İCTİMAİ FİKİR ƏTALƏTİNƏ SON QOYAN ƏSƏR

Həbibulla MANAFLI, ŞREM-in elmi işçisi.



İctimai fikir ətalətinə son qoyan əsər

 

Ulu şairimiz Bəxtiyar Vahabzadənin 1959-cu ildə qələmə aldığı və mərkəzi mətbuatda dərc etdirə bilmədiyi üçün o zaman Şəkidə çap olunan  “Nuxa fəhləsi” adlı qəzetin 1960-cı il 23,26 oktyabr sayları vasitəsiylə ictimaiyyətə təqdim etdiyi “Gülüstan” poeması mili şüurun inkişafına, milli iradənin formalaşmasına müstəsna təsir göstərib. İnamla deyə bilərik ki, bu poema Stalin repressiyasının xofu nəticəsində Azərbaycanda bərqərar olmuş ictimai  fikir ətalətini aradan qaldırmaq üçün  həlledici təkan funksiyasını yerinə yetirdi.

 

“Gülüstan” poemasının ictimai  şüura təsirinin qarşısını almaq üçün hətta şairi həbsxanaya atmaq və beləliklə cəmiyyətdən təcrid etmək niyyəti mövcud olmuşdur. Yalnız xalq arasında olduqca məhşur olması  və həbs ediləcəyi  təqdirdə hakim kommunist ideologiyasına qarşı beynəlxalq miqyasda təbliğat kompaniyasının başlanacağı ehtimalının nəzərə alınması siyasi dairələri bu əməldən daşınmağa sövq etmişdir.

 

Azərbaycan tarixinin son dərəcə faciəvi səhifəsi üzərindən yalan, təhrif pərdəsini götürüb tarixi gerçəkilik baxımından əks etdirən bu poema çağdaş Azərbaycan poeziyasında siyasi lirikanın ən mükəmməl örnəkləri sırasında  ön  mövqedə durur. Şair “Gülüstan” poemasında rəsmi təbliğatın cəmiyyətə təqdim etdiyi xilaskar  Rusiya obrazının illüziya olduğunu, Azərbaycanın heç də könüllü olaraq Rusiyaya birləşmədiyini, işğal edildiyini poetik dillə sərf-nəzər edir. Bununla da təhrif edilmiş tarixlə gerçək  tarix arasında əksliklərin mahiyyətini açıb göstərmiş, xalqın tarixini  xalq üçün yenidən kəşf etmiş və milli idrakın tərəqqi prosesinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

 

Dünyaca tanınmış tarixçi alim Cəmil Həsənli elə bu mətləbdən bəhs edərək yazır: “... Bəxtiyar Vahabzadənin əl-əl gəzən “Gülüstan” poeması sözün tam mənasında milli fikrin inkişafına güclü təkan vermişdi. Bizim kinolarda gördüyümüz inqilabı ədəbiyyatın canlı nümunəsi idi “Gülüstan” poeması.  Azərbaycanın Rusiya ilə birləşməsinin 150 illiyi ilə bağlı məsələlər o qədər geniş  müzakirəyə səbəb olmuşdu ki, əvvəllər bu tarixi hadisəni qeyd etməyə maraqlı olan Moskva, yerli əhval-ruhiyəni öyrənmək üçün respublikaya göndərilən bəzi rus alimlərinin gizli xidməti tövsiyəsi ilə bu fikirdən daşınmalı olmuşdu...”

 

Deməli Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının yaratdığı əhval-ruhiyyə və məhşur tarixçı alimlər Ziya Bünyadovun, Süleyman Əliyarlının, Mahmud İsmayılın tarixi gerçəklik mövqeyindən çıxış etmələri kommunist rejimini  tarixi faciəni xalqımıza toy-bayram kimi təqdim etməkdən çəkindirdi.

 

Sonralar, dəqiq desək 1964-cü ildə. Bəxtiyar Vahabzadə qələmə aldığı “150 il” adlı şeirində bu məsələ  ilə bağlı  fikrini  belə ifadə etmişdi:

 

Tapdamaq olarmı haqqı bu qədər?

Yüz əlli ildir ki, soyurlar bizi

Bu heç,

Bizə bayram elətdirirlər

Tarixdə ən böyük faciəmizi.

 

İkinci istiqlal savaşının öndəri, mərhum prezident Əbülfəz Elçibəyin “Gülüstan” poeması haqqında söylədikləri də olduqca diqqət çəkəndir. O, Ədalət Tahirzadəyə verdiyi müsahibədə bunları demişdir: “Bizim xoşbəxtliyimiz onda idi ki, dilçilərimizlə ədəbiyyatçılarımız təzyiqlərə  təslim olmayıblar. Azərbaycan  ədəbiyyatını və dilini təbliğ ediblər. Bu iki amil bizdə vətənpərvərlik duyğularını saxlayıb, ölməyə  qoymayıb. 60-cı illərdə Bəxtiyar Vahabzadənin şeirləri artıq hər yanda oxunurdu: “Gülüstan” poemasi əldən-ələ gəzirdi”.

 

Gülüstan poemasının meydana gəldiyi dövrdə Azərbaycan sovet ədəbiyyatı həqiqətlə improvizasiyanı, gerçəkliklə təhrifi bir-birindən ayırd edə bilmirdi. Yaxid kommunist ideologiyasının tələblərinə boyun əymək zərurəti ilə üz-üzə qaldığından bunları fərqləndirmək imkanından məhrum idi. Bax, belə bir  şəraitdə “Gülüstan” poemasını yazmaq, sözün gerçək mənasında əsil zəka qəhrəmanlığı idi.

 

Vətənimizi, xalqımızı iki yerə bölən Gülüstan anlaşmasının imzalanmasından ötən  200 il ərzində bəşəriyyətə  yaxşını yamandan, doğrunu  yalandan ayırd etməyə imkan verən neçə-neçə cahanşümül olaylar baş vermişdir. Milli faciəmizə yol  açmış həmin anlaşmanın əsas müəllifi olan çar imperiyasının süqutundan (1917) 96 il, onun varisi Sovet ittifaqının tarixə qovuşmasından (1991) 22 il, sazişin digər iştirakçisi İranın şah rejimindən qurtuluşundan (1979) 34 il ötməsinə baxmayaraq milli bəxtimizə vurulan düyünü hələ də açmaq mümkün olmayıb. Amma bu düyün hökmən açılacaq, özü də lap tezliklə. Bəxtiyar Vahabzadə demişkən:

 

Birləşəcək ya gec, ya tez

O ayrılan əllərimiz


==================================================

 

Bəxtiyar Vahabzadə

 

GÜLÜSTAN

 

I-ci Hissə

 

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan! 
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz dogma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..

Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu isə qol qoyan qollar sınaydı".

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?

Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".

1959-cu il.

 

"Şəki bələdiyysi" qəzeti



Обновлен 23 сен 2013. Создан 11 авг 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi