşlı Şəkimizin özülünü qoyanlar əski saklar(iskitlər/skiflər) olub. Krım da əsasən, sakların məskəni olub və orada da Saki şəhəri var. “Şəki” də, “Saki” də öz adlarında sakları yaşadır. 
           Bunlardan başqa, Şəkinin Krımla, özəlliklə onun əski baş şəhəri Bağçasaray və Ağməscidlə (Simferopolla) mədəni-ticarət əlaqələri olub. Bizi Krıma çəkib aparan daha çox bu amillər idi. 


        Səfər əsnasında Krımın Ağməscid (Simferopol), Bağçasaray, Yalta, Livadiya, Saki, Gözləy (Yevpatoriya), Aluşta və b. şəhərlərində olduq, bu yerlərdə türklərin yüzillər boyunca yaratdığı tarixi abidələrlə tanış olduq, yerli əhali ilə görüşüb söhbətlər etdik. “Yerli əhali” dedikdə əlbəttə, hamıdan öncə, özlərini “Krım tatarları” adlandıran, ancaq böyük mütəfəkkir İsmayıl bəy Qaspıralının (1851-1914) “Krım Türkləri” dediyi qan qohumlarımız nəzərdə tutulur. Qədim çağlarda bu torpaqda ən müxtəlif etnoslar bir-birini əvəzləsə də orta əsrlərdə buranın şəksiz ağası həmin Türklər olub, bütün Krım Bağçasaraydan - möhtəşəm Krım xanlarının sarayından idarə edilib. Krım xanlarının hakimiyyəti yüzillər boyunca davam edib. Onlar Osmanlı dövləti, Azərbaycan, Rusiya və Avropa ilə geniş əlaqə saxlayıblar. Bu gün Azərbaycanda mövcüd olan “Gəray” adı, “Gəraybəyli” soyadı heç şühhəsiz, Krımdakı Gəray xanlarının adı ilə bağlıdır. 
        Qızıl Orda dövləti parçalandıqdan sonra XV yüzildən müstəqil xanlıq kimi tarix səhnəsinə çıxan Krım xanlığı XVI yüzildən Bağçasarayı özünə paytaxt edib. XVIII yüzildə buradakı xan sarayı öz gözəlliyi ilə hətta İstanbul və Bağdadın bəzi dədbəbəli sarayları ilə yarışa girib. Ancaq 1736-cı ildə rus ordusu Bağçasarayı tutduqdan sonra Krımda Türk-müsəlman mədəniyyəti zəifləməyə, burada ciddi demoqrafik dəyişilk getməyə başlanıb. II dünya savaşında Stalinin əmri ilə Krım Türklərdən, demək olar ki, tamamilə təmizlənib. Bu yerli xalq Orta Asiyaya və Sibirə sürgün edilib. 1980-ci illərin sonu 1990-cı illərin başlanğıcından Krım Türkləri yavaş-yavaş ana yurdlarına dönməyə başlayıblar. Ötənilki səfərimizdə biz yuxarıda sadaladığımız şəhərlərdə artıq onların ata-baba ocaqlarını tüstüləndirməyə başladıqlarını gördük. Bu gün onların Krımın paytaxtı Simferopolda Mustafa Kırımoğlunun başçılıq etdiyi Krım Tatar Milli Məclisi var. 
Zəkəriyyə ƏLİZADƏ

BAĞÇASARAYDA 

        Bu şəhərdə ilk dəfə olduq. Hər şeydən öncə, Türk dünyasının böyük öğlu İsmayıl bəy Qaspıralının ev muzeyini görmək istəyirdik. Şəhərə ilk gəlişimiz də bu muzeylə bağlı oldu v
ə biz yaxınlıqdakı Xan sarayına getdik. 
        Bu başdan qeyd edək ki, vaxtilə olduqca geniş ərazini tutan və möhtəşəm tikililəri ilə Asiyanı və Avropanı heyrətə qoyan sarayı rus odusu 1736-cı ildə yandırıb. Onun cənnətə bənzər bağlarındakı ağaclar da şəhərin əhalisi ilə bərabər qırılaraq məhv edilib. 10-15 il öncə TİKA-nın (Türkiy
ə İşbirliyi və Kalkınma Ajansı) təşəbbüsü ilə burada Türkiyədən gələn mütəxəssislərin apardığı ciddi bərpa işlərindən sonra həm xan sarayının bütün kompleksi, həm də ümumən Bağçasaray ərazisindəki bir çox abidələr ilkin görkəminə qaytarılıb və onlar indi həvəskar turistləri cəlb etməkdədir. Ancaq çox təəssüf ki, Bağçasaray şəhəri Krımın turizm xəritəsinə salınmayıb. 
        Bağçasaray sanki Allahın əli ilə yaradılmış iki möcüzəli təbii qala divarlarının arasında yerləşir. Bu təbii qalalar, demək olar ki, başdan-başa sal daşlardan ibarət alçaq, ancaq uzun dağlardır. Krımın ağaları olan Türklər bu keçilməz iki dağın arasını özləri üçün idarə mərkəzi seçiblər və buradan Krıma hökmranlıq ediblər. 
        Xan sarayı hətta indiki durumunda da gözəlliyi ilə insanı valeh edir. Möhtəşəm darvazadan içəri girən kimi solda qədim Xan məscidi və bədii muzey, sağda isə xanların yaşayıb-çalışdığı imarətlər, hərəmxana, qarşıda isə gözəl bağça diqqəti çəkir. 
        Xan sarayı əski şəhərin mərkəzində, Çürüksü çayının vadisində yerləşir. Bu sarayın və paytaxtın özülünü Menqli Gəray xan (1467-1515) qoyub. 
        Müharibələr zamanı saray tağlarının istər divarlarındakı, istərsə də tavan və döşəmələrindəki, qapı və pəncərələrindəki naxışların çoxu məhv olub getsə də yerdə qalan və bərpa edilən hissələr gözəlliyi ilə göz oxşayır. 
        1820-ci ildə bu sarayda olmuş rus şairi Puşkin buradakı Səlsəbilin (“Göz yaşı fəvvarəsi”nin)gözəlliyinə heyran olaraq özünün məşhur “Bağçasaray fontanı” poemasını yazıb. Qeyd edək ki, ağ mərmərdən hazırlanmış bu fəvvarə Krım Gəray xanın sevimli arvadı Dilarə Bikəçin xatirəsinə ucaltdığı bir məhəbbət abidəsidir. 

        4 hektardan artıq olan saray həyətində vaxtilə xan qoşunları paradlar keçirib. Həyətin sol tərəfində Xan məzarlığına keçid var. Burada Krım xanlarının ailə üzvləri dəfn edilib. Doğrudur, xanların bəziləri Bağçasarayda Salaçik dərəsidə, Əskiyurtda və başqa yerlərdə dəfn edilsələr də Xan məzarlığındakı qəbirlər böyük bir kompleksdir və Bursadakı sultan qəbiristanlığını xatırladır. Bu məzarlıqda 106 qəbir var. Onların böyük əksəriyyətinin üstündə mərmərdən sinə daşları
(sənduqələr) və başdaşları ucaldılıb. Həm sinə daşlarında, həm də başdaşlarında oyma üsulu ilə ərəb dilində gözəl xətlə qısa tərcümeyi-hallar yazılıb və mənalı naxışlar çəkilib. Biz bunların əksərinin fotolarını çəkdik. Burada ədəbi uyuyan şərəfli insanlardan - Krımın gerçək ağalarından bəzilərinin adlarını xatırladaq: Mahmud Gəray sultan, Dövlət Gəray sultan, Əzəmət Gəray sultan, Menqli Gəray sultan, Bahadır Gəray sultan, Arslan Gəray xan, Krım Gəray xan, Adil Gəray Sultan, Məhəmməd Gəray xan, Toxtamış Gəray sultan, II Menqli Gəray xan və b. Açığını deyək ki, Azərbaycanın heç bir yerində (Şəkidən başqa) xan ailəsi üzvlərinin bu qədər çox və günümüzədək qayğı ilə qorunub saxlanılmış məzarlığı yoxdur. 
        Biz Salaçik dərəsində də olduq. Orada qardaş Türkiyə ustalarının əli ilə yenidən həyata qaytarılmış ilk Krım xanlarının məqbərəsini, Zincirli mədrəsəni, Krım və ümumən dünya Türklərinin ən böyük şəxsiyyətlərindən olan İsmayıl bəy Qaspıralının və krımlıların böyük oğullarından Mustafa Edige Kırımelin məzarlarını ziyarət etdik. 
        Yeri gəlmişkən, Sankt-Peterburqdan gəlmiş köhnə dostlarımız Məhəmməd və onun yoldaşı Almira Tahircanovlar da bu səfərdə bizimlə idi. Oxuculara bildirək ki, professor Məhəmməd Tahircanovun ana babası vaxtilə Məhəmməd 
Əmin Rəsulzadəni Peterburqdan Finlandiyaya qaçırmış məşhur tatar ilahiyyatçısı Musa Bigiyevdir. Almira xanım isə Peterburqdakı müsəlmanların həyatını öyrənir. Onun Azərbaycanla da bağlı dəyərli araşdırmalar nəşr edilib. Almira xanım yenicə çapdan çıxmış“Müsəlmanlar Peterburqun həyatında və mədəniyyətində (XVIII-XIX əsrlər)” adlı dəyərli kitabını bizə bağışladı. Burada Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Hüseyn xan Naxçıvanski haqqında da geniş söz açılıb. 

        Bağçasaraya ikinci gəlişimizdə Ismayıl bəy Qaspıralının ev muzeyində olduq. 
Bu zaman Türkiyənin TRT kanalından da çəkilişə televiziya əməkdaşları gəlmişdilər,Tahircanovlar da burada idi. Maraqlı bir durum yarandı – biz muzey əməkdaşlarıyla ana dilimizdə danışır və bir-birmizi çox gözəl anlayırdıq, ancaq Türkiyədən gələn kameramanlar bizim danışığımızda bir çox sözləri başa düşmədiklərinə görə onlara tərcümə etməli olduq, başqa sözlə, Krım Türkləri bizim türkcəni daha yaxşı başa düşürlər. 

        Bəlli olduğu kimi. İ.B.Qaspıralı maddi baxımdan çox zəngin olub. Onun geniş torpaqları və bir neçə mülkü varmış. İndi muzeyin yerləşdiyi bina onun öz vəsaitiylə tikdirib məktəbə çevirdiyi binadır. Ancaq lap yaxın zamanlaradək burada bir neçə qeyri-müsəlman ailə yaşayıb və onların buradan çıxarılması heç də asan olmayıb. Muzeyin direktoru Yaqub Abbas o binanı necə boşaldlmasının və muzeyə çevrilməsinin tarixçəsini danışdıqca özünü də bizi də gülmək tuturdu... 
        Yaqub bəyin otağında İ.B.Qaspıralının “Tərcüman” qəzeti dövründən qalmış əski çap maşını yerləşir, onun da üstündə çoxlu şriftlər və “Tərcüman” qəzetinin ayrı-ayrı nüsxələri qalaqlanıb. Oxuculara xatırladaq ki, sonralar Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş tələbə Nəsib bəy Yusifbəyli (1881-1920) İ.B.Qaspıralının qızı Şəfiqə xanımla (1886-1975) ailə qurub, bir müddət Bağçasarayda yaşayıb və “Tərcüman” qəzeti il
ə əməkdaşıq edib. Yaqub bəy, muzeyin əməkdaşları Elmira və Selvina xanımlar da muzey haqqında bizə, Türkiyədən və Peterburqdan gələn qonaqlara geniş bilgi verdilər, muzey otaqları ilə tanış etdilər. Burada İsmayıl bəyin özünə məxsus bir çox ev əşyaları qorunub saxlanır. Otaqların bərpası Türkiyəli bərpaçıların əlindən çıxıb. 
        Yaqub Abbas bəy Azərbaycanı ürəkdən sevən insandır. O, Azərbaycan muzeyləri və özəliklə Elmlər Akademiyası ilə əlaqələrin genişləndirilməsini çox arzulayır. 
        Özümüzdən bunu deyə bil
ərik ki, maddi imkanları zəif olduğuna və yardıma ehtiyac duyduqlarından, Azərbaycan tərəfinin Qaspıralı ilə bağlı ölkəmizdə keçirilən bütün tədbirlərə bu ev muzeyinin əməkdaşlarını dəvət etməsi və həmin muzeyin inkişafına əməli yardım göstərməsi əsl qardaşlıq nümunəsi olar. 
        Bağçasaray bu gün yeniden Krım Türklərinin ata yurduna çevrilməkdədir. Burada hətta yeni tikilən restoranlar da əski xan saraylarına bənzədilir. Şəhər gündən-günə xarabalıqlardan təmizlənir, abadlaşır və “özünə dönür”. Bu şəhərdən ürək dolusu sevinclə və qürurla ayrıldıq. 

SAKİDƏ 

        Bağçasaray Ağməsciddən günbatanda yerləşirsə, Saki bu şəhərin gündoğanında, ondan təxminən 50 km aralıdadır. Qara dənizin sahilində yerləşir. Təxminən Şəki boyda şəhərdir. Adını dediyimiz kimi, qədim saklardan götürüb. Bura da əski türk yurdudur. 
        Öncə Sakinin tarix muzeyinə yollandıq. Direktor işdə olmadığından, bizi onun müavini Xalidə xanım qəbul etdi. O, Krım türküdür. Bizi muzeylə tanış etdi. Öncə saklar dövrünü əks etdirən zalı gəzib antik çağla bağlı bir çox eksponatla tanış olduq. 
        Xalidə xanımın təşəbbüsü ilə burada Krım türklərinin mədəniyyətinə aid ayrıca otaq yaradılıb. Bu otağı görəndə adamın ürəyi açılır. Türklərin məişəti, adət və ənənələri ilə bağlı çoxlu eksponatlardan başqa, ikinci dünya müharibəsində iştirak etmiş Krım türklərinə aid guşə də çox maraqlıdır. Xalidə xanım, eləcə də Krımda söhbətləşdiyimiz bütün türklər iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan qırıcı-təyyarəçi Ametxan Sultandan (1920-1971) böyük iftixarla danışırlar.Sinəsində iki “Qızıl ulduz”, üç “Lenin ordeni”, iki “Qırmızı əmək bayrağı” ordeni və başqa bir çox təltifləri olan ikiqat Sovet İttifaqı Qəhrəmanı müharibədən dönüncə ana yurdundan bütün soydaşlarının sürgün edildiyini görüb və özünə də burada yaşamaq “məsləhət görülməyib”. 1956-cı ildə o, Krım türklərinə bəraət verilməsi üçün SSRİ-nin yüksək hakimiyyət orqanlarına məktub yazıb. 
        Muzeylə tanışlığımız bitən ərəfədə direktor Marina Vladimirovna Zadorojnaya da gəldi.Onunla da söhbətimiz çox maraqlı və işgüzar alındı.Olduqca səmimi bir insan olan Marina xanım Şəki ilə əməkdaşlığa böyük həvəs göstərdi və birgə əməkdaşlıq protokolu imzalamağa məmnuniyyətlə hazır olduğunu bildirdi. 

Saki şəhəri ilə bağlı bir neçə maraqlı məqamı burada qeyd etmək istərdik.
        Birincisi, bu şəhərdə dünyaşöhrətli iki sanatori var. Onlardan biri – Burdenko adına sanatori sümük və onurğa xəstəlikləri üzrə dünyada ən qabaqcıl müalicə ocaqlarından sayılır. Buna görədir ki, şəhərin küçələri oraya müalicə üçün əlil arabasında gedib-gələn xəstələrlə doludur. Azərbaycandan və başqa yerlərdən bir çox ailələr müalicədən ötrü dalbadal 5-10 il gəldikdən sonra axırda burada tam məskunlaşmağı qərara alıblar. 
        İkincisi, burada Azərbaycandan gəlmiş 20-yə yaxın ailə artıq birdəfəlik yaşayır. Onlardan birinin nümayəndəsi olan qarabağlı Faiq Hüseynovla təsadüfən ona məxsus “Manqal” kafesində tanış olduq. O və qardaşı bu şəhərdə 3 böyük kafe işlədirlər, maddi durumları əladır. Dəyib-dolaşan da yoxdur. Faiq bəy bizi Bakı nömrəsini dəyişmədiyi “Mersedes”ində (şəhərin içində bu maşınını, şəhərdən qıraqda Ukrayna nömrəli Cipini sürür) Sakinin məscidinə apardı və həm məscidlə, həm də Türkiyənin dərsxanasıyla tanış etdi. 
        Üçüncüsü, burada başqa millətlərin müsəlmanlığı qəbul etdiyini gördük. Məsələn, maşınına əyləşdiyimiz taksinin rus olan sürücüsü adının Əli olduğunu, özünün və bütün ailə üzvlərinin islamı qəbul etdiyini dedikdə öncə inanmadıq, ancaq o, rus ləhcəsi ilə “Fatihə” və “İxlas” surələrini söylədikdə heyrətimizi gizlədə bilmədik. Şəhərdə bundan sonra yalnız onun taksisində gəzdik. 
        Sakidən bir neçə km aralıda Krımda bənzərsiz Kara-töbe (“Qara təpə”; e.ə. IV əsr – b.e. I əsri) yunan – sak şəhərciyi yerləşir. Burada arxeoloji qazıntılar nəticəsində əski şəhərin qalıqları üzə çıxarılıb və qazıntı rayonunda gözəl bir tarixi muzey yaradılıb. Kara-töbənin elə özü və adı bu torpaqların Türklərə məxsusluğunu göstərir. 

GÖZLƏVDƏ 
(Yevpatoriyada) 

        Bu şəhər Qara dənizin lap kənarında yerləşir. Yol boyu kilometrlərcə uzanan çox gözəl və təmiz çimərliyi var. Yayın istisində bu çimərliyə gəlmiş avtomobillər muncuq kimi sıralanıb. 
        Bu şəhərdə bizi cəlb edən iki başlıca ocaq oldu. Onlardan biri XV-XVII yüzillərə aid tarixi–memarlıq abidəsi olan Dərviş təkyəsidir. Doğrudur, bura etnoqrafiya muzeyinə çevrilib, ancaq həyətindəki XVII yüzilə aid Cümə camesi xaraba vəziyyətindədir. Buna baxmayaraq, vaxtilə dərvişlərin təkyəsi olmuş bina bərpa edilib. Indiyədək filmlərdə gördüyümüz təkyəni ilk dəfə öz gözlərimizlə görürdük. 


        Gözləvdə tanış olduğumuz ikinci abidə buradakı Xan camesidir.
 1555-ci ildə Krım xanı Dövlət Gəray xanın tikdirdiyi bu came bütün Krımda ən hörmətli müsəlman dini tikilisi sayılır. Bunun başlıca səbəbi ondadır ki, Krım xanları Osmanlı sultanından xanlıq fərmanı aldıqdan sonra Krıma dönərkən ilk dəfə bu camedə xan elan ediliblər və yalnız bundan sonra Bağçasaraya gedərək xanlıq ediblər. 

        Son illərdə Türkiyə memarları bu cameni də gözəl bərpa edərək ona ikinci həyat veriblər. Çox təəssüf ki, burada came haqqında yazılmış heç bir ədəbiyyat tapa bilmədik, halbuki, indiyədək getdiyimiz hər yerdə cürbəcür kitablar, bukletlər, açıqçalar satılırdı. 
        Görünür, cameni idarə edənlər təbliğat işinin önəminə diqqət yetirməyən insanlardır.

LİVADİYADA 

        Lividiya qəsəbəsi Yaltadan 7-8- km günbatanda yerləşən eyniadlı sanatori şəhərciyi ilə məşhurdur. Buranın ən mühüm özəlliyi odur ki, çar ailəsi həmişə yayda buraya gələrək Rusiyanı buradan idarə edib. Çarın Livadiyadakı sarayı Peterburqdakı Qış sarayı qədər önəmli olub.         Stalin, Ruzvelt və Çörçill müharibənin taleyini həll edən Yalta konfransını 1945-ci ilin 4-11 fevralında Qara dənizin lap sahilində yerləşən bu olduqca səfalı sanatori ərazisindəki həmin Livadiya sarayında keçiriblər. Almanları çaşdırmaq üçün görüşün Yaltada keçiriləcəyi elan edilib, ancaq çox gizli şəkildə Yaltadan aralıdakı Livadiyada gerçəkləşib. Tarix ədəbiyyatında “Yalta konfransı” adlandırılan toplantı əslində Livadiya konfransıdır. 
        Krıma gələn bütün turistlər ilk növbədə Livadiya sarayını görmək istəyirlər. Muzeyə çevrilmiş binanın ilk mərtəbəsi Krım konfransına həsr edilib. 3 dövlət başçısının əyləşdiyi stullar, arxasında oturduğu stollar, zalların quruluşu həmin dövrdə olduğu kimidir. Yuxarı mərtəbələrdə isə çar ailəsinin həyatı əks olunub. Çarın özünün, həyat yoladaşının və uşaqlarının hər birinin ayrıca otaqları var və hər otaqda da öz dövründə olan orijinal mebellər, qab-qacaq, rəsmlər, kitablar… qorunub saxlanılır. 
        Bu saray təxminən 11 müalicə korpusu olan məşhur “Livadiya” ürək sanatorisinin ərazisində yerləşir. Sanatorinin özü ilə maraqlandıqda, geniş reklamına baxmayaraq, burada xəstələrə qulluq səviyyəsinin hətta sovet dövrü səviyyəsindən də aşağı olduğunu öyrəndik. Sanatoridə nəinki müasir tibbi avadanlıqlardan əsər-əlamət yoxdur, hətta adicə internet şəbəkəsi belə qurulmayıb – İnternet
ə girmək üçün şəhərə getmək lazım gəlir… 
        Ancaq, öz aramızdır, buranın o qədər bol yaşıllığı və təmiz havası var ki, insan az qala həkimsiz də müalicə oluna bilər. Çox yüksəklikdə yerləşən sanatoridən çimərliyə enmək üçün ayrı-ayrılıqda iki lift işləyir… 

Son söz 

        Krımda olduğumuz bu 20 gündə gəzdiyimiz və gördüyümüz yerlər, söhbətləşdiyimiz insanlar bu qədim torpağın da Türklərin ana yurdu olduğuna bizi bir daha inandırdı. 
Əski babalarımız olan sakların yaratdığı mədəniyyətlə tanış olmaq çox xoş idi. Biz Krımda sanki doğma Şəkimizi gördük. 
        Burada yazılanlar yazmaq istədiklərimizin heç onda biri də deyl. Çox arzu edərdik ki, Milli Elmlər Akademiyamızın müxtəlif institutlarının əməkdaşları da buraya tez–tez baş çəksinlər. 
8 yanvar 2014-cü il 

Mənbə: əki bələdiyyəsi" qəzeti

 



Создан 21 фев 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi