MƏMMƏD SƏİD ORDUBADİ (1872-1950)

RAMİN SADIQOV, tarix üzrə fəlsəfə doktoru



MƏMMƏD SƏİD ORDUBADİ (1872-1950)

 

RAMİN SADIQOV,

tarix üzrə fəlsəfə doktoru,

Şəki Regional Elmi Mərkəzin elmi işçisi

 

Məmməd Səid Ordubadi

 

 

Azərbaycan mədəniyyət və ədəbiyyat tarixinin ən önəmli simalarından biri, Azərbaycan tarixi və realist roman janrının banisi, jurnalist, dramaturq, şair, yazıçı və ədib Məmməd Səid Ordubadi 24 Mart 1872-ci ildə Naxçıvanın Ordubad şəhərində fağır bir ailədə dünyaya gəlmişdir.

Ordubadi Həyatım və Muhitim adlı xatirələr kitabının “Familyamız” adlı ilk bölümündə ailəsi haqqında bunları deyir:

“Atam Məhəmməd oğlu Hacıağa yeddi nəsil geriyə getdiyimizdə Şah Abbasın yanında böyük bir rütbə qazanmış məşhur şair Mirzə Hətəm Ordubadinin nəvəsidir. Mirzə Hətəm və onun ataları Qarabağın Həkəri (Bərgüşad) bölgəsindəndir. Mirzə Hətəmdən atam Hacıağaya dək ailəmizdə şairliklə məşğul olan yalnız ikinci Mirzə Ağacan olmuşdur. Atam Hacıağanın ləqəbi Fəqir olub, böyük bir divanı vardır. Anam İranın Qaradağ bölgəsinin Dizmar obasındandır. Uşdibin kəndində Pənah adlı bir bağbanın qızıdır. Anamın adı Nənəqızdır. O da Tovuz xanım vasitəsi ilə məşhur Uşdibin şairəsi Nəbati ilə əqrabadır. Anam Həsənabad xanlarının hücum və talanlarından qurtulmaq üçün ailəsi ilə bərabər İrandan qaçmışdı. Atam evləndiyi vaxt yoxsul bir adamdı. Bu səbəbdən şeirlərində daima Fəqir ləqəbindən istifadə etmiş və bununla da məşhur olmuşdu.”

Ordubadinin də bəhs etdiyi kimi atası çox fağır bir adam idi. Hələ kiçik yaşlarında atası Məhəmməd ilə bərabər Təbriz, Marağa, Şiraz və digər şəhərləri gəzən Fəqir, Şirazda Farsça və Ərəbcə tədris etmişdir.[1] Ailəsini dolandırmaq üçün bir müddət özəl dərslər verən Fəqir xəstələnincə işləyə bilməmiş, 50 yaşına çatmadan gözləri tamamən zəifləmiş və tədricən görmə qabiliyyətini itirmişdir.

Hacıağa Fəqir 1886-cı ildə yoxsulluq içərisində vəfat etmişdir. Ondan sonra Məmməd Səid Ordubadi çətin vəziyyətdə qalmışdır. Göründüyü kimi Məmməd Səid Ordubadi həyatın çətinlikləri ilə hələ uşaq yaşlarından tanışmışdı. Atasının vəfatından sonra işləməyə məcbur olmuş və 14 yaşında ikən Karapet Babayevin ipək fabrikinə işə girmişdir. Ədib xatirələrində, bir ilin 6 ayını işə, 6 ayını isə təhsilinə ayırdığını qeyd etmişdir.

1904-cü ilin May ayında Məmməd Səid Şərq-i Rus qəzetinin bir sayını əldə etdi. Daha sonra göndərdiyi bir şeir qəzetdə nəşr edildi. Şeir nəşr olunandan sonra ədibin şeirə və yazıya marağı artdı. 1906-cı ildə “Qəflət” adlı ilk şeir kitabını Tiflisdə, Ömər Faiq Nemanzadənin köməyi ilə nəşr etdirdi.

Məmməd Səid Ordubadi yazı yazmağa davam etdikcə düşmənləri də çoxaldı. Xüsusi ilə Molla Nəsrəddin jurnalı ilə yaxın münasibəti, bir xeyli düşmən qazanmasına səbəb oldu. Bu arada Ordubadda yeni düşüncəli insanlara qarşı mübarizə şiddətləndi, onların qətllərinə fetva verildi. Ordubadın məşhur qoçularından Kəblə Zeynala, Məmməd Səidi öldürmək tapşırıldı. Məmməd Səid Ordubadda qalmağın mümkün olmadığını düşünərək İrana hicrət etdi.

Lakin Ordubadinin İrandakı fəaliyyətləri Çar Rusiyasının diqqətindən yayınmırdı. Belə olduqda o və yaxın dostları vaxtaşırı Çarlıq xəfiyyələrinin təqibinə məruz qalırdılar. I. Dünya Muharibəsinin başlaması və İranın Rusiya tərəfindən işğalından sonra, Məmməd Səid Ordubadi Culfada polis idarəsinə çağrıldı, dönəmin Qafqaz canişini Vorontsov- Daşkovun əmri ilə savaş bitənə qədər Saritsın şəhərinə sürgün ediləcəyini öyrəndi.

Ordubadi 1915-ci ildə Saritsında Taisiya Vasilyevna ilə evləndi. Saritsın günlərində də ədib yazmaqdan əl çəkmir, daima qəzet və jurnallara şeir və yazılar göndərirdi. Sürgün günlərində tanışdığı Tatar din adamı Əhməd Murtazın tərəfindən Tatar Xeyriyyə Cəmiyyətində işə dəvət edilən Ordubadi, eyni zamanda ilk dəfə Bolşevizm düşüncəsi ilə tanış oldu. Bu sırada Həştərxandan, Zaqafqaziya Müsəlman İşləri Komissarlığından 29 Mart 1919-cu ildə aldığı bir məktubla bu şəhərə yola düşdü. Həştərxana çatan kimi Hümmət qəzetinin redaksiyasına yollanana ədib, qəzetin redaktoru vəzifəsinə təyin edildi. Məmməd Səid qəzetdə “Başıboş” ləqəbi ilə gündəlik siyasi məqalələr yazır, hadisələri şərh edirdi. Dağıstan Bolşeviklər tərəfindən alındıqdan sonra bir müddət Maxaçqalada yaşayan Ordubadi, 2 May 1920-ci ildə Bakıya qayıtdı.

Məmməd Səid Ordubadi Bakıya qayıtdıqdan bir neçə gün sonra, 19 Mayda dövrün Bolşevik qəzeti Kommunistdə “Qırmızı Əsgər” adlı şeirini nəşr etdirdi. Beləcə Azərbaycan Sovet mətbuatı ilə ilk əməkdaşlığını qurdu.[2] Ardından o günlərdə Bakıda nəşr olunan Əhrar qəzetində işə başladı, öncə redaktor muavini, sonra da baş redaktor vəzifəsinə təyin edildi.[3] Ədib bu qəzetdə daxili və xarici hadisələri şərh edərək gündəlik siyasi məqalələr yazırdı. Ancaq bir müddət sonra qəzet, maddi çətinliklər səbəbi ilə Kommunist qəzeti ilə birləşdirildi. Iki qəzetin birləşməsindən sonra Ordubadi 1925-ci ilə qədər baş redaktor vəzifəsində işlədi. Qəzetdə işlədiyi dövrdə, qəzetin inkişafı üçün səylə çalışaraq tirajı yüksəltdi, dünyanın fərqli coğrafiyalarındakı hadisələri Azərbaycan oxuyucusu üçün məqalə və şərhlərlə izah etdi.

Kommunist qəzetindən ayrıldıqdan sonra, Azərbaycan Kommunist Firqəsi Mərkəzi Komitəsinin 5 Oktyabr 1925-ci il qərarı ilə Yeni Yol qəzetinə baş redaktor təyin edildi.[4] O dövrün ədəbiyyat tənqidçisi Hidayət Əfəndiyev onun haqqında belə deyirdi:

“Kommunist Partiyasına girdikdən sonra Ordubadi mətbuat sahəsində göstərdiyi fəaliyyət və müvəffəqiyyətlərə görə Kommunist və Yeni Yol qəzetlərinə baş redaktor vəzifəsinə seçilmişdir”[5]

Azərbaycanda Latın əlifbası ilə nəşr edilən ilk qəzet olan Yeni Yol, Ordubadinin redaktorluğu altında Latın əlifbasının təbliği və yayılmasında mühüm rol oynamışdır. Ilk illər sadə xalq təbəqəsi qəzeti oxuyub anlamaqda çətinlik çəkdiyinə görə, Yeni Türk Əlifbası Komitəsi hərkəsin oxuyub anlaması üçün qəzetin “sadə xalq dili ilə” nəşrini tövsiyyə etmişdir.

Ordubadinin baş redaktorluğa keçməsindən sonra qəzetin tirajı və keyfiyyəti daha çox yüksəldi. Belə ki, 5 May 1926- cı ildən etibarən qəzet tamamən yeni formatda nəşr edilməyə başlandı. 1924-cü ildə tirajı 1800 ikən, iki il sonra 6000 min tirajla nəşr edilən dövrün önəmli qəzetlərindən biri oldu. “Yeni Yol qəzeti Necə Böyüdü” adlı məqaləsində ədib bunu belə izah edirdi:

“Bir çox çətinliklərdən sonra Azərbaycan işçi və kəndliləri arasında yayılaraq inkişafa davam etdi”[6]

Sovet dövründə aparılan tədqiqatlar Ordubadinin Kommunist qəzetində redaktor olduğu dövrdə Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev kimi yüksək rütbəli idarəçilərlə bərabər işlədiyini göstərir, lakin o tədqiqatlarda Ordubadinin onlar haqqındakı fikirlərinə rast gəlmək mümkün deyildir. Halbuki Ordubadinin onlar barəsində olduqca maraqlı fikirlər səsləndirdiyini, Bakıya qayıtdıqdan sonra qələmə aldığı xatirələrində görə bilirik.

Bu xatirələrdə, Bakının Sovetləşməsindən sonra Sovet təbliğatı ilə məşğul olanların, Azərbaycan ziyalılarına hücum etdiyini, beləcə onları “Sovet düşmənləri” adlandıraraq siyasi xətaya düşdüklərini söyləyirdi. Lakin üzülərək, “Ancaq mən bu həqiqətləri daha üst məqama söyləyə bilməzdim. Çünkü Həbib Cəbiyev və Ruhulla Axundov məni inqilab düşmənliyi ilə günahlandırardılar” deyirdi.

1930-cu illərin əvvəlindən başlayaraq bütün Sovet ölkəsində olduğu kimi, Azərbaycanda da Yazıçılar İttifaqının üzvləri və onların əsərləri, daha ciddi şəkildə tədqiq edilməyə başlandı. Mətbuatda onlar haqqında silsilə məqalələr yazıldı, keçirilən bir sıra tədbirlərdə “Sovet ideologiyasına uyğun olmayan” yazıçılar tənqid atəşinə məruz qaldı.

1937-ci illərin “Repressiya Dalğasında” təsadüfən öldürülməyən bir neçə qələm sahibindən biri də Məmmən Səid Ordubadi idi. Lakin ədibin arxivindəki sənədlərdən məlum olur ki, ona qarşı da qərəzli və ciddi ittihamlar irəli sürülmüşdür. Hətta 1937-ci ildən əvvəl də Ordubadiyə qarşı Yazıçılar İttifaqında soyuq münasibət bəsləyən yazarlar vardı. Bu yazarlardan biri Süleyman Rüstəm idi. 1934-cü ildə müalicə üçün Yazıçılar İttifaqına ərizə verən Ordubadinin məsələsinin müzakirəsində Süleyman Rüstəm: “O bizdən nə istəyir? Qızıllarını xərcləyib müalicəyə gedə bilər” deyə onu tənqid etmişdi.[7]

“Repressiya Dalğası” günlərində bəzi adamlara sifarişli məqalələr yazdırılaraq ziyalıların millətçi, İslamçı, əksinqilabçı deyə damğalanması dəb halını almışdı. 27 Mart 1937-ci ildə keçirilən Azərbaycan Sovet Yazıçılar İttifaqının 3-cü toplantısında bir neçə ildən bəri hazırlanan ssenari tətbiq olunmağa başladı. Bu iclasda Azərbaycan Yazıçılar İttifaqı üzvlərinin əsərləri ciddi surətdə müzakirə edildi, üzvlər şiddətli tənqidə məruz qaldı. Ordubadinin adı çəkilməsə də onun qələmə aldığı Qanlı İllər əsəri ciddi tənqid atəşinə tutuldu, ədib millətçiliklə suçlandı.[8]

Repressiya illərindən sonra sağ qalan bəzi ziyalılar mükafatlandırılmışdır ki, onlardan da biri Məmməd Səid Ordubadi idi. 1938-ci ildə Moskvada təşkil edilən “Azərbaycan İncəsənəti” günlərində Ordubadi Şərəf ordeni ilə təltif olundu. Ayrıca eyni il içərisində Azərbaycan Sovet Məclisi seçimlərinə iştirak edərək Kirovabad (Gəncə) şəhərindən deputat seçildi. 18 İyunda məclis açılanda ən yaşlı deputat kimi çıxış edən ilk şəxs oldu.

1940-cı ilə doğru yenidən soyuq davranışlarla qarşılaşan Ordubadi heç ümidini itirməyərək, yazıçılıq fəaliyyəti ilə məşğul olmağa davam edirdi. Lakin şəxsinə deyil, əsərlərinə qarşı biganə yanaşılmasını xoşlamırdı. Hətta 16 İyun 1940-cı ildə Azəbaycan Kommunist Partiyası I. Katibi Mir Cəfər Bağırova ünvanladığı iki səhifəlik məktubunda belə deyirdi:

“Mən indiyə qədər şəxsi işlərimdən ötrü, heç bir yere və heç kimsəyə müraciət etməmişəm. Fəqət sizin mənə qarşı olan son tənqidlərinizdən sonra Azərnəşrin davranışları xeyli dəyişmişdir. Dumanlı Təbriz əsərimə görə yüzlərcə təbrik məktubları alıram. Ancaq Azərnəşr mənimlə bağladığı müqaviləni pozub. Romanın dördüncü cildini nəşr etmək üçün müqavilə bağlamır.”[9]

Həqiqətən də “Dumanlı Təbriz” əsərinin dördüncü cildi yazıldığı tarixdən on il sonra, yəni 1948-ci ildə nəşr olunmuşdur. Fəqət Ordubadi, bütün təzyiqlərə baxmayaraq ədəbi fəaliyyətlərini dayandırmadı.

9 Fevral 1947-ci ildə Məmməd Səid ikinci dəfə Ordubad şəhərindən Azərbaycan Sovet Sosialist respublikası məclisinə deputat seçildi. Fəqət bununla bərabər ömrünün sonlarına qədər yazmağa davam etdi.

1950-ci ilin Aprel ayında xəstələndi, ayın sonlarına doğru xəstəliyi şiddətləndi. 1 Mayda həyata əbədiyyən gözlərini yumdu. Xanımı Taisiya Vasilyevna ədibin son anlarını belə xatırlayırdı:

“1 May bayramını izlədikdən sonra otağına gətirdik. Yanında iki tanışı vardı. Çox düşüncəli idi, heş danışmırdı. Qonaqlar durub getdikdən sonra mənə, başımı tut, qucaqla. Gedirəm, görüşək və əbədiyyən ayrılaq” dedi. Eləcə son nəfəsini verdi”[10]

3 Mayda Azərbaycan dövlət flarmonisyasının binasında yazıçı ilə vidalaşma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Kommunist Partiyası idarəçiləri, deputatlar, Yazıçılar İttifaqının üzvləri, Azərbaycan Elmlər Akademiyasının kollektivi, qohumları, yaxınları, tanışları və Bakı sakinləri iştirak edirdilər. Ordubadi, Fəxri Xiyabanda torpağa tapşırıldı. 

Yaxşı bir təhsil almasa da güclü bir yazıçı olan Məmməd Səid Ordubadi, ömrünün sonuna qədər ədəbiyyat sahəsində böyük əsərlər vücuda gətirdi. Bütün əsərlərini sadə xalq dili ilə yazdığı və Bolşevik təbliğatını daha yaxşı açıqlaya bildiyi üçün 1937-ci illərin ağır günlərində repressiyaya məruz qalmaqdan qurtuldu. Lakin o dövrün şərtlərinə görə əsərləri ciddi tənqid atəşinə tutuldu, özünə də qismən biganə davranıldı. 

 

 



[1] Yavuz Axundov, Məmməd Səid Ordubadi, Həyatı, Muhiti və Yaradıcılığı, Bakı 1997, s. 8.

[2] Tofiq Rüstəmov, Alovlarda Bərkiyən Qələm, Bakı 1981, s. 99.

[3] “Məmməd Səid Ordubadi”, Azərbaycan Məktəbi, sayı 4, 1947, s. 94-95.

[4] ARFAƏİ, fond 14/648, arxiv 16/95 (865).

[5] Salman Mümtaz Adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 245/82, iş 48, vərəq 41.

[6] Tofiq Rüstəmov, yenə orada, s. 117.

[7] FAƏİ, Arxiv 16, qeyd 62/540.

[8] Yavuz Axundov, Məmməd Səid Ordubadi, Həyatı, Muhiti və Yaradıcılığı, Bakı 1997, s. 63.

[9] FAƏİ, Arxiv 16, qeyd 23/176/14374.

[10] Taisiya Vasilyevna Ordubadi, “Unuda Bilmərəm”, Ədəbiyyat və İncəsənət, 18 Noyabr 1972.

 

"Şəki bələdiyysi" qəzeti



Обновлен 23 сен 2013. Создан 20 июл 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi