Tarix qarşısında məsuliyyət

Müəllif: İradə RÖVŞƏN, memarlıq üzrə fəlsəfə doktoru



Tarix qarşısında məsuliyyət 

 

İradə RÖVŞƏN,

“Folklorşünaslıq və el sənətləri” laboratoriyasının rəhbəri, 

memarlıq üzrə fəlsəfə doktoru

 

AMEA Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” laboratoriyası vaxtaşırı Şəkinin və Azərbaycanın digər rayonlarında yerləşən tarixi abidələri ziyarət etməyi iş planına daxil edib. Təbii ki, Mərkəzin digər əməkdaşları da belə ekskursiyaları nəzərdən qaçırmır və həvəslə iştirak edirlər. Bu yaxınlarda yeni bərpa olunmuş möhtəşəm bir evin açılışında çoxlarımız iştirak edə bilməsək də, həmin evi gedib görmək hamımızın arzusu idi. Söhbət Şəki şəhərinin “Otaq eşıyi” məhəlləsində yerləşən, Məhəmməd Hüseyn xan tərəfindən tikilmiş Şəkixanovların evindən gedir. Bu bina ötən əsrin 70-ci illərinə qədər şəxsi mülkiyyətdə olmuşdur. Sonralar dövlət burda yaşayan ailəyə onları qane edəcək qədər pul verib binanı satın almışdır. Ötən əsrin əvvəllərində isə keçmiş sahiblərdən biri binanı özəlləşdirərək dövlətdən geri aldı. Bu söz-söhbətlər barədə mən məqaləmdə ətraflı yazmağı artıq hesab edirəm. Hərçənd o qalmaqallı illər mənim də elmi işimdə öz izini qoydu. Dissertasiya müdafiə etdiyim zaman Elmi şuranın iradlarından biri o oldu ki, niyə mövzuda Şəkixanovların evi barədə geniş məlumat yoxdur. (Dissertasiyamın mövzusu məhz yaşayış evləri ilə bağlı idi). Və mən onda deyə bilmədim ki, o evin qapıları gənc tədqiqatçı üçün bağlıdır. O vaxt mən həmin binada nə ölçü işləri apara bilmişdim, nə də əməlli başlı fotoşəkillər çəkmişdim. Ona görə də, Şəkixanovların evinə aid  stend heç gözəxoş alınmamışdı. Bu nüans Elmi suranın qərarına təsir göstərməsə də, mənim qəlbimin dərinlikərində xoşagəlməz iz qoymuşdu.


Şükürlər olsun ki, illərlə sürən məhkəmə işi axır ki, bu evin gələcək nəsillərimizə bir miras olaraq qalması üçün düzgün qərar verə bildi. Şəkixanovların evi ilk dəfə təmir olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il avqustun 14-də Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən Şəkixanovların evi ilə tanış oldu. Xatırladaq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilmiş və bu məqsədlə vəsait ayrılmışdı və ərazisi 700 kvadratmetr olan binanın təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında yerinə yetirilib başa çatdırıldı.


Bu abidənin tarixini tanınmış memarlar, tarixçilər, filoloqlar öz elmi kitab və məqalələrində ətraflı işıqlandırmışlar.  M.Hüseynov, Ə.Salamzadə, Ə.Tahirzadə, N.Əsgərova və digər alimlərimizin əsərlərində Şəkixanovların evi barədə geniş məlumat verilib.  Elə bilirəm, onların fikirlərini qısa şəkildə sizə çatdırmaq məqsədəuyğun olardı. Belə ki, mənim yeni söyləyəcək bir versiyam yoxdur, sadəcə mən bir memar kimi fəxr edirəm ki, artıq Şəkixanovların evinın qapıları xalqımızın üzünə həmişə açıq olacaqdır.


        Qeyd etdiyimiz kimi, Şəkixanovların evi 1765-66-cı illərdə Məhəmməd Hüseyn xan tərəfindən tikdirilmişdir. Şəki qalasından qismən uzaqda yerləşən  bu möhtəşəm ev öz ölçüsünə görə də Şəki xanlarının sarayından kiçikdir. 20-ci əsrin əvvəllərində burada yalnız bir otaq bəzədilmiş idi. Çox güman ki, elə əvvəlcədən də belə olub. Belə ki, Məhəmməd Hüseyn xanın edamdan öncə yazdığı şeirdə “müzəyyən otağım qaldı düşmənə” ifadəsini işlədir. Məhəmmədiyyə təriqətinə aid bir kitabda isə qeyd olunur ki, Məhəmməd Hüseyn xan “Qurğuşunlu otaq”da yaxalanmışdır. Bu isə o deməkdir ki, binanın elə əvvəlcədən yalnız 1 otağı bəzədilmiş olub və buna görə də bina “Qurğuşunlu otaq”,  yaxud “Müzəyyən otaq” adlanıbdir.  Yəqin ki elə buna görə binanın yerləşdiyi məhəlləyə əvvəlcə “Qurğuşunlu otaq eşiyi”, yaxud “Müzəyyən otaq eşiyi” deyilmiş, sonra isə bu məhəllə sadəcə “Otaq eşiyi” kimi adlanmağa başlamışdır.


Dəfələrlə aparılan araşdırmalar sübüt etmişdir ki, bu tikilinin interyerindəki divar naxışlarının vurulması Şəki xanları saraynın divar naxışlarının vurulmasının ilkin dövrünə təsadüf edir, daha doğrusu XVIII əsrin ikinci yarısına. Məhz buna görə də ornamentlərin zəngin elementlərlə bəzədilməsində klassik formalardan istifadə olunmuş, naxışları təşkil edən fiqurlarin düzgünlüyünə və onların ortdüyü səthin hamarlığına daha çox diqqət yetirilmişdir. 


Şəkixanovların evi xalq yaşayış evlərinin inkişaf etmiş formasından saray tipli evlərə keçid formasıdır. Qabarıq şəkildə irəli uzanmış ikimərtəbəli tikili Şəki xalq yaşayış evlərinin bütün xüsusiyyətlərini özündə saxlamaqla, eyni zamanda interyerindəki dekorativ elementlərin zənginliyinə görə saray tipli binalara oxşayır. Evin küçəyə çıxan divarlarında oyuqlar yoxdur. Binanın planında və fasadında evin xidməti, yaşayış və qonaq otaqlarına bölündüyu aydın özünü göstərir. Evin hər mərtəbəsi üç otaqdan və yan otaqlara birləşən böyük olmayan iki vestibüldən - dəhlizdən ibarətdir. Birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkanlar vestibüldə yerləşir.

Birinci mərtəbədəki otaqlar qış yaşayış  mənzilləri olduğundan burada qızdırıcı buxarılar quraşdırılmışdır. Evin yuxarı mərtəbəsi bütövlükdə qonaqlar üçün nəzərdə tutulmuşdur. Binanın bir tərəfdən divarı qonşu binaya söykənir, o biri divarına isə çardağa aparan pilləkan birləşir.  Şəkiyə xas olan tikilinin yerləşdiyi sahə bir az irəli çıxır, arxa və yan tərəflərdən çaydaşı və kərpiclə hörülmüşdür. Fasadın həyət tərəfindəki meydança da çox səliqə ilə yonulmuş daş və kərpiclə örtülmüşdür. Otaqların zəngin tərtibatını  zalın bütün fasadını tutmuş çoxrəngli şəbəkələr tamamlayır. Evin baş fasadı gözoxşayan və proporsional forması ilə fərqlənir. Fasadın mərkəzi oxu böyük vitraj-şəbəkə ilə işlənmişdir, buna nisbətən ritmik şəkildə xırda ölcülü şəbəkə yerləşir, aşağı mərtəbədə başqa ritmli pəncərə və qapı boşluqları çox səliqə və dəqiqliklə öz yerini tapmışdır.


Şəkixanovların evinin fasadının aşağı hissəsinin sadə quruluşu alt mərtəbədəki yaşayiş otaqlarının  bəzədilməsinə çox uyğun gəlir, bu hissədə ornament və naxış demək olar ki yoxdur, hətta qızdırıcı buxarılar da  heç bəzədilməmişdir. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı zəngin və mütənasıb naxışlarla bəzənmiş və zalın içərisi ona nisbətən simmetrik olaraq xalq yaşayış evlərinini interyerinə uyğun işlənmişdir. Buxarının kənalarında isə divarda dərin olmayan, naxışlarla örtülmüş taxçalar vardır.


Şəkixanovların evinin  digər diqqətəlayiq cəhətindən biri də divar naxışlarında XII əsrdə yaşamış dahi Azərbycan şairi Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarının təsviridir. Və bütün bu rəsmlər XVIII-XIX əsrlərdəki ancaq heyvan və quş şəkilləri ilə bəzədilmiş divar naxışları ilə müqayisədə nadir nümunələr hesab edilir.


Yazının sonunda onu da vurğulamaq istəyirəm ki, Elmi Mərkəzin kollektivi gələcəkdə də xalqımızın digər tarixi-memarlıq abidələrinə analoji ekskursiyalar təşkil edəcək, mədəni irsimizin necə qorunması, qədim tikililərimizin vəziyyəti barədə oxucularımıza məlumat verəcəkdir. 

 

"Şəki bələdiyyəsi" qəzeti.



Обновлен 29 ноя 2013. Создан 21 сен 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi