Ramin Sadıqov: "Türk ordusunun şiddətli hücumları qarşısında davam gətirə bilməyəcəklərini anlayan ingilislər gəmilərə doluşaraq qaçırdı

Müsahibə



AMEA Şəki Reginal Elmi Mərkəzinin elmi işçisi, AMİ Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqovla müsahibə.

 

 

- Ramin bəy, 15 sentyabr Azərbaycan türklərinin taleyində hansı rolu oynadı?


- Çox mühüm tarixi bir gündür bu gün. 94 il öncə sentyabr ayının 15-də Azərbaycanın paytaxtı Bakı şəhəri erməni-rus hərbi birləşmələrinin əlindən qurtarıldı. Tariximizə Bakının qurtuluşu kimi qeyd olunmuş bu hadisə heç də səthi yanaşılacaq bir hadisə deyil. Böyük bir siyasətin, dərin bir planın parçasıdır. Bakının azad edilişi öncəliklə yeni qurulmuş Azərbaycan Cümhuriyyətinin istiqlal bəyannaməsində elan etdiyi paytaxtına qovuşması idi. Çünki "Bakısız Azərbaycan, Azərbaycansız Bakı" düşünülə bilməzdi. Bu qurtuluş eyni zamanda 1918-ci ilin mart soyqırımı günlərində ruhdan düşmüş, çarəsiz qalmış milləti yenidən diriltmiş, hökumətin paytaxta köçməsi ilə Azərbaycanın, dünya dövlətləri arasında yer ala biləcək bir dövlətə çevrilə biləcəyinə inancını artırmışdı. Ayrıca millətimiz ortaq tarixə, mədəniyyətə, dil və din birliyinə sahib olduğu Osmanlı dövlətinin həqiqi və səmimi şəkildə "qardaş köməyinin" şahidi olmuşdu.


Bildiyiniz kimi, Azərbaycan Cümhuriyyəti 28 may 1918-ci ildə Tiflis şəhərində elan olunmuşdu. Çünkü o dönəm Bakı erməni-rus bolşeviklərinin əlində, yəni Bakı Sovetinin ixtiyarında idi. Bakı və ətraf bölgələr Sovetin təsirində, Azərbaycanın xüsusən qərb və orta bölgələri isə Milli Şuranın təsirində qalmışdı. Buradan da anlaşıldığı kimi, ölkədə ikihakimiyyətlilik vardı. Milli Şura Gəncəyə köçdükdən sonra qarşısına tək bir məqsəd qoymuşdu. Bu məqsəd Məmməd Əmin Rəsulzadənin "Nə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır" ifadəsi ilə daha möhkəmlənmişdi. Fəqət, bu məqsədi gerçəkliyə çevirmək üçün Azərbaycan hökumətinin ordusu yox idi. Qeyd etmək lazımdır ki, Azərbaycan çar Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra bəzi şəxslərin öz istək və iradələri ilə çar ordusunda xidmət etmələrinə baxmayaraq, çar hakimiyyəti dövründə kişilər, ümumiyyətlə, əsgərə aparılmırdılar. Bu nöqsan Azərbaycan azadlığını elan etdiyi dönəmdə açıqca görülmüşdü. Ordusu olmayan yeni cümhuriyyət Bakı Sovetinin Gəncə və ölkənin digər bölgələri üzərinə olan təhdidlərini dəf etmək iqtidarında deyildi. Bu səbəblə Azərbaycan hökuməti 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə "dostluq və barış" müqaviləsi imzaladı. Müqavilənin ən mühüm maddəsi Osmanlı dövlətinə bölgədə barış və hüzuru təmin etmək üçün zərurət olduqda Azərbaycana hərbi kömək göstərmək məsuliyyəti verirdi. Məhz bu müqaviləyə görə Məmməd Əmin Rəsulzadə Ənvər Paşadan hərbi kömək tələbində bulunmuşdu.


- Sizcə, o zaman Nuru Paşa başda olmaqla Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəlməsəydi, bölgədə hansı proseslər yaşana bilərdi?


- Az öncə qeyd etdiyim kimi, Azərbaycan hökuməti ölkənin bütün bölgələrində hakimiyyətini bərqərar etmək arzusunda idi. Bunun üçün isə Bakı Soveti ilə hesablaşmaq lazım gəlirdi. Fəqət, gücü yox idi. Bu səbəblə rəsmi şəkildə Osmanlıdan hərbi kömək istənmişdi. Osmanlının buraya ordu göndərməsi məsələsi də çox qəliz idi. Çünkü I Dünya müharibəsi hələ davam edirdi və Osmanlı Azərbaycana ordu göndərməsi halında Almaniyanın davranışının necə olacağını bilmirdi. Bu səbəblə ordunun başqa bir adla göndərilməsinə qərar verilərək, Qafqaz İslam Ordusu adı seçildi. Üstəlik, Sovet Rusiya və Almaniyanı daha çox qıcıqlandırmamaq üçün orduya azərbaycanlı könüllü dəstələrdən ibarət olduğu görüntüsü verildi. Beləliklə, Nuru Paşanın rəhbərliyi ilə Osmanlı ordusu Gəncəyə gəldi. Daha sonra isə Azərbaycandan könüllü dəstələrin qatılması ilə Qafqaz İslam Ordusu daha fəal əməliyyatlar apardı və Bakının qurtuluşu üçün fəaliyyətlərini genişləndirdi.


Sualınıza gəldikdə, deyə bilərəm ki Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəlməsəydi bölgədə yaşanacaq proseslər Sovet Rusiyasının lehinə inkişaf edərdi. Sovet Rusiyası Stepan Şaumyanı Bakıya və Bakı neftinə sahib olmaq üçün göndərmişdi. Bu plana uyğun olaraq da Şaumyan rəhbərliyindəki Bakı Soveti Azərbaycan xalqının sərvəti olan neftin tamamını Rusiyaya göndərirdi. Halbuki Bakı tarixdən bəri Azərbaycan türklərinin yaşadığı bölgə idi və mütləq orada Cümhuriyyət hakimiyyəti bərqərar olmalıydı. Ayrıca, bolşevik idarəsi bir yandan sərvəti talan edərkən, bir yandan da xalqa qarşı amansız davranırdı. Qafqaz İslam Ordusunun gəlişi məhz xalqın ümidlərini yenidən diriltdi.


Qafqaz İslam Ordusunun gəlməsi Bakıda milli burjuaziyanın inkişafına böyük təsir göstərdi. Qeyd etmək lazımdır ki, Azərbaycanın paytaxtı Bakı Sovetinin hakimiyyəti dövründə erməni və əcnəbi kapitalistlərin "at çapdığı" bir məkan olmuşdu. Milli burjuaziya hərtərəfli sıxışdırılırdı. Xüsusən neft sənayesi (bizim üçün hər zaman çox mühümdür) əcnəbi və erməni kapitalistlərinin inhisarına çevrilirdi. Bakının qurtuluşu milli burjuaziyamızın inkişafına müsbət təsir göstərdi.

 

Son olaraq qeyd etmək istərdim ki, Qafqaz İslam Ordusunun gəlişi ermənilərin Qarabağdakı özbaşınalıqlarına son qoydu. Xatırlatmaq lazımdır ki, Azərbaycan istiqlaliyyətini elan etdiyi dönəmdə ermənilər Qarabağda və digər Azərbaycan bölgələrində xeyli fəallaşmışdılar. Onların vəhşiliklərinə qarşı xalq öz bildiyi şəkildə mübarizə aparırdı, ancaq bu, kifayət etmirdi. Qafqaz İslam Ordusunun gəlişindən və Bakının azad edilməsindən sonra qurulan nizami Azərbaycan ordusu Qarabağdakı erməni şiddətinə son qoydu. 

  

- Həmin ərəfədə digər dövlətlərin Bakı məsələsinə baxışı necə idi?

 

- Bakı əməliyyatı günlərində siyasi atmosferə baxdığımızda görürük ki, Bakı uğrunda 4 dövlət arasında ciddi rəqabət vardı. Bu dövlətlər Almaniya, Sovet Rusiyası, İngiltərə və Osmanlı idi. Əslində demək olar ki, bir-biriləri ilə mübarizə etmələrinə rəğmən Osmanlının Bakıya girməməsi üçün digər 3 dövlət eyni fikirdə idilər. Hətta Almaniya Bakıya doğru irəliləyən Qafqaz İslam Ordusunun yanına alman əsgərlərini də göndərmək istəyirdi. Fəqət, Azərbaycan hökuməti buna kəskin etirazını bildirmiş və belə bir şeyi əsla qəbul etməyəcəyini açıqlamışdı. Müttəfiq olmalarına baxmayaraq, Osmanlının irəliləyişindən məmnun olmayan Almaniya bu dəfə Sovet Rusiyası ilə Bakı nefti üzərinə müzakirələrə başlamışdı. Lenin bu hadisələr haqqında Saritsında olan Stalinə göndərdiyi teleqrafda "Almanlar bizdən istədikləri neftin bir qismini alsalar, Osmanlını dayandıra bilərlər" deyə yazırdı. Sonra da ikinci teleqrafında "Şübhəsiz, almanların istəklərinə müsbət cavab verəcəyik" deyə açıqlayırdı fikrini.


Osmanlı, Almaniya və Sovet Rusiyasının Bakı üzərindəki rəqabətləri, o dönəmin dünyanın hegomon dövləti olan İngiltərənin diqqətindən kənarda qala bilməzdi şübhəsiz. İngiltərə də əslində hər üç dövlətin Bakıya sahib olmalarını öz maraqlarına ziddi görürdü. Xüsusən dünyanın fərqli coğrafiyalarında savaşdığı Osmanlı və Almaniyanın Bakıya yaxınlaşmasını əsla qəbul etməyəcəyi bəlli idi. Fəqət, Qafqaz İslam Ordusunun Bakıya doğru sürətli irəliləyişinə mane ola da bilmirdi. Bunu açıq şəkildə etiraf da edirdilər ingilislər. Məsələn, 1918-ci ilin avqust ayında Bakıya gələn ingilis ordularının generalı Densterville Qafqaz İslam Ordusuna qarşı şəhəri müdafiəyə çalışan istehkamları yoxladıqdan sonra Çanaqqalanı xatırlayaraq "Bakını türklərdən fələk də qurtara bilməz" deyə fikrini ifadə etmişdi. Həqiqətən də elə oldu. Qafqaz İslam Ordusunun şiddətli hücumları qarşısında davam gətirə bilməyəcəklərini anlayan ingilislər gəmilərə doluşaraq qaçdılar".

 

Elnur ELTÜRK

http://www.tezadlar.az/

URL: http://www.tezadlar.az/haber-968-Azrbaycan-ordusu-Qarabagdaki-ermni-siddtin-son-qoydu.html





Обновлен 12 янв 2014. Создан 12 дек 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi