HARA GEDİR BEŞİKSİZ DÜNYA

İradə Rövşən, memarlıq namizədi



Hara gedir beşiksiz dünya

 

İradə RÖVŞƏN,

AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi,

memarlıq namizədi

 

Şəki Regional Elmi Mərkəzinin “El sənətləri” qrupunun əməkdaşları qarşılarına regionun mümkün qədər bütün sənətkarlıq sahələrini öyrənməyi, ayrı-ayrı sənət əsərlərinin üzünü köçürməyi, fotoşəkillər toplamağı və onların izahlarını verməyi məqsəd qoymuşlar.


Ayrı-ayrı tikililər şəhərin memarlıq üslubunu tamamlayan əhəmiyyətli həlqə olduğu kimi, memarlıq ünsürləri, eləcə də bəzək elementləri, insanların məişətində və əhatəsində olan müxtəlif sənət əsərləri də Şəkidəki yaşayış evlərinin ayrılmaz tərkib hissəsini təşkil edir. İnteryerin bədii zənginliyi – rəngarəng kaşı lövhələr, güzgülər, rəngli şüşəli şəbəkələr, buxarılar, həmçinin palazlar, parça, servizlər, qab-qacaq və ev əşyaları hesabına tamamlanırdı.


Mebelin inkişaf formalarının mürəkkəbləşməsini taxt formasında böyüklər üçün olan yataq yerində və uşaq beşiklərində müşahidə etmək olar. Məişətimizdə daha dözümlü və uzunömürlü mebel növü demək olar ki, uşaq beşikləri oldu – hansı ki, indi onlar ən kobud və sadə yolla – bir balta ilə hazırlanmış  nümunədən müasir xarrat üsulu ilə hazırlanır və fabrik üsulları daha da təkmilləşmişlər. Beşiklərin bəzənmə üsulları onu təsdiq edir ki, mebelin bu növü xüsusi səliqə və sevgi ilə hazırlanırdı.


Yazının da ardını məhz beşiklərə həsr etmək istəyirik.


Dünyanın hər yerində bütün zamanlarda yeni doğulan körpə uşaqları yırğalayıb yatdırmaq üçün insanlar müxtəlif formalı beşiklərdən istifadə ediblər.


Yaşadıqları regionun iqlim şəraitindən asılı olaraq, hər millət öz körpələri üçün hazırladıqları yataq səbətlərini cürbəcür adlandırırdılar: bizlərdə bu beşikdir, nənnidir, slavyanlarda- kolıbel, lyulka, zıbka və s. Beşiklər müxtəlif formalarda – ağac qabığından, dəridən, çərçivəli, oyulmuş, həsir, söyüd çubuqlarından hörmə səbət, qarmaq şəklində və s. olub.


Slavyanlarda əsasən asma beşiklər (zıbka)  olub. Bu da ki müxtəlif dini inanclarla bağlı idi. Hesab edirlər ki, körpə nə qədər yerdən hündür olsa, o qədər qara qüvvələrdən uzaq olar. Maraqlıdır ki, asma beşiklərdə böyüyən uşaqları dəniz xəstəliyi tutmurdu. Ona görə ki, belə beşik tavana bərkidilmiş xüsusi elastik və asanlıqla əyilən çubuq üstündə yırğalanırdı. Sonralar yaydan da istifadə edirdilər. Bu cür beşiklər daha çox avropa millətləri arasında yayılmışdır. Şiddətli soyuqlar olan ölkələrdə isə beşiklərdən heç istifadə edə bilmirdilər, ana öz körpəsini dərinin içində özünə bağlı vəziyyətdə saxlayırdı. Belə maraqlı faktlar çoxdur...


Şərq ölkələrində beşik adlanan mebel atributunun da çox zəngin tarixi var. Beşik indi biz tanıdığımız formasına çatınca uzun inkişaf mərhələsi keçib.


Keçmişdə nənnilər şam ağaclarının budaqlarından hörülürdü və onları tavandan asırdılar. Qədim yaşayış binalarında tədqiqat apardığımız zaman, bir cox evlərdə tavana vurulmuş zəngin naxışlı dəmirdən döyülmüş halqalar diqqətimizi cəlb edirdi. Hiss olunurdu ki, hələ körpə dünyaya gəlincə bu hadisəyə ailədə xüsusi hazırlıq görülürdü. Nənninin hazırlanması yaxşı sənətkara tapşırılır, həm də usta nənninin düzəltdikdə dualar oxuyardı. Sonralar yerə qoyulan beşiklər ərsəyə gəldi. O beşiklər də ekoloji təmiz ağacdan – palıddan və qozdan hazırlanırdı. Qədim beşiklərin konstruksiyası göstərir ki, onlara çox ciddi yanaşılıb, döşəməsi düz və kənarları çölə meyilli hazırlanıb. Beşiyi yürüyəndə körpənin beyninə pis təsir göstərməsin deyə, sənətkar onun yellənmə amplitudasını həmişə az edirdi.


Tarixdən məlumdur ki, Osmanlı dövründə çox vaxt padşahın yeni doğulacaq uşağı üçün beşik-bələk validə sultan tərəfindən hazırlanırdı. Hazırda Topqapı muzeyində Qanuni Sultan Süleyman dövrünə aid, o dövrün zənginliyini əks etdirən beşiyin orjinalı saxlanılır. Özü qoz ağacında, üzəri isə almaz, yaqut, zümrüdlərlə bəzədilib. Hələ şahzadə dünyaya gəlincə sarayda “Beşik alayı” mərasimi keçirilirdi. Həmin günü sarayda hədiyyələr verilirdi.


O dövrdə şahzədələrin beşikləri saf qızıldan olanda, kasıbların beşikləri sadə olurdu. Lakin körpənin Topqapı sarayında, yaxud ucqar kənddə dünyaya göz açmasından asılı olmayaraq, körpəyə olan ana sevgisi bununla nə artmır, nə də azalmırdı. İmkansız ailələrdə zümrüd ya da saf qızıl əvəzinə çitdən, kətandan, keçi tükündən, sıx toxunmuş kilimdən istifadə olunurdu. Tavandan asılan beşik kilimlə, ipəklə örtülür və isti-soyuğa davamlı olurdu. Eyni zamanda körpə üçün də narahatlıq yaratmır və körpəni zərərli böcəklərdən qoruyurdu.


Müxtəlif millətlərdə beşiklə bağlı cürbəcür inanclar var. Ruslarda körpə ağlağan olanda beşiyin içinə odun parçası qoyurlar ki, körpə odun kimi sakit olsun. Axşamçağı isə beşiyi çölə çıxarar, körpə üçün dinclik diləyirdilər. Nənə barmağını sobadakı külə bulayıb, körpənin alnina xaç işarəsi qoyurdu. Bir yaşına kimi, ümumiyyətlə körpəni yad adamlara göstərmirdilər, ona görə də beşiyin üstü daim çit və ya kətan parça ilə örtülü olurdu.


Bəzi ailələrdə beşikdən uşağın 2-3 yaşı tamam olunca istifadə edirdilər. Və bu ailədə ikinci körpə doğulduqda, böyük uşağı beşikdən ayırmaq çətin olurdu. Valideynlər də müxtəlif bicliklərə əl atırdılar. Məsələn, qorxunc bir kişi qəflətən otağa girib beşiyi aparırdı. Uşağa da deyirdilər ki, meşədə onun körpəsi var. Uşaqda qorxudan razılaşır və ağlamırdı.  


Azərbaycanlılarda isə, bele inanclar var... Körpəni bəd nəzərdən qorumaq üçün dualar yazdırıb, üçbucaq şəklində parçaya büküb ya körpənin qundağına, ya beşiyə bərkidərdilər. Bundan əlavə üzərlik bitkisindən və dağdağan ağacından çağaya göz dəyməmək üçün istifadə olunurdu. Beşikdə körpənin balışının altına qoyulan bıçaq və qara çörək isə sakit yuxu gətirmək üçün istifadə olunurdu.


Yeni doğulmuş çağanı əvvəlcə qundaqda anasının yanında salınmış yerə qoyardılar. Vaxtaşırı bələyi açıb qundağı təzələyərdilər. Körpəni 7-10 gündən sonra şərq bölgələrində beşiyə, qərb bölgələrində isə nənniyə qoyardılar. Isti yay günlərində ölkənin şərq bölgələrində də körpə nənniyə qoyulardı. Beşik ağacdan düzəldilirdi. Onun alt hissəsinə saxsı sibinc qoymaq üçün deşiyi olurdu. Beşiyə ortasında yarığı olan ağ parça salınırdı. Sibincin içinə salınmış lülək (düdük) vasitəsilə körpənin qundağı daim quru qalırdı. Körpə olan otağa, ailə üzvlərindən başqa, ilk dəfə gələn olanda əvvəlcə körpəni otaqdan çıxarar, gələn adam içəri keçdikdən sonra körpəni onun “üstünə” gətirərdilər, ya da körpəni qapının ağzından yuxarı qaldırar, gələn adam onun altından keçib otağa daxil olardı.


Azərbaycanlılarda belə bir inanc da var ki, körpə yuxuda gülərsə deməli o sehirli cənnət bağlarını yuxuda görür, onu mələklər güldürür. Yəqin ki, körpəni beşikdəki təbəssümü valideynlərinə o qədər xoş təsir bağışlayırdı ki, bu da beşiklərin daha çox bər-bəzəkli olmasına gətirib çıxarmışdır. Çox hallarda beşiyin baş hissəsinə günəş şəkli həkk olunurdu, aşağı tərəfinə isə təsvirli naxışlar vurulurdu. Belə beşiklər nəsildən nəslə verilir və bir beşikdə bir neçə nəsil böyüyürdü.


Bildiyimiz kimi, Azərbaycan ailəsində gəlinin mövqeyi və ona münasibət əsasən onun dünyaya uşaq gətirməsindən asılı idi. Gəlin hamiləlik dövründə böyük qayğı ilə əhatə olunurdu. Gəlin ürəyi nə istəsə tapıb gətirərdilər. Ona qüvvətli və keyfiyyətli ləziz yeməklər yedizdirərdilər. Hamilə qadın yalnız gözəl əşyalara və mənzərələrə, göyçək adamlara baxmalı idi ki, onun uşağı da gözəl olsun. Hələ uşağın anadan olması ərəfəsində ailədə xüsusi hazırlıq görülür, paltar tikilir, yorğan – döşək hazırlanır, nənni düzəldilir və beşik alınırdı. Xan, bəy və əsilzadə ailələrdə sifarişlə sənətkarlar tərəfindən çox zəngin beşiklər də hazırlanırdı. XVIII əsr Şəki xanı Məhəmməd Həsən xanın beşiyi bu cəhətdən maraqlıdır.


Yeri gəlmişkən, Məhəmməd Həsən xanın beşiyinin fotosunun bizə təqdim edən – “Yuxarıbaş” Dövlət Qoruğunun əməkdaşı Nemət Hacıyevə öz dərin minnətdarlığımızı bildiririk.


Beşik bir başa qundaqlanma ilə bağlıdır. Dünyanın bazarlarında bu günə kimi beşiklər satılır və istifadə olunur. Bir də ki, bu artıq adət-ənənəmizdir və sevindirici haldır ki, bəzi ailələrdə gəlinlər elə bu gün də bu adət-ənənəylə razılaşırlar (ələlxüsus kənd yerlərində), çünki valideynlərimiz belə deyir, belə də olmalıdır. Bu məsələ ailələrin çoxunda müzakirə olunmur.


Buna baxmayaraq, son vaxtlar beşiklər sayılmaz  olub. Çox təəssüf ki, yeni nəslin nümayəndələri körpənin normal böyüməsi üçün əvəzolunmaz bir predmet hesab olunan beşiklərdən imtina etməyə başlayıblar.


Səhv etmirəmsə, ötən il Daşkənddə Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova tərəfindən beşik mövzusu ilə bağlı sərgi təşkil edilmişdi. Sərgi özbək milli beşiyinin istifadəsinin faydalılığı, məqsədəuyğunluğu barədə mübahisələrə səbəb olmuşdu. Özbək cəmiyyətində beşiyin istifadəsi barədə beşiyin istifadəsi barədə mübahisələr olduqca çoxdur. Məsələn, rayon uşaq həkimləri valideynlərə qəti olaraq beşikdən istifadə etməyi məsləhət görmürlər. Onların fikrincə, çoxdan sübut olunub ki, bərk və kip qundaqlanma displaziya (çanaq-bud oynağının səhv formalaşması) xəstəliyinə gətirib çıxarır. Eləcə də kəllə sümüyünün deformasiyası əmələ gətirə bilər. Həkimlər qeyd edirlər ki, beşikdə böyüyən körpələr seçilir, immunitetləri zəif olur, boynun ardı yastı olur. Hesab olunur ki, zəif immunitet körpənin az hərəkətdə olması ilə bağlıdır. Körpənin döş qəfəsinin, qarnının, qollarının, ayaqlarının sıxılması qan dövrarının və körpənin ümumi inkişafının pozulmasına səbəb olur. Bu barədə hər bir həkim məlumat verə bilər.


Bəzi vətəndaşların, həkimlərin neqativ fikirlərinə baxmayaraq beşiyi köhnə lazımsız bir əşya kimi muzey eksponatına çevirmək olmaz. Bu ənənəyə riayət edə bilmiriksə, hörmət etmək lazımdır.


Ata babalarımız beşikdə böyüyüb və nə fiziki cəhətdən, nə də zehni cəhətdən sonrakı nəsillərdən heç də geri qalmayıblar. Hətta müasir insanlardan daha sağlam olublar. Beşik çağa üçün geridə qalmış yataq yeri deyil.


Sadəcə, həm yeni doğulmuş körpələrimizə, həm onları dünyaya gətirən analarımıza münasibət yaxşıya doğru dəyişməlidi. Axı çox uzaq olmayan keçmişimizdə qırxı çıxmamış zahı qadını ağır işlər görməyə qoymazdılar. Qırx gün müddətində “natəmiz” hesab olunduqlarından onlara hətta xəmir yoğurmağa, çörək bişirməyə və inək sağmağa da icazə verilmirdi. Körpə beşikdə və ya nənnidə yatarkən anası ona laylalar oxuyardı. Əlbəttə, körpəni beşiyə qundaqlayib, onu orda unudub sutkanın 20 saatını bağlı saxlamaq olmaz. Bele diqqətsiz yanaşma körpələrimizə ziyandan başqa heç ne verməz. Ananın öz körpəsinin beşiyi ətrafında oxuduğu laylalar, bayatılar isə körpənin tərbiyəsinin təməlini qoruyurdu.


Bu gün, nəinki beşikdə, yaxşı olarda ki, yeni doğulmuş körpələr asma nənnilərdə bəslənsinlər. Asma beşik rahat, təmiz və çox əlverişlidir... Şübhəsiz, bu ənənəyə qayıtmaq olar. Beşiklərin ritmli yırğalanması, xudmani həcmi, çağaya rahatlıq gətirər.


Beşik mövzusu ilə bağlı problemin həll olunması üçün elə bilirik, məqsədyönlü təbliğat aparmağın vaxtı çatıb. Bizim mədəniyyətimizdə beşik onsuz da bir miras olaraq qalacaq, çünki beşiklər bizim tariximizin, mədəniyyətimizin baş tacıdır.


Bu gün biz nəinki Şəkini, bütün Azərbaycanın dörd bir tərəfini gəzib yaddan çıxmış beşikləri axtarıb tapmalıyıq. Əldə olunmuş  nümunələrin formalarına əsasən ustalar üçün kataloq – albomlar yaratmalıyıq, beşik istehsalı üçün yeni sexlər, fabriklər açmalıyıq. Elə bilirik hamıya məlumdur ki, ekoloji təmiz ağaclardan hörülmüş, yonulmuş, zövqlə bəzədilmiş beşiklərin sağlam nəslin böyüməsində rolu hədsizdir. Biz beşikləri nəinki özümüz üçün qaytarmalıyıq, onları dünyaya tanıtmalıyıq.


Bu gün müasir insan öz evini, öz həyatını mebelsiz təsəvvür edə bilməz. Özümüz üçün konfort yaradıb yaşamaq üçün biz əlimizdən gələni edirik. Lakin istəməzdim ki, fikirlərim antireklam kimi səslənsin.


Doğrudur, hazırda müxtəlif iş adamları çağalar üçün külli miqdarda əşyalar istehsal edirlər. Bunların arasında da təbii ki, uşaq çarpayıları böyük yer tutur. Onların zəhmətini heç də  qiymətsiz etmək fikrimiz yoxdur, lakin keçmişdəki beşikləri müasir uşaq çarpayıları ilə müqayisə etmək qətiyyən düzgün olmazdı. 3-4 günlük çağanı doğum evindən gətirib müasir, naməlum materiallardan, ziyanlı boyaqdan, yapışqandan istifadə olunan çarpayılardan gələn qoxu, yapışqanın preslənmiş kartonun (“DSP”-nin) qoxusuna biz yaşlı insanlar çətin tab gətiririk. Belə olanda “dilsiz-ağızsız” körpələr bu çarpayılarda özlərini necə yaxşı hiss edə bilərlər.


Əlbəttə, dünyada elə tanınmış mebel fabrikləri var ki,  baha da olsa körpələr üçün yüksək qiymətləndirilir. Lakin belə mebeli əldə etmək üçün hamının imkanı varmı?..

Şəhərimizin qədim yaşayış evlərində tədqiqat apardığımız zaman məlum olurdu ki, bir çox unudulmaqda olan adət-ənənələrimizin, məişətimizdə istifadə olunan avadanlıqlarımız, tikintidə istifadə edilən qaydalar və materiallar təəssüf ki, yox olma dərəcəsinə gəlib çatıb. Plastik çərçivələrin, alçıpan deyilən tavanların quraşdırılması, divarların yeni materiallarla suvanması hansı rahatlığa gətirdi, Müasir dizayn, “Yevroremont”? Bəs bizim yerli materiallarımız, ustalarımızın bizə miras qoyduqları üsullar? Mötəbər taxta çərçivələr, tavanlar, çay daşı, çiy və bişmiş kərpic, sarı palçıq ( singir) – bu materiallara tikinti zamanı niyə məhəl qoyulmur?  (Tikinti materialları ilə bağlı gələcək yazılarımızda məlumat vermək fikrimiz var)...


Bu gün beşiklərlə yanaşı başqa məişət avadanlıqlarımız da sıradan çıxır. Bir çox ailələr sandıqlardan da imtina edir. Qızların cehizində sandığa yer tapılmır. Bunun əvəzində, təəssüflər olsun ki, yeni bir adət azərbaycanlılar arasında özünə yer tapıb: toy qabağı qızlar toyda rəqs etmək üçün xüsusi rəqs dərsləri keçir. Sən deme gəlin öz toyunda nə qədər peşəkar rəqs etsə, ər evində yaxşı evdarlığı olacaq.


Gələcək xanımın başqa sahələrdə qabiliyyəti isə tamamilə arxa plana çəkilib. Ona görə də sandıq, beşik, mərdənə və s. nənə-babalarımızın işlətdiyi avadanlıqlar sayılmaz olub. Tək-tük ailələr bu gün mis qazanlardan, taxta qaşıqlardan, duluz qablardan istifadə edirdilər. Ziyanlı metal qablara, 1-2 dəqiqəyə suyu qaynadan elektrik çaydanlarına isə daha çox üstünlük verirlər. Qeyd etdiyimiz kimi, ekoloji cəhətdən təmiz qab-qacaq, avadanlıq, mebel, tikinti materialları dünyanın bir çox ölkələrində var və istehsal olunur. Amma onların qiyməti də “yaxşıdı”... Lakin  təəssüf ki, bizim dükanlarda saxta avadanlıqlar çoxluq təşkil edir. Həm də niyə axı bizə yaxın olan ucuz materiallardan istifadə etmək əvəzinə, keyfiyyətsiz  xarici mallara üz tutmalıyıq? Hər şey müasir sənətkarlarımızın, dizaynerlərimizin əlindədir. Qəti şübhə etmirik ki, yerli sənətkarlarımızın əllərindən çıxan məişət avadanlıqları hamımızın ürəyincə olar...


Beləliklə, “El sənətləri” qrupunun apardığı tədqiqatların nəticələri onu göstərir ki, Azərbaycan xalqının tarixi-mədəni irsi Şəkinin yaşayış evlərində yaşamaqdadır. Bu gün bu mirasın tədqiqata və bərpaya ehtiyacı var. Bədii cəhətdən müasir dövr üçün əhəmiyyət kəsb edən, tariximizdə olan əksər sənətkarlıq sahələrinin məhsuluna həyat verməliyik.


Dərdimiz təkcə beşik dərdi deyil...

=============================

"Şəki Bələdiyyəsi" qəzeti,

No 1-3 Yanvar-Mart, 2012-ci il



Создан 28 сен 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi