ŞƏKİ XANLIĞININ TARİXİ HAQQİNDA ÜÇ SALNAMƏ

HƏBİBULLA MANAFLI,AMİ-nin Şəki filialının baş müəllimi



Şəki xanlığının tarixindən bəhs edən üç salnamə

 

HƏBİBULLA MANAFLI, 
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının baş müəllimi.

XIX yüzillikdə Şəki xanlığının tarixinə dair üç salnamə yazılıb: Şəkidə 22 il xanlıq etmiş Məhəmmədhüseyn xanın nəvəsi Kərim ağa Fatehin (1788-1859) “Şəki xanlarının ixtisar üzrə tarixi” (1829), onun oğlu Mustafa ağa Şuxinin (? – 1895) “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti (Hekayəti -əhvalati-sabiqeyi-xəvanini-Nuxu) (1866) və Hacı Seyid Əbdülhəmidin (1795 -?) “Şəki xanları və onların nəsilləri” (Dər bəyani-əhvalat və silsileyi-xəvanini-sələfi-Şəki).

 
Onu da qeyd etmək yerinə düşər ki, Kərim ağa Fatehin və Hacı Seyid Əbdülhəmidin qələmə aldıqları səlnamələrdən fərqli olaraq Mustafa ağa Şuxinin əsəri uzun müddət elm aləminə və təbii ki, ictimaiyyətə bəlli olmayıb. Əlyazmalar İnstitutunda saxlanılan B-3159/13 şifrəli “Hekayəti-əhvalati sabiqeyi-Nuxu” əsərini tapıb üzə çıxaran Ə.Tahirzadə olub. O, bu xronikalarda üst-üstə düşən fikirlərə, cümlələrə və faktlara istinad edərək belə qənaətə gəlib ki, Mustafa ağa Şuxi bir övlad kimi Kərim ağa Fatehin əlyazmalarını qoruyub saxlamış və onlardan mənbəə kimi istifadə edərək Şəki xanlığının tarixindən bəhs edən daha bir xronikanı qələmə almışdır. Hacı Seyid Əbdülhəmid isə öz növbəsində “Şəki xanları və onların nəsilləri” salnaməsini yazarkən Mustafa ağa Şuxinin xronikasından bəhrələnmişdir.

 
Deməli, Kərim ağa Fatehin xronikası Mustafa ağa Şuxi üçün birbaşa, hacı Seyid Əbdülhəmid üçün isə dolayı mənbə rolunu oynamışdır.


Bütün bu mətləblər haqqında Ə.Tahirzadə özünün “Şəkinin tarixi qaynaqlarda” kitabında ətraflı bəhs etdiyindən bu barədə yazmaqdan vaz keçərək, başqa bir məsələnin üzərinə yönəlmək istəyirəm. Məqsədim bu salnamələri müqayisəli şəkildə təhlil müstəcisinə cəlb etməklə tarixşünaslığımızda belə bir ətraflı paralel təhlilin olmamasından irəli gələn boşluğu qismən doldurmaqdır.


Bu salnamələr Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin nəsil-nəsəbi haqqında verilən məlumatlarla başlayır. Qara Keşiş adlı şəxsdən başlanan bu sülalənin rişələri tarixin dərin qatlarına uzanır. Qara Keşiş türk soylu olsa da dini mənsubiyyətinə görə xristian idi. Onun oğlu Candar islamı qəbul edib Əlican adını daşımağa başlayır. Bu şəcərənin sonrakı nümayəndələri Qutul xan, Şəki xan və Həsən Sultan Şəkidə hakim olublar. Mustafa ağa Şuxinin yazdığına görə hicri təqvimi ilə 848-ci ildən (1444-1445) əvvəl Şəkidə xan və hakim olmayıb.


Həmin dövr haqqında Hacı Seyid Əbdülhəmid Kərim ağa Fateh və Mustafa ağa Şuxidən fərqli olaraq daha geniş məlumat verərək bildirir ki, hakimsizlik dövründə İron vilayətlərinin əmirləri qarət məqsədilə Şəkiyə gecə basqınları edirdilər. Nuxa şəhərilə Şəki vilayıtinin əhalisi ittifaq bağlayaraq müdrik şəxs kimi tanıdıqları Əlicanı özlərinə xan seçirlər. O, Şəki vilayətinin əhalisinin etimadını doğruldur. Tezliklə həmin basqınlara son qoyulur və əhalinin güzaranını xeyli yaxşılaşrır. Əlican xan hicri təqvimi ilə 816-cı ildə (1456-1457) vəfat edir.


Kərin ağa Fatehin salnaməsini Mustafa ağa Şuxinin xronikası ilə tutuşduranda tarixin sonrakı mərhələsində baş verən mühüm bir hadisə haqqında Mustafa ağanın verdiyi məlumatın daha ətraflı olduğunu görürük. Söhbət Şəki hakimi Həsən Sultanla gürcü valisi Levon (Əlvənd) arasında baş verən döyüşdən gedir. Kərim ağa Fateh Həsən Sultanın Levonla döyüşünün Şah İsmayılın vəfat etdiyi ildə (1524) baş verdiyini və həmin döyüşdə Həsən Sultanın həlak olduğunu yazmaqla kifayətlənsə də Mustafa ağa Şuxi bu çarpımanın Daşüzdə baş verdiyini, Həsən Sultanın qəbrinin Göybulaq kəndinin ön hissəsində, Cəfərabad kəndinin qərbində yerləşdiyini və İran şahı tərəfindən təmir olunduğunu, üstündə bişmiş kərpicdən tağlı məscid inşa edildiyini bildirir.


Hacı Seyid Əbdülhəmid isə həmin döyüşün Padar kəndinin ön hissəsində baş verdiyini və Həsən Sultanın cəsədinin Daşüzdə dəfn edildiyini göstərir. Beləliklə, bu salnamələrin Şəki hakimi Həsən Sultanla gürcü valisi Levan arasında olan döyüşdən bəhs edən hissələrini tutuşduranda fərqli faktlar meydana şıxır.


Bu xronikalarda Dərviş Məhəmməd xanın öldürülməsi haqqında verilən məlumatlar da təfərrüat baxımından bir-birindən fərqlənir. Məlum olduğu kimi Səfəvi hökmdarı Şah Təhmasib ona itaət etmək istəməyən Dərviş Məhəmməd xanı cəzalandırmaq üçün Şəkiyə qoşun göndərir. Bir müddət Gələsən-görəsən qalasında şahın qoşununa müqavimət göstərən Dərviş Məhəmməd xan səfəvilərin intensiv hücumları qarşısında tab gətirə bilməyəcəyini görərək qalanı tərk edir. Lakin şahın qoşunu onu təqib edir. Təqibçilərlə döyüşə girmək zərurətilə üzləşən Dərviş Məhəmməd xan öldürülür.


Həm Kərim ağa Fateh, həm də Musatafa ağa Şuxi döyüş zamanı Dərviş Məhəmməd xanın başının Şamlı Cərəndab sultanın mülazimi Pirqulu tərəfindən kəsildiyini və Şah Təhmasibə ərmağan kimi təqdim edildiyini yazsalar da Hacı Seyid Əbdülhəmid Dərviş Məhəmməd xanın başını kəsən adamın adını çəkmədən bildirir ki, “Şahın adamlarının əlinə giriftar olub; başını kəsib şahın hüzuruna gətiriblər”.


Təəccüb doğuran məsələ Hacı Seyid Əbdülhəmidin Dərviş Məhəmməd xanın başını kəsən adamın adını öz əsərinə salmamasıdır. Axı, tarixçi belə fakta arxa çevirməməli idi.


Bu salnamələrdə Şəki xanlarının Ərəş sultanlarına münasibətindən bəhs edən epizodlar da fərqli cəhətlərilə diqqəti cəlb edir. Kərim ağa Fateh yazır ki, Şəkidə xanlığı ələ keçirmək niyyətinə düşən Ərəş Sultanı Məlik Əli kömək üçün o zaman Qarabağda olan Fətəli xan Əfşara müraciət edir. Bu haqda məlumat alan Məhəmmədhüseyn xan da hədiyyələrlə ora yollanır. Məhəmmədhüseyn xanın xan nəslindən olduğunu, Ərəş sultanlarının isə yalnız qulluqçu timsalında onlara xidmət etdiyini öyrənən Fətəli xan Əfşar Məhəmmədhüseyni xan kimi tanıyır, Məlik Əlini isə ağasının üzünə ağ olmaqda günahlandıraraq Məhəmmədhüseyn xana təslim edir. O isə Məlik Əlini Şəkiyə gətirib qətlə yetirir.


Eyni məzmunlu məlumatı Mustafa ağa Şuxi də öz xronikasında verir.


Hacı Seyid Əbdülhəmidin salnaməsində isə nəinki bu əhvalatdan bəh s olunmur, heç cüzi uşarə, eyham belə vurulmur. Onun Şəki xanlarının sonrakı nümayəndələri üçün mühüm əhəmiyyət kəsb edən bu hadisənin üstündən sükutla keçməsi təəccüb doğurur.


Bəs bu hadisənin sonrakı tarixi proseslərə təsiri necə olmuşdur. Məhəmmədhüseyn xan tərəfindən Ərəş sultanı Məlik Əli qətlə yetirildikdən sonra taxta çıxan Şəki xanları Ərəş məliklərinə şübhə ilə yanaşmış, onları öz hakimiyyətləri üçün təhlükə mənbəyi hesab etmişlər. Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xanın da qəlbinə şübhə toxumu səpən, ata bir ana ayrı qardaşına qarşı amansiz rəftar etməyə zövq edən də məhz bu amil olub.


Fətəli xanın Məhəmmədhəsən xanın qəzəbinə tuş gəlməsinin səbəbi ana tərəfindən Ərəş sultanları ilə qohum olması idi. Kərim ağa Fateh atası Fətəli xanın acı taleyi haqqında yazırdı: “Mənim atam Məhəmmədhəsən xanın qardaşıdır. Onun anası Ərəş sultanının qızıdır. Ərəş sultanı Məlik Əlinin oğlanları o vaxtda Ərəşdə böyük və sikkəli və güclü bəylər imiş ki, Fətəli xanın anasının qardaşlarıdır. Məhəmmədhəsən xan Fətəli xanın qovmləri böyük və çox olmaq və özü də Məhəmmədhüseyn xanın istəkli oğlu olmaq səbəbindən ehtiyat elər ki, bəlkə Məhəmmədhəsən xanı xarab eləyə, tutub Fətəli xanı gözlərini çıxarıb, özünü də tusdaq elər”.


Fətəli xanın qardaşı Səlim xan da Məhəmmədhəsən xanın qəzəbindən qorxaraq Cara qaçmışdır. Məlum olduğu kimi Hacı Çələbi xanın oğlu Əbdülqadir ağa qardaşı Cəfərqulu ağanın Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən qəzəblənərək ona qarşı güzəştsüz mübarizəyə başayır. Bu hər şeydən əvvəl taxt-tac uğrunda sürdürülən amansız mübarizə idi.


Şəkidən gedərək Kür çayı kənarında Dardoqqaz deyilən yerdə məskunlaşan Əbdülqadir ağa burada özünə xeyli tərəfdar toplayır. O, eyni zamanda Qarabağ xanı İbrahimxəlil xanla müttəfiqlik əlaqəsinə girir.


Mustafa ağa Şuxi yazır ki, Məhəmmədhüseyn xan barışıq təklifi ilə onun yanına adam göndərir. Əbdülqadir ağanın cavabı belə olur: “Hüseyn xan oğlu Məhəmmədhəsən xanı göndərsə onunla Hüseyn xanın yanına gedib barışaram”.


Əbdülqadir ağanın tələbinə uyğun olaraq Hüseyn xan oğlunu Dardoqqaza göndərir. Lakin Əbdülqadir ağa Məhəmmədhəsən bəyi həbs edib İbrahimxəlil xanın əli ilə qətlə yetirilməsinə nail olmaq üçün Qarabağa göndərir. İbrahimxəlil xan isə fərqli hərəkət edərək onu Şuşa qalasında dustaq saxlayır və “qanlı köynəyini” Əbdülqadir ağaya göndərir. Bununla da guya onun istəyini həyata keçirdiyini bildirir.


Hacı Seyid Əbdülhəmid də öz salnaməsində həmin hadisədən yerli – yataqlı bəhs edir.


Qarabağ xanlığı ilə Şəki xanlığı arasında münasibətlərin məğzini anlamaq baxımından ciddi əhəmiyyət kəsb edən bu hadisəni Kərim ağa Fateh qələmə aldığı xronikaya daxil etməyib.Sonralar taxt-tacı ələ keçirən Əbdülqadir xanın Qubalı Fətəli xanla müttəfiqi olması İbrahimxəlil xanın hakimiyyət maraqları üçün təhlükə təşkil etdiyindən Şuşa qalasında olan Məhəmmədhəsən bəyi Əbdülqadir xana qarşı mübarizəyə sövq edir. İbrahimxəlil xan Məhəmmədhəsən bəyi həbsdən azad edib Cara göndərir. O, isə burada qoşun toplayıb Şəkiyə hücum edir və taxt-tacı ələ keçirir.


Kərim ağa Fatehin Əbdülqadir ağanın Məhəmmədhəsən bəyi həbs edərək Qarabağa göndərməsini yazmaması yəqin ki, bu hadisənin gerçək olmaması ilə bağlı idi. Mərhum akademik Mahmud İsmayılın A.A.Bakıxanıva istinad edərək Məhəmmədhəsən bəyin Qarabağa qaçması barədə məlumat verməsi də bunu təsdiq edir. Deməli Məhəmmədhəsən bəy Əbdülqadir ağa tərəfindən əsir kimi Qarabağa göndərilməmiş, özü qaçıb getmişdir.


Şəkidə 22 il xanlıq etmiş Məhəmmədhüseyn xanın öldürülməsi haqqında bu salnamələrdə verilən məlumatlar məzmun baxımından eyni olsa da təfərrüat müxtəlifliyi nöqteyi-nəzərdən bir-birindən fərqlənirlər. Kərim ağa Fateh yazır ki, Əbdülqadir bəy Şəki və Ərəş bəyləri ilə Nuxu qalasına hücum edib tarixi-islamiyyə 1194-cü ildə (1780) Məhəmmədhüseyn xanı öldürür. Mustafa ağa Şuxi isə öz salnaməsində bildirir ki, qalaya hücum edənlərə Hacı Rəsul bəy başçılıq etmişdir. Məhəmmədhüseyn xanı tüfənglə ağır yaralayan da məhz Hacı Rəsul bəy olmuşdur. Xan az sonra həmin yaradan ölmüşdür.


Hacı Seyid Əbdülhəmid Məhəmmədhüseyn xanın öldürülməsini bir qədər fərqli variantda təqdim edir. Onun verdiyi məlumatdan bəlli olur ki, Hacı Rəsul qalaya qəflətən hücum edib Məhəmmədhüseyn xanı yaralayıb və qalanı ələ keçirir. Sonra adam göndərib bu hadisə haqqında Əbdülqadir ağanı məlumatlandırır. O, isə bura gələn kimi xanı boğdurub öldürtdürür. Müəllif bu hadisəni səhvən hicri təqvimi ilə 1198-ci ildə baş verdiyini göstərir. Əslində isə Əbdülqadir xan taxt-taca hicri təqvimi ilə 1194-cü ildə (1780) yiyələnib.


Kərim ağa Fateh qələmə aldığı salnamədə Məhəmmədhəsən bəyin atasının qatili Əbdülqadir xanı taxt-tacdan salmaq üçün Cardan Şəkiyə iki dəfə hücum etməsi haqqında məlumat verir. Yalnız ikinci cəhddə hicri təqvimi ilə 26 məhərrəm 1198-ci ildə o (21 dekabr 1783) öz məqsədinə çatır. Əbdülqadir xan qaçıb Şirvan xanı Ağası xana sığınır. Ağası xan isə onu Məhəmmədhəsən xanın əlinə verir. Əbdülqadir xan Məhəmmədhəsən xan tərəfindən qətlə yetirilir.


Kərim ağa Fateh Şirvanın hakimi Ağası xanın Əbdülqadir xanı Məhəmmədhəsən xana təslim etməsinin səbəbini izah etmir. Ancaq Ağası xanı belə hərəkətə təhrik edən mətləbdən Mustafa ağa Şuxi öz salnaməsində bəhs edir. Şuxinin verdiyi məlumatdan aydın olur ki, Məhəmmədhəsən xan böyük bir qoşunla Şirvanın üzərinə yerimiş və Ağası xandan öz düşmənini tələb etmişdir. Şirvan xanı onun iradəsinə boyun əymək zərurəti qarşısında qalıb.


Kərim ağa Fatehin əsərini Mustafa ağa Şuxinin və Hacı Seyid Əbdülhəmidin salnamələrilə müqayisə etdikdə onun xronikasına xas olan daha bir fərqləndirici cəhət diqqəti cəlb edir. Kərim ağa fateh əsasən bəhs etdiyi hadisələrin zaman ünvanını, baş verdiyi tarixləri göstərdiyi halda digər müəlliflərdə tarixi əsər üçün olduqca vacib şərt olan xronoloji faktora bir çox hallarda etinasız münasibətin şahidi olunuq.


Nə Mustafa ağa Şuxi, nə də Hacı Seyid Əbdülhəmid bir sıra epizodlarda bəhs etdikləri hadisələrin nə vaxt, hansı tarixdə baş verdiyini bildirmirlər.


Buna əmin olmaq üçün həmin salnamələrdən bir neçə örnəyə diqqət yetirmək kifayətdir.


1. Kərim ağa Fateh. “Şəki xanlarının ixtisar üzrə tarixi”
Şah Təhmasib “Tarixi İslamiyyə 958-də (1551) olanda qoşun ilə gəlib Ərəş mahalına düşdü”.
Mustafa ağa Şuxi. “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti”.
“Şah dərviş Məhəmməd xanın o hərəkətlərin və işlərin (ona tabe olmamasını) eşidib qəhrü-qəzəbi cuşa gəlib, küllü qoşun götürüb Dərviş Məhmməd xana tənbeh etməyə əzmü hərəkət edib, gəlib Kürdən keçib Ərəş mahalına varid olubdur”.
Hacı Seyid Əbdülhəmid. “Şəki xanları və onların nəsilləri”. 
“Şah Təhmasib Dərviş Məhəmməd xanın bu hərəkətindən qəzəbnak olub İrandan qoşun gətirib Dərviş Məhəmməd xanı tənbet etməyə Şəkiyə gəlibdir”.


2. Kərim ağa Fateh. “Şəki xanlarının ixtisar üzrə tarixi”. 
“Məhəmməd xan tarixi-İslamiyyə 1172-ci ildə (1759) olanda Ağakişi bəyi öldürür, qoşununu götürüb Nuxaya gəlir. 
Mustafa ağa Şuxi. “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti.
“Bir neçə vaxtdan sonra qumuq xanı Ağa Məhəmməd Ərəş mahalına gəlib Ağakişi xan məzkuri öz yanına istəyibdir. Ağakişi xan qohum olmağına görə (Məhəmməd xan Ağakişi xanın qayınatası idi. H.M.) arxayın və farağat olub Ağa Məhəmməd xanın yanına Ərəşə gedibdir. Ərəş məliki Məlik Əli bir fitnə və hiylə edib, Ağa Məhəmməd xan Ağakişi xanı qətl etdiribdir”. 
Hacı Seyid Əbdülhəmid. “Şəki xanları və onların nəsilləri. 
“Məhəmməd xan o müqəddəmədən bir neçə il sonra Ərəş mahalına gəlib Ağakişi xanı öz hüzuruna təklif edib və qətlə yetirib. Gəlib Nuxunu zəbt edib və Hacı Çələbi xanın mədfunət pullarını (xəzinəsini) çıxardır”.


3. Kərim ağa Fateh. “Şəki xanlarının ixtisas üzrə tarixi”. 
“Ağası xan Əbdülqadir xanı tutub Məhəmmədhəsən xana verər. Tarixi-İslamiyyə 26 məhərəm 1198 (21 dekabr 1783) olanda.
Mustafa ağa Şuxi. “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti”.
“Ağası xan Hacı xanı (Əbdülqadir xan H.M.) tutdurub Məhəmmədhəsən xana verdiribdir. Məhəmmədhəsən xan Hacı xanı orada qətlə yetiribdir. 
Hacı Seyid Əbdülhəmid. “Şəki xanları və onların nəsilləri”.
“Hacı xan fərar edib Şirvana gedibdir. Məhəmmədhəsən xan Nuxada xan olub, qoşun götürüb Hacı xanı tutmağa Şirvana gedib və Hacı xanı tutub qətlə yetirib qayıdıb Nuxuya gəlib hökumətə məşğul olubdur”.


4. Kərim ağa Fateh. “Şəki xanlarının ixtisar üzrə tarixi”.
“Səlim xan Məhəmmədhəsən xanın yamanlıq qəsdindən qorxub Şəki vilayətinin bir para bəylərindən özünə yoldaş eləyib tarixi-İslamiyyə 1209-da (1794-1795) olanda Şəkidən qaçıb Car vilayətinə gedir”.
Mustafa ağa Şuxi. “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti”.
“Məhəmmədhəsən xan Fətəli xan üstə bir təqsir qoyub hiylə ilə Fətəli xanın gözlərini çıxartdırıb həbs etdirdi. Qardaşı Səlim xan bu əhvalatı görüb qaçıb Cara gedib orada sakin olubdur”. 
Hacı Seyid Əbdülhəmid. “Şəki xanları və onların nəsilləri”. 
“Səlim xan Fətəliyə olan siyasəti görüb, mütəvəssiz olub fərar edib. Müddəti-mütəmad Carda qalıb”.


5. Kərim ağa Fateh. “Şəki xanlarının ixtisar üzrə tarixi”. 
“Tarixi-İslamiyyə 1210-da (1795-1796) idi. Səlim ağa Cardan və Avardan bir para qoşun cəm edib gəlib, Məhəmmədhəsən xan da Şəki qoşununu cəm edib gedib Göynük kəndinin yanında dava edirlər”.
Mustafa ağa Şuxi. “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti”. 
“Səlim xan Cardan qoşun gətirib Məhəmmədhəsən xan üstə gedib Göynük qəryəsi ilə Şahpalud (indiki Şabalıd kəndi H.M.) qəryəsi arasında Məhəmmədhəsən xan ilə cəngləri vaqe olub. 
Hacı Seyid Əbdülhəmid. “Şəki xanları və onların nəsilləri”. 
“Səlim xan Cardan və Avardan qoşun cəm edib götürüb, Nuxuda xan olmağa Məhəmmədhəsən xanla cəngə gəlib, Göynük qəryəsinin Şərqi canibində davaları vaqe olub. Məhəmmədhəsən məğlib olub fərar edibdir”.


6. Kərim Ağa Fateh. “Şəki xanlarının ixtisar üzrə tarixi”.
“Şəki əhli böyük-kiçik yığılıb mənim atam Fətəli xanın üstünə cəm olub, andlar içib, bərk ittifaq edib tarixi-İslamiyyə 1219-da (1805) olanda xan elərlər”.
Mustafa ağa Şuxi. “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti”. 
“Mustafa xan (Şirvan xanı) öz qohumu Şıxəli bəyi Nuxuya göndəribdir ki, zəbt və təsərrüf eləsin Nuxulu (Şəki əhalisi) bu əhvalatları və Şıxəli bəyin gəlməyi əhvalatın eşidib cəm olub Məhəmmədhəsən xanın qardaşı Fətəli xanı xan tikiblər”. 
Hacı Seyid Əbdülhəmid. “Şəki xanları və onların nəsilləri”. 
“Nuxu adamları Şeyxəli bəyin gəlməyi müqəddiməsin eşidib razı olmayıb. Məhəmmədhəsən xanın qardaşı Fətəli xanı Nuxaya xan təyin edibdir”.


Salnamələrdən iqtibas etdiyim mətnlərdən məlum olur ki, Kərim ağa Fatehdən fərqli olaraq Mustafa ağa Şuxi və Hacı Seyid Əbdülhəmid Şəki xanlığının tarixində dərin iz qoymuş bu və ya digər hadisənin cərəyan etdiyi tarixi göstərmirlər.


Hacı Seyid Əbdülhəmid qələmə aldığı hadisələrin baş verdiyi tarixi göstərmək niyyətində imiş. Onun bu və ya digər hadisədən bəhs edərkən tarix üçün boş yerlər saxlaması bunu təsdiq edir. Lakin “Şəki xanları və onların nəsilləri” xronikasında boş yerlər elə boş olaraq qalmışdır. Görünür müəllif zaman göstəricilərini sona qədər dəqiq müəyyən edə bilməyib. 
Onun salnaməsinə xas olan bu cəhət nümunə məqsədilə nəzərinizə çatdırmaq istədiyim mətn üçün də səciyyəvidir. 
Hacı Seyid Əbdülhəmid yazır: “... sənədə (ildə) Məlik Əlimərdan vəfat edib. Onların nəslindən olan Məlik Nəcəf Şah fərmanı ilə Nuxuda Məlik olub. Rəiyyətlərə çok zülm və təəddilər (əzablar) edibdir. Rəiyyətlər bunun zülmündən şaha şikayət ərizəsi göndəriblər. 
Şah əmri ilə Noxu əşxasları (əyanları) fövqdə məzkur Dərviş Məhəmməd xanın nəsli və nəsəbindən Çələbi adını özlərinə vəkili-zübdə (seçilmiş vəkil) edib. Şah da Çələbiyə vəkillik fərmanı veribdir ki, Məlik Nəcəf üstə bakıcı olar”.


Hacı Seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri” salnaməsindən götürülmüş bu mətndə bir neçə məsələ məchulluq haləsinə bürünüb. Əvvəla, Məlik Əlimardan nə vaxt vəfat edib? İkincisi, Məlik Əlimərdanla Məlik Nəcəfi hansı qohumluq əlaqəsi birləşdirir? Salnamədə bu sualların heç birinə cavab yoxdur. Bu sualların cavabını Nadir şahın 1737-ci il may tarixi fərmanında tapırıq. Bu fərman Əlimərdan bəyin elə həmin ildə, yəni fərmanın verildiyi 1737-ci ildə vəfat etdiyini təsdiq etməklə yanaşı onun əvəzinə Məlik təyin edilən Nəcəfin, daha doğrusu Nəcəfqulunun Əlimərdan bəyin qardaşı olduğuna şübhə yeri qoymur.


Tariximizin həmin epizodu ilə bağlı yalnız Hacı Seyid Əbdülhəmid deyil, həm də Kərim ağa Fateh və Mustafa ağa Şuxi də nə zaman göstəricisinə, nə də haqqında bəhs olunan məliklərin qohumluq əlaqəsinə dair heç bir fakt ortaya qoymurlar.


Dünya tarixşünaslığında mövcud olan bütün xronikalara xas olan xarakterik çatışmazlıqlara baxmayaraq bu salnamələr, xüsusən Kərim ağa Fatehin əsəri tariximizin xanlıqlar dövrünün öyrənilməsi üçün qaynaq kimi olduqca mühüm əhəmiyyət kəsb edir. Çağdaş dövrdə tarixi mövzuda istər elmi, istərsə də bədii əsər yazan müəlliflərin mütləq əksəriyyəti məhz Kərim ağa Fatehin salnaməsinə istinad və müraciət edirlər.


Ümumiyyətlə, “Şəki xanlarının ixtisar üzrə tarixi”, “Nuxu xanlarının keçmiş əhvalatının hekayəti”, nəhayət “Şəki xanları və onların nəsilləri” salnamələri öz məziyyətlərinə görə Azərbaycan tarixşünaslığının ən dəyərli əsərləri ilə bir sırada dayanırlar.



Создан 09 июл 2013



  Комментарии       
Всего 1, последний 2 года назад
xazar17 16 июл 2015 ответить
Hörmetli HƏBİBULLA MANAFLI Cenablari!Xahiş edirem Şeki Xanlari nesillerinin bu ğünümüze ğelib çatan övladlari haqqinda melumat veresiniz.Menim bildiyime ğöre bu neslin davamçilari Şeki,Şamaxi,Qobustan,Qaradag,Qazmem
med
ve İranin bir sira rayonlarinda mesken salmişlar.(ola biler ki,men sehv edim).Amma sizin melumatlariniz menim sehvllerimi aradan qaldirar,belke de tarixe yeni,ğeniş ve dölgun melumatlar ğetirer.Hörmetle:İsmiyev Əmiraga.
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi