Qlobal iqlim dəyişikliyi ilə bağlı səciyyəvi bitkilərdə əks olunan əlamətlər

Müəlliflər: Firədun İBRAHİMOV, Dilbazi CƏMİLOV



Böyük Qafqazın cənub yamaclarının dağətəyi ərazilərində qlobal iqlim dəyişikliyi ilə bağlı  səciyyəvi bitkilərdə əks olunan əlamətlər

(Qoz, fındıq, şabalıd, heyva agacları timsalında)

 

İbrahimov Firədun

ŞREM-in aparıcı elmi işçisi,

pedaqoji elmlər doktoru

 

Cəmilov Dilbazi                  

ŞREM-in elmi işçisi

                                                     

Məlum olduğu kimi, insan, bitki, heyvan və başqa canlı orqanizmlərin yaşadığı şərait bütövlükdə təbii mühit adlanır. Təbii mühit amilləri, başqa sözlə ekoloji amillər abiotik və biotik olmaqla iki qrupa ayrılır. Bütün biotik amillər cansız təbiətin tərkib hissələridir, bu tərkibə işıq, temperatur, rütubət, hava, su, torpaq daxildir. Biotik amillərin xüsusi qrupunu antropogen amillər təşkil edir: bu da insanın təbiətin dəyişməsinə səbəb olan müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyətdir. Yer kürəsində bütövlükdə, eləcə də onun müxtəlif regionlarında ekoloji tarazlığın pozulması ilə nəticələnən bir sıra hadisələr törədilir. Nüvə silahlarının yeraltı və yerüstü sınaqdan keçirilməsi, okeanların altında kütləvi qırğın silahı anbarlarının yaradılması, kiçik və iri miqyaslı müharibələr, bioloji və kimyəvi silahların istehsalı, sınaqdan keçirilməsi, meşələrin , heyvanların məhv edilməsi, bataqlıqların qurudulması, kimyəvi maddələr işlətməklə balıq ovu, yer relyefinin süni yollarla böyük ölçülərdə dağıdılması, quru və hava yollarından istifadə zamanı yanacaq qalıqlarının aramsız havaya qarışdırılması, kosmik və planetlərarası aparatların saysız-hesabsız qəzaları, raketdən müdafiə sistemlərinin sınaqları və insan əli ilə törədilən digər amillər yerin səthində, su qatlarında, atmosferdə ekoloji tarazlığa mənfi təsir göstərən amillərdir.

Ekoloji amillər vahidin tərəfləri kimi dialektik vəhdətdədir. Temperatur ətraf mühit amilinin tərkib hissəsidir, canlı varlıqlar və cansız təbiət üçün böyük əhəmiyyət kəsb edir. Temperaturdan asılı olaraq bitki və heyvanlarda müəyyən dəyişikliklər gedir. Arzuolunan haldır ki, bütün il boyu bitki və heyvanlarda müəyyən dəyişikliklər fəsli növbələşmə ardıcıllığı üzrə getsin. Məntiqi növbələşmə təbiətə bir başa təsir etdiyindən onunla əhatə olunan bitki, heyvan və insanlar təkamül prosesində fəsillərin bu rejiminə uyğunlaşmışlar. Təbii sual yaranır:

- İnsan sözügeden təbii dəyişmələr rejiminə təsir etmək iqtidarındadırmı?! İqlim dəyişmələrində yarana biləcək fəsadlarda insanın arzuolunmaz payı nə qədərdir?

Həqiqətdə iqlim daim inkişafda olan və müxtəlif dəyişikliyə məruz qalan sistemdir. Istiləşmənin, eləcə də soyuqlaşmanın hansı dövrlərdə yaşamağımızla bağlı suala cavab vermək asan deyil. Eyni zamanda həm istiləşmə , həm də soyuqlaşma prosesinin getdiyi bir dövr də tamamilə mümkündür. Bu iki təbiət hadisəsinin bir-birini əvəz etməsi yüz milyon illər ərzində baş verir. Dəyişən yalnız prosesin davamlılıq dövrüdür. Hazırki, iqlim dəyişməsi erası bütövlükdə buzlaşma dövrü adlanır. Təbii ki, ondan əvvəl isə istiləşmə erası mövcud olub.

Bütün dünyanın və eləcə də Azərbaycanın iqlimi həmişə dəyişir. 2010-cu ilin yayı göstərdi ki, görünməmiş soyuqların dalınca qeyri-adi istilər də gələ bilər. Və bununla mübarizə etmək mümkün deyil, hətta mənasızdır. Biz əslində iqlim dəyişikliklərindən yox, ozümüzün fəaliyyətimizdən əzab çəkirik.

Yer kürəsinin atmosfer qatında təbii halda 0,03 faiz karbon qazı var. Bizim “əməllərimizlə” bu miqdar dəyişir, karbon qazının miqdarının normadan xeyli yüksək həddə çatması və əksinə, oksigen qazının durmadan azalması iqlimdə ciddi dəyişikliyə səbəb olur. Məhz bu səbəbdən də Böyük Qafqazın cənub yamaclarında dağətəyi ərazilərdə qlobal iqlim dəyişikliyindən asılı olaraq səciyyəvi bitkilərdə-qoz, fındıq, şabalıd, heyva kimi meyvələrin məhsuldarlığı azalır. Ekoloji tarazlığın pozulması ilə qeyd olunan bitkilərdə müşahidə olunan xəstəliklərin artması, iqlimin quraqlaşması və müəyyən dərəcədə sərtləşməsi nəticəsində yaranan təsərrüfat problemləri, şəhər ətrafı yaşıl massivlərdə və eləcə də dağların meşə qurşağında baş verən yanğınlar, həmin ərazilərin içməli suya olan təlabatının artması ilə əlaqədar olan problemlər ciddi böhran, faciəli, kolars şəraitinin yaranmasına gətirib çıxaracağı şübhə doğurmur.

Digər bir səbəb isə alçaq və orta dağlıq qurşaqlarda zərərverici mikroorqanizmlərlə əlaqədardır. Atmosferdə “istixana effektinin” yaranması ilə əlaqədar mülayim en dairələrində yay isti və quraq keçir. Bu isə mikroorqanizmlərin troposfer qatının yuxarı hissələrinə qalxmasına şərait yaradır. Qlobal istiləşmə ilə əlaqədar zərərvericilər 600 m-dən 1400 m-dək yuxarı qalxaraq tozlanma dövründə bitkilərin erkəkcik və dişicikləri üzərində parazitlik edərək meyvənin əmələgəlmə prosesinə mane olurlar. Belə halda ağacların yarpaqları ilə qidalanaraq məhsuldarlığı aşağı salırlar.

Böyük Qafqazın cənub yamacında qoz, fındıq, şabalıd ağacları dəniz səviyyəsindən 600-1400 m yüksəkliyə qədər ərazilərdə yayılmışdır. Bu qurşaqlara düşən yağıntıların illik miqdarı 700mm-1400mm-ə qədərdir. Orta dağlıqda yerləşən meşə bitkilərindən şabalıd, qoz, fındıq, qovaq, cökə kimi ağaclar rütubətli iqlim şəraitinə uyğunlaşmışlar. Tozlanma dovründə iqlimin isti, quraq (əlverişsiz) keçməsi ilə tozlanma faizini aşağı salır.

1994-cü ildən ŞREM-də “Sellerin öyrənilməsi” laboratoriyasının əməkdaşları çoxillik iqlim dəyişikliyi ilə əlaqədar olaraq hava üzərində vizual müşahidələr aparırlar. Bu bölgənin relyefi, coğrafi enliyi, torpaq, iqlim şəraitindən asılı olaraq və atmosfer dövranının xarakterinə görə Şəki-Zaqatala regionunun Şəki inzibati coğrafi rayonunda aparılmış müşahidələrdən aydın olur ki, temperaturun, yağıntının, günəşli günlərin, bulud, duman elementlərinin kvartallara əsasən kəskin fərqlənən illərdə meşə qurşaqlarında meyvə verən bitkilərdə məhsuldarlığın kasıb olması təzahür edir. Bir daha qeyd edək ki, qlobal istiləşmə yer kürəsi üçün müəyyən zaman mərhələsində müşahidə olunur. Müasir iqlim dəyişmələri mərhələsi atom və yüksək texnologiyanın inkişafı dövrünə təsadüf etdiyinə görə əvvəlki dəyişmələr mərhələsindən xeyli fərqlənir. Belə bir vəziyyət yaxın 30-40 il ərzində olduqca böyük subtropik və mülayim qurşaq ərazilərinin hətta səhralaşmasına gətirib çıxaracaqdır. Apardığımız müşahidə və tədqiqatlara əsasən 2012-ci ilin aprel, may aylarında Böyük Qafqazın qeyd etdiyimiz cənub yamaclarına yağıntının az düşməsi, temperaturun əvvəlki illərdən fərqli olaraq 5-8 dərəcə çox olması həmin bitkilərin tozlanmasına parazitlilik imkan verməmişdir. Qlobal iqlim dəyişməsi mərhələsi kimi, çox geniş təzadlaşma, təbiətin dəhşətli ekstremal sınağından çıxmaq üçün bütün dünya miqyasında ekoloji problemlərə ciddi diqqət göstərilməli və imkan daxilində insanlardan asılı olan bütün nöqsanları aradan qaldırmağa çalışmalıyıq.

Azərbaycan Respublikası təbii dağıdıcı hadisələrin çoxluğu və aktivliyinə görə ən səciyyəvi ölkələrdən biridir. Belə təbii hadisələrdən biri də sellərdir.

Sel axınları Azərbaycanın əksər dağlıq rayonlarında müşahidə olunur. Lakin Böyük Qafqazın cənub yamacı fəallığına görə dünyanın ən selli bölgələri ilə müqayisə ediləcək səviyyədə dayanır. Cənub yamacın özünün daxilində isə Mazım-Daşağıl çayları arası ərazilərin aktivliyi daha böyükdür ki, bu hissə də məhz Şəki-Zaqatala iqtisadi rayonunun mühüm hissəsini təşkil edir. Son 100 ildə (1890-1989) Azərbaycanda baş verən 338 sel hadisəsinin 160-ı məhz cənub yamacın payına düşmüşdür. XX əsrin 70-80-ci illərində Şəki-Zaqatala regionunda selə qarşı aparılan mübarizə tədbirləri kifayət qədər müsbət nəticəsini vermişdir. Lakin 80-cı illərin sonu 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması və respublikamızın keçid iqtisadiyyatına qədəm qoyması selə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində də fasilələrə səbəb oldu. Keçid dövrünün çətinlikləri, müharibə şəraiti, bir milyona qədər insanın qaçqına çevrilməsi, meşələrin kütləvi qırılması, yay otlaqlarının Kiçik Qafqazdan Böyük Qafqaza yerdəyişməsi, qlobal istiləşmə və digər amillərin mənfi təzahürləri Şəki-Zaqatala regionundan da yan keçmədi. Bu isə çay hövzələrində aşınma prosesinin artması, flüvial çöküntülərin çoxalması, sel aktivliyinin güclənməsi ilə müşaiyət olunmağa başladı. Nəticədə 70-ci illərin sonlarından cənub yamacda selin qismən qarşısının alınması məqsədi ilə həyata keçirilən mübarizə tədbirləri tədricən əhəmiyyətini itirdi və ardıcıl olaraq 1988, 1992, 1996, 1997, 2000, 2004-cü illərin selləri baş verdi. Sevimdirici haldır ki, indi selə qarşı mübarizə tədbirləri yenidən gücləndirilmişdir. Lakin qlobal iqlim dəyişikliyi proseslərinin davam etməsi yuxarıda qeyd olunan sel əmələgətirici amillərinin daha da guclənə biləcəyi ehtimalının mövcudluğunu unutmamağı bizlərə andırır.              

Bir daha qeyd edək ki, bu müşahidələrə ŞREM –də 1994-cü ilin II rübündən başlanılmışdır. Burada hər gün havanın yağmurlu, günəşli, küləkli, mülayim və soyuq, göyün üzünün açıq və ya buludlu olması halları hamısı cədvəl əsasında saat və dəqiqələrlə qeyd olunur.

Yeri gəlmişkən qeyd edək ki, təqvimlə bağlı xalq müşahidələri olduqca maraqlı və çoxcəhətlidir. Bu müşahidələrin böyük əksəriyyəti elm tərəfindən təsdiq edilmişdir. Vurğulamaq lazımdır ki, xalqın əsrlər boyu sınadığı, müşahidə etdiyi təbii hadisələr iqlim, yerli mühit və təsərrüfat fəaliyyəti ilə üzvi şəkildə bağlıdır. Nəticədə əvvəlcə xalq təqvimi, sonra ona əsaslanan rəsmi təqvim yaranmışdır. Məqsədimiz hava üzərində aparılan müşahidələr əsasında şərq təqviminin məlum xüsusiyyətləri nəzərə alınmaqla ayrı-ayrı illər üçün təxmini də olsa hava haqqında proqnoz hazırlamaqdan ibarətdir.

Insan təbiətin bir hissəsi olduğuna görə onun bütün varlığı iqlimyaradıcı amillərin normal gedişi, miqdarı və təsirindən asılıdır. Lakin insan qeyri normal təbii şəraitdə də öz yaşayışını təmin etməyi bacarır, təbiətin yaratdığı çətinliklərin qarşısını ala bilir. Əgər havada hərəkət olmasa, yer üzərində yaşayış da olmaz. Insan hələ hava dövranı prosesinə təsir edib, onu istədiyi istiqamətdə dəyişə bilmir. Lakin adamlar səth örtüyünün müəyyən ünsürlərini dəyişməyi bacarır. Ona müsbət və mənfi təsir göstərə bilir. Bunların içərisində isə ən qüdrətlisi günəş radiasiyası, günəş işığıdır.

Təbii fəlakətlərin baş verəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün olmadığından, insanlar yalnız onların mənfi nəticələrindən özlərini və ətraf aləmi qismən qorumaq üçün tədbirlər görməlidir, bunun üçün çalışmalıdır. Bu yönümdə uğurlu fəaliyyət üçün insanlar:

-təbiət-riyaziyyat elmlərinin əsasları üzrə biliklərə yiyələnməlidir;

-daim inkişafda olan texnika və texnologiyalar üzrə bilik və bacarıqlara malik olmalıdır;

-mənəvi saflıq, nəfs toxluğu kimi şəxsi keyfiyyətləri özündə əxz etməlidir;

Təbii ki, ekoloji problemlərə bütün dünya miqyasında diqqət göstərilməli və imkan daxilində insanlardan asılı olan nöqsanlara “yox” deməlidir.

  Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına əsasən hər il dünya üzrə baş verən təbii fəlakətlərin 80-90 faizi məhz hidrometeoroloji, digərləri geofiziki proseslərlə bağlıdır.

Qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində 1990-cı ildən başlayaraq dünya üzrə baş verən təhlükəli hidrometeoroloji hadisələrin dinamikası neqativ artmaqda davam edir. Dünya üzrə orta illik temperatur 0,6-0,7 selsi dərəcə  artmışdır ki, hazırki iqlim dəyişməsi erasında XX əsr ən isti əsr, 1990-2000-ci onillik isə ən isti onillik kimi qeydə alınmışdır. Bütün instrumental müşahidə dövründə dünya üzrə ən isti il 1998-ci il, ikinci isti il isə 2001, 2003-cü illər olmuşdur. Temperaturun belə artması nəticəsində dünya üzrə dənizlərin orta səviyyəsi 10-20 sm artmış və bu artım son 3000 ildəki orta səviyyədən 10 dəfə artıq hesab olunur. Son 50 ildə şimal yarımkürəsində dənizlərdə buz örtüyü 10-15 faiz azalmış, çay və göllərdə buz örtüyünün davamiyyəti 15 günə, Şimal Buzlu okeanında buz örtüyünün qalınlığı isə 40 faizə qədər azalmışdır. Dağ buzlarının və yüksək dağlıq ərazilərdə qar xəttinin yüksəklik üzrə azalması prosesi davam edir.

Birinci növbədə planetimizin quru ərazilərində meşə ehtiyatlarını qorunması  və yeni meşə massivlərinin salınmasına diqqət göstərilməlidir. Bu sahədə - süni meşələrinin salınması işində yüksək oksigen mənbəyi olan küknar, ardıc, ağ və qara şam, palıd, şabalıd cökə, dəfnə, akasiya və sair ağac növlərində istifadə olunmalıdır.

Subtropik və mülayim qurşaqlarında yerləşən şəhərlərin üzərində son onilliklərdə tüstü qatının ləğv olunması və ətraf ərazilərə yayılmasının qarşısının alınması üçün bir sıra texniki vasitələrdən istifadə olunmalıdır. Məsələn, ətraf mühitin və insanların sağlamlığına mənfi təsir göstərən kükürd birləşmələri və karbon qazının azadılması məqsədilə sönmüş əhəng məhlulu və etil spirtindən havanın süni tozlandırılmasında istifadə olunmalıdır.

Dəniz və okean şelf sahələrində olan dəniz bitkilərinin azalması həmin ərazilərdə suların neft məhsullları ilə çirklənməsi nəticəsində yaranan əlverişsiz mühitlə əlaqədardır. Belə ki, həmin sahələrdə,  oksidləşmə bərpa olma prosesləri zəiflədiyindən, dəmir elementinin fəaliyyəti xeyli azalır.  Eyni zamanda belə ərazilərdə dəniz suyunda həll olmuş karbon qazının miqdarı yüksəlir, oksigen qazının isə əksinə azalır. Nəticədə dəniz bitkilərinin mineral mübadiləsi xeyli aşağı düşdüyündən fotosintez prosesi zəifləyir. Bu problemin qarşısının alınması üçün dünyanın əsas kimya mərkəzlərini şelf ərazilərində yerləşdirməklə yanaşı alınan üzvi qalıqlarının dənizə tökülməsindən əvvəl onları tullantı dəmir qırıntıları ilə qarışdırıb həmin məhlulu şelf ərazilərində bitkilərin inkşafı və fotosintezin sürətlənməsi üçün istifadə etmək olar.

Bununla da həm üzvü turşuların dəniz bitkilərinə  vuracağı zərərin qarşısı alınmaqla yanaşı, həm də onların inkişafı üçün qida məhsulu ilə təmin olunur. Dəniz suyunda həll olunmuş ionların,  həm də bir sıra bitkilər üçün vacib olan faydalı komponentlərin -Co, Mo, Ni, Cu və s. miqdarının artırılmasına şərait yaranmış olur. Beləliklə, metallurgiya kimya sənayesinin yaratdığı mənfi təsirləri azaltmaq və əksinə, onlardan istifadə edərək ekoloji problemləri qismən həll etmək mümkündür.

 Yeri gəlmişkən bir məsələyə də haşiyə çıxmaqla oxucuların diqqətini çəkmək istərdik. Öncə etiraf edək ki, iqlim faktorunun həyatda həlledici rolu hələ eradan əvvəl insanlara məlum idi. Məlum olduğu kimi, Şəki-Zaqatala bölgəsi endemik zona hesab olunur. Burada torpaqda, suda bitkilərdə yod, brom, flüor kimi kimyəvi elementlərin çatışmaması səbəbli insanlarda və heyvanlarda ur xəstəliyi və dişlərin tez tökülməsi geniş yayılmışdır. Qoz meyvəsi yod çatışmazlığının qismən bərpa etdiyindən elə bil təbiət bilərəkdən bu meyvəni bölgə əhalisinə hədiyyə yetişdirib. Bu səbəbli, istər-istəməz bu bitki ilə əlaqəli müşahidələrimiz daim göz önündədir. Son beş-altı ildə ərazidə qoz və şabalıd ağaclarının getdikcə məhsuldarlığının aşağı düşməsi, ağacların tədricən qurumağa başlamasının  nəinki insanlar, hətta alaqarğa quşları da hiss etməkdədir. Bildiyimiz kimi, qarğalar öz yuvasını qoz ağaclarının ən hündür budaqlarında hörürlər. Bu quşların sayının bölgədə ilbəil azalması daim hiss olmaqdadır. Onlar başqa ərazilərə köçməyə başlayıblar.

Əksər heyvanların və quşların iqlimi proqnozlaşdırma qabiliyyətləri insanlardan üstün olması isə elmə çoxdan məlumdur.

 

"Şəki bələdiyysi" qəzeti

 



Обновлен 23 сен 2013. Создан 14 сен 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi