"Baş həkim" pyesini yazan həkim




Lütfəli Həsənovun həyat və yaradıcılıq yolu 
 

Deyirlər, hər kəsə verilən qiymət onun xalqa verdiyi xeyirlə ölçülməlidir.Ancaq bütün həyatını xalqa sərf edib,onun mədəniyyətinin, səhiyyəsinin, ədəbiyyatının inkişaf etməsi uğrunda çalışan insanları unutmaq onlara deyil, bütövlükdə inkişafımızın təməli olan mədəniyyətimizə laqeyidlik olardı.Şəkinin elmi-mədəni həyatında böyük rol oynayan AMEA-nın Şəki Regional Elmi Məkəzi folklorumuzun və ədəbiyyatımızın tədqiqində və təbliğində önəmli fəaliyyət göstərir. Bu baxımdan Mərkəzin elmi-ədəbi araşdırmalar silsiləsindən olan, XXəsrin 50-70-ci illərində Şəkinin tibbi və ədəbi həyatında mühüm rol oynamış Lütfəli Həsənovun həyat və yaradıcılıq yolu ilə oxucularımızı tanış etmək istəyirik. 

Əgər XX əsrdə yazıb –yaratmış Şəki şair və yazıçılarını bir orduya bənzətmiş olsaq, yaradıcılığının məzmun və həcminə görə Lütfəli Həsənovu bu ordunun sərkərdəsi adlandırmaq olar.Çünki o, uzun illər ”Şəki fəhləsi” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə rəhbərlik etmiş, gənc ədəbi qüvvələrin formalaşmasında böyük xidmət göstərmişdir. 

Həyatı 

Lütfəli Əkbər oğlu Həsənov 1916-cı ilin may ayının 10-da Şəki şəhərində döğulmuşdur.O, 1931-ci ildə Şəki şəhər yeddiillik məktəbini bitirmiş, 1932-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə qəbul olunmuşdur.1937-ci ildə İnstitutu müvəffəqiyyətlə başa vuran gənc həkim Ağdaş rayonunda iki il həkim işləmiş, 1939-1947-ci illərdə fasiləsiz olaraq keçmiş Sovet ordusunun hərbi hissələrində zabit kimi çalışmışdır.Müharibədən sonra o, Polşa ərazisində olan Şimal Ordu qrupunun tərkibində xidmət keçmiş, Azərbaycanda Zaqafqaziya Hərbi Dairəsinin 11-ci Havadan müdafiə ordusunda xidmət etmişdir.Keçmiş Sovet İttifaqında “Vətən”ə olan sədaqətli xidmətinin əvəzi olaraq L.Həsənov antisovet təbliğatda günahlandırılaraq 1947-ci ildə hərbi tribunalın qərarı ilə 7 il müddətində siyasi məhbusluq həyatını başa vurduqdan sonra günahsız həbs olunması ilə bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyətinə aşağıdakı məzmunda məlumat yazmışdır:”Mühakimənin əvvəlində mən özümün müqəssir olmamağımı söylədim.Mən zabitlərin müşavirəsində sadəcə olaraq hərbi hissədəki çatışmazlıqları söyləmiş və hərbi hissənin komandirini tənqid etmişdim.Mənim müşavirədəki çıxışımdan sonra hərbi hissəyə Tbilisidən xüsusi komissiya gəlmiş və mənim iradlarım təsdiqlənmişdi.Tezliklə ölçü götürülmüş, mənzili olmayan zabitlər məzillə təmin olunmuş, onların məişət şəraiti yaxşılaşdırılmışdır.Mənim açıq tənqidimdən əvəz çıxmaq məqsədilə hərbi hissənin komandiri məni antisovet təbliğatı aparmaqda günahlandıraraq hərbi tribunala vermişdi. 

Gördüyümüz kimi, yazıçı 7 il günahsız olaraq məhbus həyatı yaşamışdı. O, məhbəsdə keçirdiyi dəhşətli günləri və günahsızlığını yaradıcılığının ən maraqlı nümunələrindən olan ”Məhbəsdə bir gecə” adlı şerində ifadə edərək yazmışdı: 


Gecə sakit, gecə uzun, yuxum gəlmir, yatmıram mən, 
Düşünürəm, tezmi, ya rəbb, qurtaracam məngənədən?. 
Həbsxana cəllad kimi mənliyimi çəkir dara, 
Qəlbdən qopan ah-nalədən yayılaraq uzaqlara. 
Azadlığım hanı deyir,aman, dostlar, mən yanıram, 
Tonqallara atılmışam, odlanıram,odlanıram. 
İndi mənim günahım nə, bir danışın, deyin mənə!, 
Düşmənəmmi söyləyin siz çox sevdiyim bu Vətənə?. 
Axı Vətən,el mənimdir,can vermişəm bu yollarda, 
Ömür vermiş, həyat vermiş,qan vermişəm bu yollarda. 
Bəs niyə, de salınmışam bu zülmətə, bu zindana?. 
Niyə məhbəs künclərində sızlayıram yana-yana. 


Lütfəli Həsənov bədii yaradıcılığa hələ tələbə ikən başlamışdır.Müxtəlif mövzuda yazmış olduğu seirləri 30-cu illərin ən nüfuzlu nəsrlərindən olan “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrində dərc olunmuşdur. Onun bu qəzetin səhifələrində “Qızıl Bakı” , “Gecənin təranəsi” kimi şeirləri və elmi məzmunlu məqalələri dərc edilmişdir.Yazıçının bitib tükənməz yaradıcılıq nümunələri həmçinin “Azərbaycan” jurnalında,”Azərbaycan gəncləri”, “Şəki fəhləsi” qəzetlərinin səhifələrində fasiləsiz dərc olunmuşdur.Məs: 50-60-cı illərin “Şəki fəhləsi” qəzetinin çox az buraxılışı ola bilər ki, orada “L.Həsənov” imzasına təsadüf edilməsin. Bu mətbuat orqanı yazıçı üçün əsil tribunaya çevrilmişdi.Yazıçı uzun illər bu qəzetin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə rəhbərlik etmişdi. 

Lütfəli Həsənovun şəfqətli, şəfalı həkim əlləri neçə-neçə xəstəyə can, həyat vermişdi.O,1953-cü ildən ömrünün sonuna (1976) qədər Şəki Sanitariya Maarif Evinin müdiri və Şəki Mərkəzi Xəstəxanasının daxılı xəstəliklər şöbəsində həkim – terapevt işləmişdi.Ədibin evində saxlanılan arxivində tibbin ayrı-ayrı sahələrinə dair yazmış olduğu onlarla məqaləsi diqqəti cəlb edir.Lütfəli Həsənov təkcə tibbi deyil, ensklopedik biliyə malik bir şəxsiyyət təsiri bağışlayır.O, zəngin mütaliəsi sayəsində dünya müdriklərinin kəlamlarından ibarət çoxlu sayda kəlam toplayaraq arxivinə daxil etmişdir. Onun müəllifliyi ilə 1971-ci ildə “Ürəklə söhbət” adlı yaddaş, 1967-ci ildə “Bizim iş təcrübəmiz” adlı metodik materiallar nəşr etdirilmişdir. 

Gözəl davranışı, zəngin biliyi sayəsində Lütfəli Həsənov dövrünün görkəmli adamları ilə dostluq və yaradıcılıq əlaqələri şaxlamışdı. Onun şəxsi arxivinin qiymətli materialları sırasında müasir poeziyamızın qüdrətli nümayəndəsi Bəxtiyar Vahabzadənin, həkim Ağabalanın, Cavanşirin, jurnalist Məhyəddin Abbasovun, şair İslam Səfərlinin və başqalarının məktubları da saxlanılır.O, 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir. 

Lütfəli Həsənov təkcə şair, nasir deyil, həmçinin istedadlı qələmə malik bir dramaturq kimi də tanınmışdır. Onun dram yaradıcılığında “Günəş”, “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Ölümə ölüm”, yaxud “Qardaş torpağında”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” kimi dram əsərləri mühüm yer tutur. Bu əsərlərdə Nuxa həkimlərinin həyatı,xalqlar dostluğunun tərənnümü, müharibəyə nifrət hissi, vətənpərvərlik və s. mövzular ön plana çəkilmişdir. 

Bitib tükənməz arzularla yaşayan, bu arzuların çiçəklənməsi üçün daim mübarizə aparan yazıçı 1976-cı ilin sentyabr ayının 4-də Şəkidə vəfat etmiş, “Çöl” qəbiristanlıqda dəfn olunmuşdur. 

Yaradıcılığı 

Lütfəli Həsənov XX əsr Şəki ədəbi mühitində dram yaradıcılığı sahəsində ən məhsuldar sənətkardır.Onun dram əsərləri bu yaradıcılıq sahəsi üzrə müasirləri ilə müqaisədə təkcə əsərlərinin çoxluğu deyil, həm də bədii dəyər, məzmun siqləti baxımından da fərqlənir.Dram əsərərlərini oxuduqca fikirləşirsən ki,yazıçı həqiqətən seçdiyi mövzunu, toxunduğu problemi tam mənada işləyə bilmişdir.Onun drtamaturji fondu zəngindir:Buraya “İntiqam”, “Dayaqsız adam”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Günəş”, “Ölümə ölüm”, yaxud “Qardaş torpağında”, “Qara eynəkli adam”, “Okeanın o tayında” kimi məzmun və mündəricə ehtibarilə bitkin əsərləri daxildir. 

Ədibin “İntiqam” pyesində hadisələr faşist düşərgələrinin birində cərəyan edir.Əsərdə dramaturq 200 nəfərdən artıq əsir qadının faciəsini- iki qadının: Xuraman və Elenanın şəxsində ümumiləşdirmişdir. Xuraman əsərdə komsomolçu, qorxmaz bir qız kimi təsvir edilir. O, rəfiqəsi Elena ilə faşist zabitləri Krauze və Şulsla yaxınlıq edərək onların ehtirasını boğazlarında qoyur və qulağında gizlətdiyi zəhərlə onları zəhərləyib öldürür. 

Əsər dərin vətənpərvərlik təsiri bağışlayır və dramaturq gestapo mühitində iki şəxsin həyatı fonunda hadisələri tam şəkildə oxucuya çatdırmağı bacarır. 

“Dayaqsız adam” pyesinin mövzusu kolxoz həyatına, kənd məişətinə həsr edilmişdir.Əsər tam relist müşahidələr əsasında yazılmışdır. 

Əsərin baş mənfi qəhrəmanı kolxoz sədri Mürşüdovdur. Özbaşınalıq, mənəm-mənəmlik onun həyat idealıdır. Mürşüdov köhnəlik qalığı kimi yeniliyi sevmir, kolxozun aqronomu, gənc, ali təhsilli mütəxəssis Bəxtiyarın kolxozun inkişafı və kolxozçuların rifahı naminə olan təkliflərini qulaqardına vurur. 

Mürşüdovun diqqətsizliyi ucbatından kolxozçular əmək intizamını pozur. Sədrin qızı Məlahət atasının bu özbaşınalığına dözmür.Onun bu məsələlərlə bağlı atasının müavini Bəxtiyara dediyi: “Qorxursunuz! Bu sədrə hörmət yox, pərəstiş və yaltaqlıqdır” sözləri Mürşüdovun iç üzünü açan vasitədir. 

Əsərdə Mürşüdov eyni zamanda qorxaq kimi təsvir edilir. O, gənc Bəxtiyarı öz yerinə göz dikməkdə günahlandırır, gecələr yuxusu ərşə çəkilir. Müəllif onu ayrı-ayrı surətlərlə rastlaşdıranda müxtəlif psixoloji vəziyyətlərdə verir. O, kolxozçular qarşısında özünün dediyi kimi “pələngə” bənzəyirsə, İstehsalat İdarəsinin yeni partiya rəhbəri Vəkilovun qarşısında müti qula çevrilir. O, Xəlilovun qəbulunda gənc aqronom Bəxtiyarın ünvanına böhtanlar yağdıraraq onu gözdən salmağa çalışır. 

Mürşüdov insafən kolxoz sədri olsa da, kolxozun əmlakını dağıtmayıb.Onun öz sözləri ilə desək “atadan qalan evdən başqa heç nəyi yoxdur”. Lakin o, dayaqsızdır.Əsil dayağı olacaq bir qüvvəni – xalqın dayağnı itirib.Əsərin sonunda oxucu onun maskalanmış siması ilə tanış olur.Vaxtilə kənddə tikilməsinin əleyhinə olduğu xəstəxana xəstələnərkən onun köməyinə çatır. O, artıq anlamışdı ki, köhnə iş üsulu ilə işləməyin vaxtı keçmişdir. Buna görə də, sədrlikdən çıxarılmaq yox, özü uzaqlaşmaq istəyir.Əsərin sonunda Mürşüdovun qızı,yeni fikirli aqronom Məlahət kolxoz sədri seçilir. 

Əsərin sonunda Mürşüdovun müəllifə dediyi sözlər böyük maraq doğurur: “ Siz yazıçısınız, uydurmalısınız.Get bala, get! Məni sakit burax! İllər keçər, qayıdarsan, mənim yaratdığım kolxozun nə hala düşdüyünü görərsən” . Maraqlı müraciətdir. Əsər 1964-cü ildə qələmə alınıb.Görəsən, bir tipin dilindən söylənmiş fikirlə Lütfəli Həsənov haradan bilirdi ki, zaman keçəcək, onun təsvir etdiyi çürük özüllü kolxoz sistemi dağılaraq yalnız tarix səhifələrində qalacaq. 

Əsərin müsbət surətləri sırasında kolxozun ilk partiya təşkilatının katibi Səlim, gənc aqronomlar Bəxtiyar və Məlahət mühüm yer tutur. Səlim əsərdə epizodik planda verilmişdir. O, daim Mürşüdovun haqsız danlaqları ilə üzləşir.Mürşüdov heç bir işdə onunla hesablaşmır. 

Əsərin müsbət qəhrəmanı olan Bəxtiyar Mürşüdovun qızı Məlahət xanımı sevdiyi üçün iki yol ayrıcında qalmışdır: O, Mürşüdovun səhvlərini üzünə deməkdə acizlik edir, onun nifrətini qazanmaq istəmir. 

Dramaturq pyesdə mühiti üçün xarakterik olan ara həkimi kimi bəlalı bir məsələyə də öz münasibətini bildirmişdir . Əsərdə bu ümumiləşdirmə ara arvadı Məsmənin üzərində aparılmışdı.Məsmə qarı öz yaramaz hərəkətlərini həyata keçirməkdə Mürşüdova arxalanır. Onun Mürşüdova isnadən: “Səni min yaşayasan. Bircə gün bu kənddə olmasan aləm bir-birinə qarışar. Gedək, a kişi, arxamızda Mürşüdov kimi dağ durur” sözləri oxucuda və tamaşaçıda ona qarşı nifrət hissi yaradır. 

Müəllifin Məsmə kimi surətlərə gülüşü epizodik surət olan Əlyəsənin dili ilə tam açıqlanır. Dramaturq Məsmə kimi çöpçüləri tənqid edərək yazır: “Məsmə xala, sənə bir sualım var. Dünyada üç milyard adam var. Hələ deyirlər daha çoxdur. Niyə bu çöp ancaq bizim uşaqların boğazında qalır?”-sözləri istehzalı tənqid xarakteri daşıyır. 

Lütfəli Həsənovun dram yaradıcılığının ən dəyərli əsərlərindən biri “ Baş həkim” pyesidir. Əsərin baş müsbət qəhrəmanı baş həkim Muradovdur. Hadisələr rayon xəstəxanalarından birində cərəyan edir. Mənzər adlı ayaqları iflic vəziyyətində olan xəstəyə münasibətlə surətlərin daxili aləmi açılır. Müəllif ülvi həkimlik sənətinin sirlərini, həkimlərin Hippokrat andına hansı səviyyədə sadiq olub – olmadığını əsərdə mərkəzi surətlər olan Muradov, Təranə, Ərşad, Rüstəm, Şakir və başqaları vasitəsilə açıb göstərir.Pyesdə mənfi və müsbət surətlər qütbü əsərin ilk səhifələrindən oxucunun diqqətini cəlb edir. Əsərin müsbət qütbündə qocaman həkim, bütün xəstələrin sevimlisi Muradov və gənc həkim Təranə dayanır.Təranə gənc olmasına baxmayaraq istedadlı həkimdir. Tibb elminin yeni naliyyətlərini gözəl bilir. O, istedadlara dayaq, savadsızlara düşmən olan professor Nəcəfzadənin qızıdır.Təranə xəstə Mənzərin sağalmaz dərdinə böyük ümidlə baxır, onu yaşamağa, həyata həvəsləndirir. Bu işdə Təranənin dayağı və məsləhətçisi xəstəxananın baş həkimi Muradovdur. Lakin dünya paxıllardan və pislərdən hali deyil. Təranənin zəngin biliyi, həkimlik qabiliyyəti korafəhim, savadsız, aspiranturadan və işlədiyi kafedradan qovulan, baş dolandırmaq üçün rayona qaçan Şakir kimi adamı narahat edir. O, nəinki savadsız, həmçinin acıdil, ləyaqətsiz və əxlaqsız bir insandır. Əsərdə müəllif bu tipin iç üzünü açmaq üçün müxtəlif situasiyalardan istifadə edir. Şakirin Mənzər haqqında dediyi: “ Mən əminəm ki, Mənzər ömürlük şikəstdir. Belə bir xəstəni şöbədə saxlamaq, iynələmək, bədənini dəlik- deşik etmək, nəhayət, şöbənin ölüm faizini süni olaraq artırmaq” kimi sözləri onun nəinki bir həkim kimi, həmçinin mənən yoxsul bir şəxs kimi də oxucunun və tamaşaçının gözündən salır. Təranənin gənc tədqiqatçı kimi qazandığı uğurlar Şakiri narahat edir. Paxıllıq hissi onu rahat buraxmır.O, səlahiyyətlərindən istifadə edərək gənc həkimə böhtan atır. Xəstəxanada ölmüş gənc oğlanı Təranənin öldürdüyünü söyləməklə onu hədələyir. Bu hadisələr Təranəni təngə gətirir. O, bu barədə Muradova bildirib xəstəxanadan işdən çıxmaq istəyir. Muradov ona təskinlik verərək, mübariz və təmkinli olmağa çağırır. 

Şakir Təranəyə nəinki bir əməkdaş kimi paxıllıq edir, həmçinin onun şəxsi həyatına da qarışır. O, Təranəni sevən həkim Rüstəmə Təranə haqqında iftiralı, böhtan xarakterli sözlər deyir. Şakir həmçinin xəstəxananın normativlərinə əməl etmir. Xəstələr üçün ayrılmış dərman preparatlarının onlara verilməsini məhdudlaşdırır.O, Təranənin xəstələrə iynəni qaydasında təyin etdiyini bildikdə özünə sığmır, şöbə müdiri səlahiyyətlərindən istifadə edib onu təhqir edir.Şakir öz çirkin əməlləri ilə təkcə kollektivdə deyil, ailəsində də sevilmir. O, ailəsinə xəyanət edərək, həyat yoldaşı Mehribandan ayrılmaq qərarına gəlir. Əsərin birinci şəkli bu cür başa çatır. 

İkinci şəkil xəstəxanada növbədə olan Rüstəmlə Təranənin söhbəti ilə başlanır. Baş həkim Muradov Təranəni ayıq- sayıq olmağa çağırır. Şəklin sonunda Şakirin iyrənc hərəkəti tamaşaçının nəzərinə çatdırılır.O, həyasızcasına Təranəyə eşq elan edir. 

Əsərin ikinci hissəsi Muradovla Şakirin mükaliməsi ilə başlanır. Şakir hərəkətlərinə görə yoldaşlıq məhkəməsinə verilmişdir. O, artıq vicdanı oyanmış haldadır. 

Dramaturq əsərdə namuslu, saf, təmiz məhəbbəti hər şeydən üstün tutan surətlər də yaratmışlar ki, Rüstəm və Keybala bu qəbildəndir.Keybala Mənzəri sevir.Onun sevgisi ülvi sevgidir.Oxucu bunu onun Mənzər haqqında dediyi aşağıdakı sözlərdən də görür:” Bilmirəm. Mənzər bəxtimə çıxan ulduzdur. Kor da , keçəl də olsa qəbulumdur.” Əsərin ikinci hissəsi nikbin bir sonluqla, Mənzərin ayaq açıb gəzməsi ilə bitir. 

Əsərin üçüncü hissəsində dramaturq Şakiri artıq mənən təmizlənmiş bir insan kimi oxuculara təqdim edir.Xəstəxananın laboratoriyasında güclü yanğın baş verir. Şakir həyatını təhlükə altında qoyaraq laboratoriyanın qiymətli avadanlıqlarını qurtara bilir. Nəticədə özü ağır yanır. Dramaturq onu xəstəxanada təsvir edir. Atası evinə getmiş həyat yoldaşı Mehriban da artıq onun yanındadır. 

Əsəri diqqətlə izləyən tamaşaçı və oxucu görür ki,pyesdə hadisələr mənfidən müsbətə doğru inkişaf edir.Hadisələri bu istiqamətə aparan isə baş həkim Muradovun təmkinliyi, müdrikliyidir. Lakin çox təəssüfləndirici haldır ki, bu müsbət ideal dünyadan köçür. Dramaturq onu elə-belə öldürmür.Artıq Muradovun bütün arzuları həyata keçmişdir. Əsərin əvvəlində bütün mənfi keyfiyyətləri ilə yadda qalan Şakir, artıq əsərin sonunda dəyişərək tamamilə mənən kamil bir insan səviyyəsinə yüksəlmişdir. Çox maraqlıdır ki, Muradovun ölümü Şakirin qucağında təsvir edilir. 

Gözəl ideyallar ifadə edən bu əsərin nəşr olunmamasına baxmayaraq, əsər 1966-cı ildə Kirovabadda (indiki Gəncə) tamaşaya qoyulmuşdu və səhnəyə çıxarılmasına bu gün də ehtiyac duyulur. Əsər dil və quruluş etibarı ilə də bitkin təsir bağışlayır. Müəllif əsərdə atalar sözləri və deyimlərimizdən, obrazların dialoqunda şeir parçalarından da məharətlə istifadə etmişdir. 

Lütfəli Həsənovun dramaturji yaradıcılığında “O qayıdacaqmı?” adlı 4 pərdəli, 11 şəkilli pyesi də mühüm yer tutur. Bu pyes də mövzu etibarilə həkimlərin həyat və fəaliyyətinə həsr edilmişdir. Bu əsər “Baş həkim” pyesinin birinci variantı təsiri bağışlayır. Çünki əsərdəki personajlar eyni vəzifəli və eyni adlı insanlardır. Əsərdə diqqəti cəlb edən yeni surətlər Pərvin və Camaldır. 

Dramaturqun Böyük Vətən müharibəsi mövzusunda yazdığı “Ölümə , ölüm” əsəri yaradıcılığının ən müvəffəqiyyətli əsərlərindən hesab edilə bilər. Əsər “Qardaş torpağında” adı altında yazılmış, sonra isə müəllif tərəfindən adı dəyişdirilmişdir. Pyes Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “ Azərbaycan” jurnalının (İyun) 6-cı nömrəsində nəşr edilmişdir.Lakin nədənsə, əsər ayrıca kitab şəklində nəşr edilməmişdir. Ədib əsərin nəşr olunmaması səbəbli Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə 26 aprel 1964-cü il tarixli məktubla müraciət etmiş,lakin istənilən nəticəni əldə edə bilməmişdir. 

“Qardaş torpağında” pyesi Azərbaycan və rus xalqları arasındakı dostluğa, müharibədə faşizimə qarşı aparılan birgə mübarizəyə həsr edilmişdir.Kamran, İftixar, Poladov kimi qəhrəman azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələrini təmsil edən Neqov Alesandr Serqeyeviç, Volkov, Adolf Vilfoviç, Stepan Rudnik, Gordtruda, Karl, Xausman, Zümmer, Oksana, Kneller, Fangelski kimi surətlər də vardır. 

Lütfəli Həsənovun dram əsərləri sırasında ən maraqlı nümunələrdən biri onun “Günəş” pyesidir. Bu əsər müəllifinə böyük uğur gətirmiş, Kirovabad (indiki Gəncə) Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.Tamaşanın uğuru və aktyor heyəti ilə bağlı sevimli xalq şairimiz Bəxtiyar Vahabzadə aşağıdakı qeydləri yazmışdı: “Əsərin baş qəhrəmanı Günəşdir. Bu məsuliyyətli rolu respublikamızın xalq artisti Rəmziyyə Veysəlova oynayır. Günəş - R.Veysəlova qəhrəman bir qızın obrazıdır.Onun ürəyi, canı, vətəninə, xalqına olan böyük və sarsılmaz məhəbbətdir. R.Veysəlova ifa etdiyi rolun mahiyyətini dərindən anlamış, onu qavramağı bacarmışdır. 

“Günəş” əsərində ikinci yadda qalacaq obraz Azər obrazıdır. Bu maraqlı rolu istedadlı artist Kərim Sultanov oynayır. Azər gestapo idarəsi rəisi Kraustinin “yavəridir”.O, burada Azər yox, Şneyder adlanır. Bacarıqlı artist bu rolu olduqca məharətlə oynamaqla bərabər, sovet kəşfiyyatçısının qüdrətini tamaşaçılar qarşısında elə böyük ustalıqla canlandırır ki, onlar Azəri – K.Sultanovu dəfələrlə alqışlayırlar. 

Tamaşada M.Cəfərovun ifa etdiyi Salmanov obrazı da çox maraqlı obrazdır. Salmanov ilk səhnələrdə məhəbbəti naminə sadəlövhlük edir.Onun sovet həkiminə yaraşmayan hərəkətləri tamaşaçının nifrətinə səbəb olur. Lakin sonralar Salmanov tamamilə başqa bir insan olur. Süjetin sonrakı inkişafında Salmanovun fədakarcasına ölümü, tamaşaçıları olduqca təəssüfləndirir. 

Tamaşadakı qüvvətli obrazlardan biri də casus Qənbərovdur. Bu mürəkkəb rolu respublikamızın əməkdar artisti S.Həsənzadə özünəməxsus bir ustalıq və məhəbbətlə yaradır. 

Respublikamızın xalq artisti M.Burcalıyev “Günəş” dramasında gestapo idarəsi rəisi Kaustini oynayır. Lakin demək lazımdır ki, o, gülüş xatirinə oynadığı obrazı həddindən ziyadə yüngülləşdirir ki, bu da tamaşaçıların narazılığına səbəb olur. 

Respublikanın xalq artisti Ə.Yusifzadə Rubanov, əməkdar artist S.Mustafayeva Bənövşə, artist Ə.Rzayev- Tərlan rollarında yaxşı çıxış edirlər. 

Tamaşanın relissoru respublikanın əməkdar incəsənət xadimi Hüseyn Sultanov əsərin ideyasını yaxşı anlamış, gənc müəllifə qayğıkeşliklə yanaşmış, onunla uzun müddət işləmiş və nəticədə isə maraqlı bir tamaşa meydana çıxmışdır. 

Bəstəkar Ş.Axundovanın tamaşaya yazdığı musiqi əsərin gedişinə uyğundur və hadisələri yaxşı tamamlayır” . 

Əsərin nöqsanlarını qeyd edərkən Bəxtiyar Vahabzadə yazır: “Tərlan Günəşin oğludur. Onu öldürülər. Lakin övladının ölümündən sonra ana onu heç xatırlamır. Proloq səhnəsində Qənbərovun Şahini necə inandırıb, onunla sərhəddi keçməsi tamaşaçılara çatmır. 

Əsərin sonunda oğulla ata (Qəmbərovla Şahin) qaşılaşmır ki, bu da əsərin müvəffəqiyyətini azaldır.Tamaşada operasiya səhnəsi zəif verilmişdir.Gestapoçuların səhnəyə gəlməsi az əsaslandırılmışdır. Əsərdə Rıbakov obrazı tamamlanmamışdır.” 

Əsərin qısa məzmunu belədir: Hər tərəfdən top səsləri, pulemyot şaqqıltıları eşidilir. Sovet döyüşçülərinin ağır hücumu zamanı bölmə komandiri Şahin Aslanov ağır yaralanır. Qaranlıqda bir kölgə ona yaxınlaşır. Şahin onu vurmaq istərkən o səslənir ki, “mən düşmən deyiləm, sənə kömək etmək istəyirəm”.Əvvəl Şahin inanmır. Sonra yad adam Şahini inandırır və onu arxasına alıb arxaya doğru sürünür. Məlum olur ki, həmin kölgə həkimin sənədlərini əldə etmiş casus Qənbərovdur.Qənbərov yara aldığı üçün sovet xəstəxanasına düşür. Xəstəxananın həkimi Şahinin anası Günəşdir. Şahin sağaldıqdan sonar yeni təyinat alıb başqa istiqamətə gedir. Qənbərov isə xəstəxanada qalıb işləməyə başlayır və az bir zamanda böyük hörmət qazanır.O, Bənövşə, Tərlan və Salmanov kimi təcrübəsiz insanlarla yaxınlaşıb onları ələ alır və onların dolaşıq məhəbbət məcərasından istifadə edərək cinayətə sürükləyir. Onun toruna birinci həkim Salmanov düşür. Lakin Salmanov tezliklə Qənbərovun hiyləsini başa düşüb onunla dalaşır.Tərlan köməyə gəlir. Qənbərov onu öldürür. Qənbərov tərəfindən Tərlanın öldürülməsi xəbəri hərbi xəstəxanaya çatır. Sonra hadisələr sürətlə dəyişir və gərginləşir.Xəstəxana düşmən arxasında qalır və partizanlarla əlbir fəaliyyət göstərir. Qənbərov fitnəkar əməllərini həyata keçirməkdə davam edir. O, Günəşi gestapoçuların əlinə verir. Günəş həbsdə olarkən Qənbərov onun yanına gələrək yalvarır, keçmiş günləri xatırladır. Tamaşaçı əsərin bu yerində Qənbərovun keçmişi ilə tanış olur.Məlum olur ki, Qənbərov Azərbaycanın qudurğan bəy nəslindən olan Şahmar bəydir. O, vaxtılə Günəşi götürüb qaçaraq özünə arvad etmişdir. Onun axtardığı və faşistlərə vermək istədiyi alaya isə doğma oğlu Şahin komandirlik edir. Günəş hadisələrin əsil mahiyyətini gestapoya düşdükdən sonar bilir. O, vətənpərvər bir Azərbaycan qızı, incə qəlbli və duyğulu bir anadar. Qəlbində faşist işğalçılarına nifrətlə alışıb – yanan Günəş müharibənin ilk günlərindən cəbhəyə gəlmişdir. O, gestapoda hər cür əzab- əziyyətə dözür, düşmənə satılmır və: - Siz mənə iki nömrəli cəza yox, yüz iki nömrəli cəzanı versəniz də, heç bir sirr öyrənə bilməyəcəksiniz – deyir. 

Gestapo rəisi Kraustinin partizan alayını və Şahini ələ keçirmək ümidləri boşa çıxır. O, Günəşə dəhşətli işgəncələr verir, ancaq Günəş dözərək susur. Kraustin əsərdə əsil faşist xislətli bir zabit kimi canlandırılmışdır.Onun müharibədə iştirakı yalnız şəxsi arzularını həyata keçirmək, hərbi rütbəsini artırmaqdır.O, ülvi insanlıq hisslərinə tamamilə yad bir surətdir. Dramda Kraustinin yanında Şneyder surəti tamaşaçıların diqqətini cəlb edir.Bu cəsur kəşfiyyatçı partisan Azərdir. Şneyder əsərdə məşhur alman Hindenburqun bacısı oğludur. Azər bacarıqlı bir kəşfiyyatçı kimi Salmanovu faşist əsirliyindən qaçırır. O, Qənbərovu düşmənlərə partizan casusu kimi qələmə verib həbs etdirir. Məhz onun cəsurluğu sayəsində məşhur faşist zabitləri olan Kraustin və Rozental əsir alınır… Əsər bu cür maraqlı hadisələr fonunda davam edir və tamaşıçılarda vətənpərvərlik ruhu aşılayır. 

Xüsusilə, torpaqlarımızın erməni tapdağı altında olduğu bir şəraitdə bu əsərin teatr səhnəsində oynanılmasının nə dərəcədə aktual olduğunu söyləməyə lüzum yoxdur. 

Ədibin dramaturji fonunda “Qara eynəkli adam”, “ Okeanın o tayında” kimi üzərində geniş tədqiqat aparılması tələb olunan əsərləri də daxildir. Yazıçının 

“ Qardaş torpağında” istisna olmaqla (qeyd etdik ki,bu əsər “Azərbaycan jurnalının 1956, 6 iyun sayında nəşr edilmişdir), yerdə qalan dram əsərləri əlyazması şəklində evində saxlanılır və inanırıq ki, gələcəkdə bu əsərlər Azərbaycan dramaturgiyasının müvəffəqiyyətli əsərləri sırasında öz yerini tutacaqdır. 

XX əsrdə bütövlükdə Azərbaycan ədəbiyyatında olduğu kimi, ayrı-ayrı bölgələrdə də hekayə janrı yazıçıların qələmində özünü göstərməkdə idi.Bədii nəsrin bu kiçik forması Şəki ədəbi mühitinin digər ədəbi gəncliyi kimi Lütfəli Həsənovun yaradıcılığında da özünə geniş yer almışdı. Həkim- yazıçının gözü mühitin hər üzünü görür, əyər- əskiklərini seçirdi.Müəllifin nəsrinin inkişafında “Şəki fəhləsi” qəzeti və onun redaktoru, qorxmaz və həqiqətsevər jurnalist Məhyəddin Abbasovun böyük rolu olmuşdu.Ədibin cəmiyyətin müxtəlif təbəqələrindən seçdiyi tiplərin müsbət və mənfi baxımdan əks etdirdiyi hekayələri ən çox “Şəki fəhləsi” qəzetinin səhifələrində oxuculara çatdırılmışdı.Onun hekayə yaradıcılığını mövzu-mündəricə etibarilə iki qismə ayırmaq olar: 1.Satirik məzmunlu hekayələr;2.Məişət hekayələri. 

Yazıçının “Narahat adam”, “Ailə qurmaq məsələsi”, “İdarədə və evdə”, “Səhvini anladı”, “Sual”, “İstək”, “Yeni müdir”, “Qiymətlər və sifətlər”, “Göz ağrısı”, “Canfəşanlıq”, “Xahiş”,”Müdir müavini”, “Onu kim öldürdü?” və s. kimi hekayələri satirik məzmunludur. 

“Narahat adam” hekayəsində yazıçı rəis Ələmdarov surətilə özündən razı, hikkəli bir məmur surəti yaratmışdır.Zəhmətkeşlərin rifahına laqeyd münasibət bəsləyən bu tip Mənzil İstismar İdarəsinə rəhbərlik edir. Ələmdarov qəbuluna gələn adamları laqeyd qarşılayır, onların vacib həll olunası məsələlərini aylarla uzadır. Hekayədə müəllif kiçik süjet xətti ilə Ələmdarovun yaltaq simasını aşağıdakı kimi oxucusuna təqdim edir. Ələmdarov qəbuluna gələn adamın kimliyini bilməyərək onu qəbuluna buraxmır, gələn “narahat adam”ın nazir olduğunu bildikdə isə müəllifin təsviri kimi: “Ələmdarov çevrilib stol arxasına keçdi və oradan onu görmək istəyən narahat adamın üstünə atılmaq istəyirdi ki, birdən nə oldusa qulaqları aşağı sallanmış dovşana döndü. Gələn nazir idi.Ələmdarov onun qaşısında müti qula döndü.” 

Müəllif zəmanəsi üçün səciyyəvi olan idarə müdirlərinin özbaşınalığını və yaltaqlığını çox qabarıq şəkildə oxucuların nəzərinə çatdırmışdır. 

Ədibin “Müdir müavini” hekayəsində də eyni bu sujet oxşarlığı diqqəti cəlb edir.O, Balammədov surəti ilə 50-60-cı illərdəki ticarət və ticarətdəkilərin harın həyatını realistcəsinə müasir oxucuya çatdırır.Müəllif Balammədovu bir müavin kimi öz “səmimiliyi”, “mehribanlığı”, “sədaqəti” və “qayğıkeşliyi” ilə başqalarından qabarıq verir.Baləmmədov bu xüsusiyyətlərinə görə irəli çəkilir.Rayon İcraiyyə Komitəsinin rəhbərliyi onu ticarət müəssisəsinə müdir qoymaq təklifini irəli sürür.Balammədov müdir təyin edilir.Lakin Baləmmədov müdir tikəsini uda bilmir.Yumşaq kreslo, xidmətində olan “Pobeda”, arvadının istəkləri onun beynini dumanlandırır. O, səlahiyyətlərini aşaraq özünə yeni təyin edilmiş müavini düzgünlüyünə görə işdən çıxarır.Bu işdən çıxarılma Baləmmədovun faciəsini dərinləşdirir.İdarəyə gəlmiş yoxlama komissiyası Baləmmədovu işdən azad edir: “Təmtəraqlı kabinet də, arvadının çox sevdiyi “Pobeda” da, müdir kabinetinin əzəmətli açarları da Baləmmədovun əlindən çıxır”. 

Yazıçının satirik nəsrində “Xahiş” hekayəsi də mühüm yer tutur. Hekayədə tənqid hədəfi idarə rəisi Qolayzadədir. Müəllif bu tipin portretini rəngarəng boyalarla yaradaraq yazır:”Səftəralı rəis kabinetinin meşinli qapısını qorxa-qorxa aralayıb içəri boylananda toxsun sifətli, peysəri yoğun, mərtəbə buxaxlı Qolayzadə özünü elə dartıb oturmuşdu ki, uzaqdan baxanlar onun boğazında sümük qalmış hacıleylək quşuna bənzədə bilərdi” . Bu təsvir Qolayzadənin kimliyini,şəxsiyyətini müəyyənləşdirmək üçün oxucuya kifayət edir. Səftəralı kimi miskin adamlar ona qol- qanad verib, istismarına, harın həyat sürməsinə şərait yaradırlar. Lütfəli Həsənov Qolayzadənin Səftəralı ilə mükaliməsini yazıçı istedadı ilə verir. Bu mükalimənin bir tərəfində özündənrazı amir məmur, digər tərəfində isə qorxaq, miskin, özünün və balalarının yemədiyi təamları dəbdəbəli süfrəyə düzüb, Qolayzadə kimi adamlara yedirmək üçün onu evinə qonaq dəvət etməyə yalvaran yaltaq bir tip durur.Lütfəli Həsənovun satirası bitib- tükənməzdir.Onun satira işığında yaşadığı cəmiyyətin bütün təbəqələri özünəməxsusluğu ilə əks edilib. 

Ədibin əsərləri sırasında fədakar insanların, zəhmətkeş adamların həyatını, məişətini əks etdirən hekayələri də çoxluq təşkil edir. Müəllif insanın öz əməyi ilə ucalmasını,əməyin həqiqətən şöhrət-şan olması ideyasını “Ata və oğul “ hekayəsində Sərdar kişi və oğlu Muxtarın şəxsində canlandırmışdı.Muxtar Sərdar kişinin oğludur. O,traktorçuluqda yüksək iş göstəriciləri əldə etdiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. 

Müəllf “Zərrintac” hekayəsində Cənubi Azərbaycan zəhmətkeşlərinin ağır güzəranını Zərrintac adlı bir qızın acınacaqlı həyatı fonunda təsvir etmişdir. 

“Oğul məhəbbəti” hekayəsində Lütfəli Həsənov iqtisadçı Nadir surəti ilə ailə səadətini kənar təsirlərlə itirmək təhlükəsi ilə üzləşən insanların taleyini qələmə almışdır. Nadir Səadət adlı bir qızla qarşılıqlı sevgi əsasında ailə həyatı qurub evlənmişdir.O, xoşbəxt ailə həyatı yaşayır.Rəşad adlı oğlu da dünyaya gəlmişdir. Lakin Nadirin Kirovabada (Gəncəyə) işləməyə getməsi ilə vəziyyət dəyişir. O, işlədiyi müəssisədə Sənubər adlı iqtisadçı bir qızla tanış olur. Onun ailəsinin varlığı təhlükə altındadır.Nadir iki yol ayrıcındadır.O, ya Sənubərin təsiri altına düşüb, ailəsini atmalı, ya da işini atıb Şəkiyə-ailəsinin yanına qayıtmalıdır. Oğul məhəbbəti üstün gəlir. Nadir iş yerini dəyişərək ailəsinin yanına qayıdır. 

Yazıçının “Borc”, “Əsil dost”, “Onun taleyi”, “Qüdrət xəstələnmişdir”, “İki ağrı”, “Xilaskar”, “Yaralanmış ürək”, “Coşğun məhəbbət” və s. kimi onlarla hekayələrində cəmiyyətin müxtəlif tərəfləri əks etdirilmişdir. 

Lütfəli Həsənovun seir yaradıcılığı onun bədii istedadının ayrılmaz tərkib hissəsidir. O, ədəbiyyata hələ tələbəlik illərindən şeirlə gəlmişdi. Digər tərəfdən bir cəhəti nəzərdə saxlamalıyıq ki, ədib uzun müddət “Səbuhi” ədəbi məclisinə rəhbərlik etmişdi, bir çox yaradıcı şəxsiyyətlərin müxtəlif janrlı əsərlərinə istiqamət vermiş, münasibətini bildirmişdi.Bu isə ondan böyük ədəbi-nəzəri bilik tələb edirdi ki,şair ədəbi növün bütün janrlarının xüsusiyyətlərini gözəl bilirdi. 

Onun arxivində yüzlərlə şeir diqqəti cəlb edir. Bu əsərlərin mövzu dairəsi rəngarəngdir. Bu şeirlərin özəyində əsasən iki fikir durur: Millilik və vətənpərvərlik. Şair şeirlərini heca vəznində yazmışdır.Arxivində yalnız əruz vəznində yazılmış bir qəzəli diqqəti cəlb edir: 

Dərdim dərya kimidir, ey dost, zar-zar ağlaram, 
Ürəyimdə dəhşətli fırtınalar var, ağlaram. 
Cecələr otağımda tək-tənha dolandıqca, 
Canlanır gözlərimdə, o nazlı xumar, ağlaram. 
Pozan gündən andını şux baxışlı cananım, 
Duyuram dövrəmdə soyuq, şaxta ,qar, ağlaram. 
Düşdükcə yadıma onunla olduğum anlar, 
Səma, yer, dünya olur başıma dar, ağlaram. 
Lütfəli həkim tək, min dərdə şəfa versə də, 
Nə qədər ki, əğyar ilə gəzir yar, ağlaram. 


Məzmunundan gördüyümüz kimi, məhəbbət mövzusunda yazılmış bu qəzəldə sevgilisindən ayrı düşmüş Aşiqin ürək çırpıntıları öz əksini tapmışdır. 

Qeyd etdiyimiz kimi, Lütfəli Həsənovun lirikasının mövzu aləmi rəngarəngdir.İctimai həyatla bağlı olan bütün mövzuları onun poeziyasında tapmaq olar. Təbii ki, bizim bütün mövzulardan ayrıca danışmağa imkanımız yoxdur. Biz burada sadəcə bizi çəkən daha qabarıq mövzulardan bəhs edəcəyik. 

Poeziyamızda elə şair tapmaq olmaz ki,onun yaradıcılığında təbiətin tərənnümünə yer verilməmiş olsun. Təbiət mövzusu Lütfəli Həsənov poeziyasının qabarıq mövzularındandır. Onun “Əbədi bahar” şeirində siyasi məzmun hiss olunsa da, şair təbiətə vurğunluğunu, bahar fəslində onun gözəlliyini aşağıdakı kimi tərənnüm etmişdir: 

Əriyir ahəstə dağların qarı, 
Çaylar köpüklənir, çəmənlər gülür. 
Günəş qovalayır ağ buludları, 
Səmadan yerlərə şəfəq tökülür. 
Çaylar köpüklənir, çəmənlər gülür. 

Sonrakı bənddə təbiətin gözəlliyi daha real cizgilərlə verilir: 

Çıxır yamaclara körpə quzular, 

Yarpaq nəğmə deyir, çoban ney çalır. 
Bu an təbiətin özgə hüsnü var, 
Şair də bu dəmdə xəyala dalır. 
Yarpaq nəğmə deyir, çoban ney çalır. 


Qadın,ana ülviyyəti Lütfəli Həsənovun fikir dünyasında hər şeydən ucadır.Görkəmli həkim tədqiqatçı Ənvər Mete ( Həmidov) özünün fundamental əsəri olan “O torpağın övladları”(2006) adlı kitabında Lütfəli Həsənovla bağlı qısa qeydlərində onun ana müqəddəsliyi ilə bağlı fikirlərini və gördüyü işləri də verməyi unutmamışdı. O yazır : “ O,[ Lütfəli Həsənov-K.A]respublikamızda ilk dəfə “Gənc ananın sanitariya maarifi kitabxanası” adlanan xüsusi “Zərflər” təşkil etmiş və bu zərflər doğum evindən öz körpəsi ilə ailəsinə qayıdan anaya təqdim olunurdu.Orada yazılırdı:” Hörmətli Ana ! Sizi, Vətənimizə bəxş etdiyiniz övladla təbrik edir, ailənizə xoşbəxtlik arzulayırıq. Bizdə ana adı müqəddəsdir”. 

Onun bu mövzu ilə bağlı onlarla şeiri vardır. Şairin “Qadınlara bir neçə söz” şeiri bu baxımdan böyük maraq doğurur. Qadınsız dünyanı mənasız adlandıran şair xoşbəxtliyin əsil mənasını qadına itaətdə, hörmətdə görərək yazır: 

Sizsiniz qəlblərə şəfəqlər saçan, 
Qadınsız dünyanın mənası varmı? 
Sizə itaətdən , hörmətdən qaçan, 
Deyin, bu həyatda xoşbəxt olarmı? 

Sizsiz ömür sürmək yaman çətindir, 
Adınız əzəldən ülviyyətimdir, 
“Qadınsız nəinki evdə uşaqlar, 
Kişi də yetimdir, ev də yetimdir” . 


Lütfəli Həsənovun lirikasında məhəbbət şeirlərinin özünəməxsus olduğunu görürük.Məhəbbət ümumən, onun yaradıcılığının özülünü təşkil edir. Lakin şair şaf, təmiz sevgidən yazanda Məşuqənin gözəlliyini hər şeydən üstün tutur: 

Dağların dalında günəş göründü, 
Dedim ,o sənsən! 
Gecələr ay doğdu, nura büründü, 
Dedim ,o sənsən! 
Bağçada hər səhər açdı qızılgül, 
Dedim ,o sənsən! 
Onun ətrafına dolandı bülbül, 
Dedim ,o sənsən! . 


Şeirdə verilmiş məcazlar şairin sənətkarlıq qüdrətini oxucuya aydın şəkildə göstərir. 

Lütfəli Həsənovun yaradıcılığında ithaf şeirləri də diqqəti cəlb edir. Onun istedadlı artist Yusif Vəliyevə, xalq artisti Lütfəli Abdullayevə, görkəmli dramaturqlar R.Əfəndiyevə,M.F.Axundzadəyə həsr etdiyi şeirlər də yaradıcılığının ən kamil nümunələridir. 

Lütfəli Həsənov satirik şair kimi də diqqəti cəlb edir.Satirik deyim tərzi, istehzalı gülüş,tənqid və ifşa onun nəsrinə olduğu kimi, satirik şeirlərinə də yol tapmışdır. “Bir alimə”, “Liberal olmalısan” satirasında şair cəmiyyətdə gördüyü rüşvətxorluğa, süründürməçiliyə “biganə” qalmağı tösiyə edərək yazırdı: 

İstəsən ömrün uzansın , liberal olmalısan, 
Qulağı kar, gözü kor, nitqi də lal olmalısan. 

Birinin xidməti az, hörməti çoxdur, sənə nə?. 
Birinin ağzı zəhər, sözləri oxdur, sənə nə?. 
Birisi rüşvət alır, vicdanı yoxdur, sənə nə?. 

İşləri yoxsa səninlə, dili bal olmalısan. 
İstərsən ömrün uzansın, liberal olmalısan. 
Qulağı kar, gözü kor, dili də lal olmalısan. 
Bəzəyib sərçəni turac eyləyən, qoy eyləsin, 
Xalqın əmlakını tarac eyləyən, qoy eyləsin, 
Doğrunu oğruya möhtac eyləyən, qoy eyləsin 
Kim deyir sənə hər işdə düz, fəal olmalısan? 
İstəsən ömrün uzansın liberal olmalısan. 
Qulağ kar, gözü kor, nitqi də lal olmalısan. 


Şair rüşvətxor idarə müdirlərini “Bir müdir var” şeirində açıq tənqiddən çəkinmir.Onun zəhərli satirik oxu əliəyrilərin, rüşvətxorların ürəyinə sancılır: 

Bir müdir var Şəkidə, 
Beyni yüngül çəkidə, 
Yeriyəndə səkidə, 
Haqsızı çəkir başa, 
Haqlını vurur daşa 
Güc verərək daş-qaşa, 
Özünə saray tikir. 

Daqqası xurmayıdır, 
Həm çaqqal, həm ayıdır, 
Dovşanların tayıdır, 
Amma özün sanır şir. 


Şairin yelbeyin ziyalılara, alimlərə, yolunu azmış gənclərə də gülüşü öldürücü xarakter daşıyır: “Bir alimə” satirasında şair, az bilib özünü çox bilmiş kimi göstərən bəd niyyətli ziyalıları tənqid edərək yazırdı: 

Zahirin azca babatsa, içərin sırf paxır. 
Al yanaq, zorba qarın, povza bığın bir tərəfə, 
Yekə kəllən, ürəyin, dəyməz axır bir ələfə. 


Lütfəli Həsənovun yaradıcılığında uşaqlar üçün yazılmış nümunələrə də rast gəlmək olur: O, uşaqların zehni qabiliyyətini yoxlamaq məqsədilə onlar üçün maraqlı tapmacalar yazmışdır ki,bir neçəsini nümunə kimi veririk. 

Şirin-şirin meyvələrin gözüyəm. 
Uşaqların söhbətiyəm, sözüyəm. 
Salxım-salxım, dəstə-dəstə üzüyəm, 
Ənli-ənli yarpaqlarım var mənim. 
Məskənimdir tənəkli bağlar mənim. (üzüm) 

Nəmli- sulu zəmilərdə gəzərəm. 
Dingə düşüb qabağımı əzərəm. 
Məclisləri hər yerdə mən bəzərəm, 
Dörələrə çəkib məni yeyərlər. 
Ağızlardan dadım getməz deyərlər. (düyü) 

İnanırıq ki, Lütfəli Həsənovun zəngin və maraqlı bədii irsi gec–tez tədqiqatçıların diqqətini cəlb edərək geniş şəkildə tədqiq ediləcəkdir. 

Mənbə: "Şəki bələdiyyəsi" qəzeti.

 


Создан 21 фев 2014



  Комментарии       
Всего 2, последний 2 года назад
Məmməd 22 янв 2015 ответить
eyer mumkunse . Liberal olmalisan - satirasini tam varyantini mene gonderin. onceden teshekkur. mamed_ali@mail.ru
   
shrem 31 янв 2015 ответить
Məmməd bəy, müəllifi görəndə soruşaram, əgər varsa onda, emaile göndərərərm.
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi