Şəkidə “İpək yolu” IV Beynəlxalq musiqi festivalı, 28 iyun - 05 iyul 2013




 

Şəkidə “İpək yolu” IV Beynəlxalq musiqi festivalı başlamışdır

2013-06-28

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 28-də Şəki şəhərində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başlamışdır. İyulun 4-dək davam edəcək musiqi bayramında bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın milli musiqi, rəqs, folklor və teatr kollektivləri çıxış edəcəklər.
Festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam Şəki şəhərindəki yay teatrında MDB ölkələri rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Azərbaycanın, eləcə də Şəkinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirmiş, festivalın işinə uğurlar arzulamışlar.
Qazaxıstanın “Altınay” Dövlət Rəqs Ansamblının, Belarusun “Xoroşki” Dövlət Akademik Rəqs Ansamblının, Tacikistanın “Zebo” Dövlət Akademik Rəqs Ansamblının, Ukraynanın “Banduraçılar” duetinin, Qırğızıstanın “Ak maral” Milli Akademik Rəqs Ansamblının, Moldovanın “Flueras” Milli Mahnı və Rəqs Ansamblının, Özbəkistanın “Ofarin” Rəqs Teatrının və Rusiyanın məşhur “Beryozka” Dövlət Akademik Rəqs Ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

Polad Bülbüloğlu: Azərbaycanın nailiyyətləri göz qabağındadır

2013-06-28

Bugünkü konsertdə 10 ölkədən gəlmiş, dünyada tanınmış kollektivlər iştirak edirdi. Şəkidən sonra bu kollektivlər Qəbələdə də çıxış edəcəklər. Bilirsiniz, mən 7-8 ildir ki, bu diyarda olmamışam. Qəbələ hava limanında təyyarədən enəndə ürəyim dağa döndü. Belə qısa müddətdə bu qədər dəyişikliklər baş verdiyini görəndə hər kəs azərbaycanlı olması ilə bir daha fəxr edir. Doğrudan da, Azərbaycanın nailiyyətləri göz qabağındadır. Bunu bu gün bütün qonaqlarımız deyir.
Bu sözləri Şəkidə başlanan “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının fəxri qonağı, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, tanınmış incəsənət xadimi Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində demişdir.
Səfir bildirmişdir ki, konsertdə iştirak edən qonaqlar bütün dünyanı gəzən, hər şeyə qiymət verməyi bacaran sənətkarlardır. Bu gün onlar Azərbaycan haqqında ancaq xoş sözlər söylədilər.
Polad Bülbüloğlu demişdir: “Mən Azərbaycanın Rusiyadakı səfiri olaraq çox sevinirəm. Bir musiqiçi olaraq da fəxr edirəm ki, Azərbaycanda belə gözəl festivallar keçirilir. Elə bir həftə yoxdur ki, Azərbaycanda böyük bir beynəlxalq tədbir keçirilməsin. Ən vacibi isə odur ki, bu tədbirlər yalnız paytaxtda deyil, artıq Şəkidə də, Qəbələdə də keçirilir. Bu şəhərlərdə belə tədbirlərin keçirilməsi üçün hər cür şərait, lazımi infrastruktur vardır”.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində ABŞ-ın rok qrupunun konserti böyük maraqla qarşılanmışdır

2013-06-29

İyunun 29-da Şəki şəhərindəki Azadlıq meydanında “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində ABŞ-ın “Filligar” rok-qrupunun konserti olmuşdur.
Festivala dəvət almış qonaqların, rok musiqisi həvəskarlarının, şəhər sakinlərinin iştirak etdikləri konsertdə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat vermişdir.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının janr baxımından da çox zəngin olduğunu, bu musiqi bayramının proqramına uzaq Amerikadan gələn rok qrupunun çıxışı və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasınadək ən müxtəlif janrların daxil edildiyini diqqətə çatdırmışdır.
Məlumat verilmişdir ki, “Filligar” Amerikada son illərin ən yaxşı gənc rok qruplarından sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias qardaşları tərəfindən yaradılan bu qrup artıq 8 albomunu və 80 orijinal mahnısını rok musiqisini sevənlərə təqdim etmişdir. 2012-ci ildə qrupun sonuncu “The Nerve” albomu Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən “İlin ən yaxşı albomu” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, “Filligar” qrupunun musiqisi bir çox məşhur rok və pop musiqiçilərin və qrupların yaradıcılığından qaynaqlanmışdır. 2013-cü ildə “Filligar” qrupu dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir sıra Şərqi Avropa ölkələrinə qastrol səfərləri etmişdir.
Rok qrupunun çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

Con Matias: Bu gözəl məkana gəldiyimizə görə özümüzü xoşbəxt sayırıq

2013-06-29

Bu, bizim Şəkiyə, ümumiyyətlə, Azərbaycana ilk səfərimizdir. Qrupun bütün üzvləri adından deyə bilərəm ki, Şəki çox gözəl şəhərdir. Biz artıq Şəki xanlarının sarayını ziyarət etdik, milli mətbəxinizin ləziz yeməklərindən olan pitini daddıq. Çox gözəl məkandır.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının iştirakçısı, ABŞ-ın “Filligar” rok qrupunun rəhbəri Con Matias jurnalistlərə müsahibəsində demişdir.
Qrupun on il əvvəl formalaşdığını, hələ məktəbdə oxuyarkən musiqiyə böyük maraqlarının olduğunu bildirən Con Matias professional musiqiçilər qismində Azərbaycana səyahət etmək imkanı əldə etdiklərinə görə çox sevindiklərini bildirmişdir. Qeyd etmişdir ki, bu səfər ABŞ Dövlət Departamentinin “Amerikanın mədəni elçiləri” proqramı çərçivəsində həyata keçirilir. Qrupa Azərbaycana səfərə getmək təklif olunarkən bunu məmnuniyyətlə qəbul etdik. Budur, biz artıq Azərbaycandayıq və bu gözəl məkana gəldiyimizə görə özümüzü xoşbəxt sayırıq.
Con Matias demişdir: “Ölkələr arasında mədəni əlaqələr olduqca vacibdir. Azərbaycana səyahət etmək, burada musiqini dinləmək, eyni zamanda, ifamızı göstərmək şansı əlimizə düşmüşdür və biz bu imkandan çox səmərəli istifadə etməyə çalışırıq”.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalının açılış mərasimi olmuşdur

2013-06-30

İyunun 29-da Şəkidə XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansaray” kompleksində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilmişdir.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şəkinin yenidən qapılarını növbəti “İpək Yolu” festivalına açdığını bildirmişlər. Qeyd olunmuşdur ki, gözəl bir ənənəyə çevrilən möhtəşəm musiqi bayramı - “İpək Yolu” Beynəlxalq festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olmuşdur. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq abidələri önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu festivallar həm də xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır.
Bildirilmişdir ki, bu gözəl musiqi bayramında Azərbaycan ilə yanaşı Türkiyə, Tacikistan, Rusiya, Koreya Respublikası və ABŞ-ın musiqiləri səsləndiriləcəkdir.
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı bu dəfə əsl yeniliklə başlanmışdır. İlk dəfə olaraq burada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında “Yeddi gözəl” baleti festivala dəvət olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri, teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə rəssam Əməkdar Rəssam Tahir Tahirovdur. Səhnə əsaərində əsas rolları isə Xalq Artisti Kamilla Hüseynova və Əməkdar Artist Gülağası Mirzəyev ifa etmişlər.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki Musiqi Kollecində ustad dərsi keçirilmişdir

2013-06-30

Şəki Musiqi Kollecində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti, tanınmış pianoçu Yeganə Axundova kollecin tələbələrinə ustad dərsi keçmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin, kollecin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə çıxış edən Yeganə Axundova son illər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və ABİ-nin dəstəyi ilə keçirilən beynəlxalq musiqi festivallarının mühüm əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu festivallar Azərbaycanı bütün dünyaya tanıdır, musiqimizi nümayiş etdirir. Gələn qonaqlar ölkəmizi ziyarət etməklə yanaşı, dəyərli musiqi xəzinəmizlə də yaxından tanış olmaq imkanı qazanırlar.
Sonra kollecin IV kurs tələbəsi Türkan Məmmədli pianoda İ. S. Baxın “Prelüdiya”, L. V. Bethovenin “3 nömrəli sonata”, Tofiq Quliyevin “Qaytağı”, II kurs tələbəsi Nigar İsayeva isə F. Listin “Ov” etüdü və L .V. Bethovenin “16 nömrəli sonata” əsərlərini ifa etmişlər.
İfaçıları diqqətlə dinləyən professor Yeganə Axundova tələbələrə irad və tövsiyələrini bildirmişdir.

 

Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslər maraqla qarşılanmışdır

2013-06-30

Şəkidə uğurla davam edən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının üçüncü günündə tamaşaçılara Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunmuşdur.
Yay teatrında keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinin nümayəndələri, sənət adamları və şəhər sakinləri iştirak etmişlər.
Konserti Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn açaraq “İpək Yolu” festivalının iştirakçılarının xalq musiqisindən zövq almaq, müxtəlif xalqların mədəniyyəti haqqında geniş məlumat əldə etmək imkanlarının olduğunu bildirmişdir. Səfir bu möhtəşəm tədbirə dəvət olunmasından qürur duyduğunu, hər dəfə Şəkiyə səfər edəndə onun gözəl incəsənəti və zəngin mədəni irsinə heyran qaldığını vurğulamışdır. Koreya musiqiçilərinin “İpək Yolu” Beynəlxalq musiqi festivalında hər il iştirak etmələrindən məmnunluq duyduğunu bildirən Çoi Suk-İn, bu gün musiqiçilərdən ibarət böyük bir qrupun bu festivalın tərkib hissəsi olmaq üçün uzun yol qət edərək Şəkiyə gəldiyini diqqətə çatdırmışdır. Səfir bu festivalın Koreya milli musiqisi ilə yaxından tanış olmağa, eyni zamanda, ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
Konsertdən əvvəl məlumat verilmişdir ki, Koreya musiqi mədəniyyətində mahnı və rəqslər əsas yer tutur. Musiqi nümunələri zəngin məzmuna və özünəməxsus cəhətlərə malik olmaqla, əsrlər boyu ustad sənətkar nəsillərinin ifaçılıq təfsirində bizə gəlib çatmışdır.
Konsertdə ifa olunan mahnı və rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalında Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti böyük maraqla qarşılanmışdır

2013-06-30

Şəki şəhərində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti olmuşdur.
Tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının  rəhbərləri, Türkiyədən gəlmiş nümayəndə heyətinin üzvləri, festivala dəvət olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.
Bildirilmişdir ki, “Axşam səfası” TRT orkestri və xor qrupu uzun müddətdir fəaliyyət göstərir. Kollektivin adı yalnız axşamlar açan çiçəyin adından götürülmüşdür. Xorun kollektivi dünyanın müxtəlif ölkələrində rəngarəng proqramlarla möhtəşəm konsertlər vermişdir. Kollektivin repertuarında türk “Sanat” musiqisi və bəstəkar mahnıları əsas yer tutur. Bu ilin mayında kollektiv Heydər Əliyev Sarayında möhtəşəm konsertləri ilə bakılıların qəlbini fəth etmişdir.
Solistlərin 20 nəfərlik orkestrin müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri türk pop və xalq sənət musiqisi, Azərbaycanın xalq mahnısı “Sarı gəlin”, həmçinin “Əziz dost”, “Sən gəlməz oldun” və digər mahnılarımız festival iştirakçılarının ürəyincə olmuşdur.
Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün - xalq artistləri Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kamança ustası Fəxrəddin Dadaşovun çıxışı isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsert proqramı Türkiyənin bir neçə televiziya kanalı ilə canlı yayımlanmışdır.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Muhsin Yıldırım: Belə festivallar insanlar arasında dostluğu, qardaşlığı və ünsiyyəti daha da genişləndirir

2013-07-01

Biz “İpək Yolu” festivalına Türkiyənin TRT kanalının məşhur “Axşam səfası” proqramını gətirmişik. Bu proqram TRT-də yayımlanan ən gözəl və ən maraqlı proqramlardan biridir. “Axşam səfası” 13 ildir ki, fasiləsiz davam edir. Bu proqramla iki ay əvvəl Bakıda, Heydər Əliyev Sarayında konsert vermişik. Çox bəyənildiyi üçün kollektivimiz Şəkidə keçirilən musiqi festivalına dəvət olundu və biz bu təklifi məmnuniyyətlə qəbul etdik.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının iştirakçısı, TRT kanalının prodüseri və konsertin təşkilatçısı Muhsin Yıldırım jurnalistlərə müsahibəsində bildirmişdir.
Şəkidə çox yaxşı qarşılandıqlarını, şəhərin qədim tarixi abidələrini ziyarət etdiklərini, görməli yerlərini gəzdiklərini bildirən Muhsin Yıldırım demişdir: “Kollektivimizin üzvləri Şəkini çox bəyəndilər. İnsanların isti münasibətinə görə özümüzü evdəki kimi hiss edirik. Festivalın təşkilatçılarını təbrik edirik, çox gözəl festival olmuşdur. İnşallah, uğurla da davam edər. Belə festivallar insanlar arasında dostluğu, qardaşlığı və ünsiyyəti daha da genişləndirir.

 

Şəki ilə Giresun şəhərləri arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm addım atılmışdır

2013-07-01

İyulun 1-də Şəki bələdiyyəsi ilə Türkiyənin Giresun bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokolun yenilənməsinə həsr olunmuş mərasim keçirilmişdir.
XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən mərasimdə şəhər icra hakimiyyətinin və Şəki bələdiyyəsinin rəhbərləri, Türkiyənin Giresun şəhərinin valisi, bələdiyyə başkanı və digər rəsmi şəxslər iştirak etmişlər.
Qonaqlara məlumat verilmişdir ki, indiyədək Şəki şəhəri ilə Ukraynanın Jmerinka, Bolqarıstanın Qabrovo, Belorusun Slutsk, Gürcüstanın Telavi, habelə Türkiyənin Giresun və Lapseki şəhərləri arasında qardaşlaşmaya dair ikitərəfli müqavilələr imzalanmışdır. Şəki və Giresun bələdiyyələri arasında müqavilə imzalanmasından artıq 11 il keçir. Bu şəhərlər arasında əlaqələri daha da möhkəmləndirmək üçün 2002-ci ildə imzalanmış müqavilənin yenilənməsinə, protokola yeni maddələrin əlavə edilməsinə ehtiyac yaranmışdır.
Mərasimdə Giresun bələdiyyəsinin başkanı Kərim Aksu çıxış edərək Şəkidə olmalarından böyük məmnunluq hissi keçirdiklərini bildirmişdir. Azərbaycana ilk dəfə səfər etdiyini, bu yerlərin onlara çox doğma və yaxın olduğunu vurğulayan bələdiyyə başqanı bu qardaşlığın ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini söyləmişdir. Kərim Aksu protokolların yenilənməsinin çox əlamətdar bir hadisə- Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı ilə üst-üstə düsməsindən məmnunluğunu dilə gətirmiş, bu festivala Giresun və Konya şəhərlərinin rəqs ansambllarının da qatıldığını diqqətə çatdırmışdır.
Sonra Şəki və Giresun şəhərləri arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokolun yenilənməsinə dair sənədlərin imzalanması mərasimi keçirilmişdir. Sənədləri Şəki bələdiyyəsinin sədri Fikrət Cəfərov və Giresun bələdiyyə başkanı Kərim Aksu imzalamışlar.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun və Giresun şəhərinin valisi Dursun Əli Şahinin də iştirak etdikləri imzalanma mərasimi başa çatdıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etmişlər.
Daha sonra şəhərin mərkəzində, Xalq Şairi Bəxtiyar Vahabzadənin büstünün qoyulduğu parkda Konya və Giresun şəhərlərindən gətirilmiş torpaq şəhər rəhbərliyinin və Türkiyədən gəlmiş nümayəndə heyətinin iştirakı ilə rəmzi olaraq Şəki torpağına qovuşdurulmuşdur.

 

Bakı Musiqi Akademiyasının professoru Şəkidə ustad dərsi keçmişdir

2013-07-01

İyulun 1-də Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti, tanınmış violin ifaçısı Zəhra Quliyeva “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki Musiqi Kollecində ustad dərsi keçmişdir.
Ustad dərsindən əvvəl kollecin orkestr alətləri şöbəsi tələbələrinin ifaları dinlənilmişdir. Üçüncü kurs tələbəsi Aysel Lətifzadə skripkada F.Əmirovun “Məhəbbət rəqsi”, M.Mirzəyevin “Lirik rəqs”, P.Çaykovskinin “Melodiya”, ikinci kurs tələbəsi Vüsalə Cabbarlı A.Vivaldinin “Konsert-sol minor”, F.Əmirovun “Ballada” və V.A.Motsartın “Rondo” əsərlərini ifa etmişlər.
Professor Zəhra Quliyeva tələbələrin ifalarına münasibətini bildirmiş, skripkada əyani şəkildə ifaçıların yol verdikləri xətaları göstərmiş, tövsiyələrini vermişdir.

 

Sərdar Kalayçı: Budəfəki festivalda daha böyük heyətlə təmsil olunuruq

2013-07-01

Bu, bizim bir il ərzində Şəkiyə ikinci səfərimizdir. Şəhərinizlə Konya şəhərinin Meram bələdiyyəsi arasında qardaşlaşmaya dair sənədlərin imzalanmasından heç bir il keçməmiş biz yenidən Şəkidəyik. Burada əvvəllər də birgə proqramlar icra etmişik. Qardaşlaşmaya dair imzalanma mərasimini də daha mənalı olması üçün Şəkidə keçirmişik.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının fəxri qonağı, Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin sədri Sərdar Kalayçı jurnalistlərə müsahibəsində bildirmişdir.
Keçənilki festivalda Giresun şəhərinin də xalq rəqsləri kollektivinin iştirak etdiyini deyən türkiyəli qonaq o zaman növbəti musiqi festivalına dəvətin məmnuniyyətlə qəbul edildiyini bildirmişdir. Vurğulamışdır ki, budəfəki festivalda daha böyük heyətlə - xalq rəqsləri kollektivi ilə təmsil olunurlar. Kollektivin çıxışlarını azərbaycanlı tamaşaçılar Türkiyə kanallarından da izləmişlər. Bu kollektiv Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında finala qədər gəlib çıxmış bir kollektivdir. Onlar festivalda maraqlı bir proqramla çıxış edəcəklər.
Bələdiyyə sədri bildirmişdir ki, müxtəlif ölkələrdən minlərlə qonağın Şəki kimi gözəl tarixi keçmişi olan şəhərdə belə bir möhtəşəm festivalda iştirakı, proqramda nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə icrası qürur doğurur.
Türkiyə nümayəndələrinin dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletini böyük maraqla izlədiklərini deyən Sərdar Kalayçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivinə uğurlar arzulamışdır. Bələdiyyə sədri Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konsertinin, eləcə də digər çıxışların uğurla keçdiyini, belə qarşılıqlı səfərlərin bundan sonra da davam edəcəyini demişdir.

 

Koreya Respublikasından olan solistlər festivalda yeni proqramla çıxış etmişlər

2013-07-01

İyulun 1-də “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki şəhərindəki “Aşağı Karvansaray” kompleksində tamaşaçılar Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət yeni konsert proqramını izləmişlər.
Bu, festivalda koreyalı solistlərin təqdim etdikləri ikinci konsert proqramı idi.
Konsertin əvvəlində məlumat verilmişdir ki, bu gün təqdim olunan proqram Koreya Respublikasının “Kuqak” Milli Musiqi Mərkəzi tərəfindən hazırlanmışdır. Bu mərkəz təxminən 1400 illik tarixə malikdir. Konsert proqramında təqdim olunan “Gaqok”, “Pansori”, “Ganqqanqsullae”, “Saipurichum” kimi qədim musiqi nümunələri Koreya musiqisinin ən qədim janrları kimi, ölkənin milli-mədəni sərvəti elan edilmiş və YUNESCO tərəfindən dünyanın “qeyri maddi mədəni irs” siyahısına daxil edilmişdir.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsert başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının uğurla davam etdiyini diqqətə çatdırmış, festivalda fəal iştirak etdiklərinə görə Koreya Respublikasının musiqi kollektivinə minnətdarlığını bildirmişdir.

 

Şin Yonq Hi: Azərbaycan tamaşaçılarının mədəni səviyyəsi və musiqi duyumu çox yüksəkdir

2013-07-02

Biz festivala çox uzaq ölkədən gəlmişik. Musiqilərimiz müxtəlif olsa da, yerli tamaşaçılar sanki Koreya musiqisinə yaxından bələddirlər. Onlar ifaçılara çox isti münasibət bəsləyir, hər çıxışımızı ürəkdən alqışlayırlar. Azərbaycan tamaşaçılarının mədəni səviyyəsi və musiqi duyumu çox yüksəkdir.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Koreya Respublikasından olan iştirakçısı, 72 yaşlı solist, xalq musiqisinin mahir ifaçısı Şin Yonq Hi jurnalistlərə müsahibəsində demişdir.
Müğənninin festivalda ifa etdiyi Koreyanın qədim musiqi nümunələrindən olan “Pansori” janrı vokal sənətində xüsusi yer tutan, bir ifaçı tərəfindən oxunulan hekayət və jestlərdən ibarətdir. “Pansori” barabançı tərəfindən çubuqların vurulması ilə ritmik müşayiət olunur ki, bu da müğənnini ruhlandırır. Bir mahnı bəzən beş saata qədər davam edir.
Şin Yonq Hi müvafiq janrda uzun illər səmərəli fəaliyyətinə görə öz ölkəsində xüsusi təqaüdə də layiq görülmüşdür.
Doğulduğu, uşaqlıq illərinin keçdiyi yerləri Şəki ilə müqayisə edən koreyalı ifaçı buradakı yolların, qala divarlarının, abidələrin şəhərin çox qədim tarixindən xəbər verdiyini və bu yerləri çox sevdiyini demişdir.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki Musiqi Kolleci tələbələrinin konserti olmuşdur

2013-07-02

Azərbaycan Bəstəkarlar İttifaqı  və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı artıq beşinci gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
İyulun 2-də festival çərçivəsində Şəki Musiqi Kollecinin konsert salonunda kollecin tələbələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.
Konsertdən əvvəl məlumat verilmişdir ki, 1958-ci ildən fəaliyyət göstərən bu musiqi ocağında indiyədək 5 minə yaxın orta ixtisas təhsilli musiqiçi hazırlanmışdır. Kollecdə 6 şöbə - fortepiano, orkestr alətləri, xalq çalğı alətləri, xanəndəlik, xor dirijorluğu və musiqi nəzəriyyəsi şöbələri fəaliyyət göstərir. Hazırda kollecdə 403 tələbə musiqi təhsili alır. “İpək Yolu” Beynəlxalq musiqi festivalında fəal iştirakına görə kollecin kollektivi 2010-cu ildə təşkilatçılar tərəfindən diplomla mükafatlandırılmışdır.
Sonra kollecin xor, xalq çalğı alətləri orkestri və kamera ansamblı geniş konsert proqramı ilə çıxış etmişlər. Tamaşaçılar orkestrin ifasında Müslüm Maqomayevin “Radio marşı” əsərini, xor və orkestrin ifasında Qara Qarayevin “Xoşbəxtlik mahnısı” kantatasını, İsmayıl Əliyevin “Bir əlində qanun, birində Quran” odasını, kamera ansamblının ifasında Üzeyir Hacıbəylinin “Aşıqsayağı” və “Arazbarı” əsərlərini dinləmişlər.
Konsertdə, həmçinin ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Gənc ifaçıların II respublika müsabiqəsinin diplomantları, kollecin tələbələri Türkan Məmmədli, Xəyal Bəkirov, Leyla Əliheydərli, Nuranə Bəkirova və Allahverdi Abdurəhimovun ifasında klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir.
Konsert alqışlarla qarşılanmışdır.

 

Lalə Hüseynova: Builki festival janr rəngarəngliyi baxımından əvvəlkilərdən fərqlənir

2013-07-03

Artıq dördüncü dəfədir ki, keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalı ildən-ilə öz gücünü artırır, iştirakçı ölkələrin, gələn qonaqların sayı çoxalır. Əlbəttə, bunun əhəmiyyəti çox böyükdür. Festival sözün həqiqi mənasında beynəlxalq tədbirə çevrilmişdir. Biz artıq burada Türkiyədən, Koreya Respublikasından, ABŞ-dan, MDB-nin müxtəlif ölkələrindən gələn kollektivlərin çıxışlarını izləmişik. Builki festival janr rəngarəngliyi baxımından əvvəlkilərdən çox fərqlənir.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının təşkilatçı qurumlarından olan Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova jurnalistlərə müsahibəsində demişdir.
ABİ-nin təmsilçisi festivalın özəlliyinin artıq onun janr çərçivəsini aşmasından ibarət olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, burada yalnız folklor və yaxud etnik musiqi deyil, həm də simfonik musiqi, balet əsəri təqdim olunur.
Lalə Hüseynova demişdir: “Mənə elə gəlir ki, bu festivalın son dərəcə böyük gələcəyi vardır. Şəki kimi gözəl, zəngin mədəni irsi, qədim tarixi-memarlıq abidələri olan bir şəhərdə belə gözəl musiqi bayramının keçirilməsi hamının ürəyincədir. Ən əsası isə odur ki, festivalın keçməsinə burada yaşayan insanlar da çox böyük dəstək göstərirlər”.

 

Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının çıxışları böyük maraqla qarşılanmışdır

2013-07-03

Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı uğurla davam edir.
İyulun 2-də festival çərçivəsində Yay Teatrında Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti olmuşdur.
Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, Türkiyənin Giresun və Konya şəhərlərindən gəlmiş geniş tərkibdə nümayəndə heyəti, musiqisevərlər, şəhər sakinləri iştirak etmişlər.
Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında finala qədər gəlib çıxmış, yekunda dördüncü yeri tutmuş Konya şəhərinin “Kaşıks” rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər tamaşaçıların böyük marağına səbəb olmuşdur. Giresun şəhər bələdiyyəsi konservatoriyası orkestri solistlərinin ifa etdikləri türk xalq musiqisi nümunələri, habelə Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda çox fəal iştirak etdiklərinə görə qardaş Türkiyədən olan musiqi kollektivlərinin üzvlərinə təşkilatçılar adından minnətdarlığını bildirmişdir.
Türkiyədən gəlmiş nümayəndə heyətinin rəhbərliyinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Alim Qasımov və Fərqanə Qasımova “İpək Yolu” IV Beynəlxalq musiqi çərçivəsində Şəki xanları sarayının həyətində konsert vermişlər

2013-07-03

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycanın tanınmış xanəndələri - Xalq Artisti Alim Qasımov və onun qızı, Əməkdar Artist Fərqanə Qasımovanın konserti olmuşdur.
Festivalın təşkilatçı qurumları rəhbərlərinin, musiqisevərlərin, şəhərin qonaqlarının iştirak etdikləri musiqi gecəsində ifalara başlamazdan əvvəl xanəndə Alim Qasımov belə bir möhtəşəm, bənzəri olmayan Xan sarayının qarşısında çıxış etməyin onlar üçün böyük şərəf olduğunu bildirmiş, tamaşaçılara xoş istirahət, festivalın işinə uğurlar arzulamışdır.
Geniş diapazona, qeyri-adi səs tembrinə malik olan xanəndələrin tarzən Zəki Vəliyev, kamança ifaçısı Rauf İslamov, balabançı Rəfael Əsgərov və nağaraçı Cavidan Nəbiyevin müşayiəti ilə özlərinə məxsus üslubda ifa etdikləri muğam və xalq mahnıları, ritmik muğamlar tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
Konsert başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək öz səsi ilə demək olar ki, bütün dünyanı fəth edən Alim Qasımovun qızı Fərqanə ilə birlikdə təqdim etdiyi bu konsert proqramının Xan sarayına çox yaraşdığını bildirmişlər. Qeyd olunmuşdur ki, bir müddət əvvəl 250 illik yubileyinin böyük təntənələrlə qeyd olunduğu, Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki xanları sarayının həyətində, yaşı beş yüzə çatan qoşa Xan çinarlarının altında keçirilən bu qeyri-adi konsert, şübhəsiz, “İpək Yolu” festivalının ən gözəl anlarından biri kimi hələ uzun illər yaddaşlarda qalacaqdır.
Sonda şəhər icra hakimiyyəti adından görkəmli xanəndəyə və qızına festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Alim Qasımov: Biz bu gecə tamaşaçılara xoş anlar yaşada bildik

2013-07-03

Qarşımızda dağ, başımızın üzərində göylərə dirənən qoşa çinar və Xan sarayının əhval-ruhiyyəsi. Bəzən biz bu abidələrə qala kimi, daş kimi baxırıq. Mən isə bu gecə onların canlı olduğunu hiss etdim.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının iştirakçısı, görkəmli xanəndə, Xalq Artisti Alim Qasımov jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, biz bu gecə tamaşaçılara xoş anlar yaşada bildik. Bununla da biz gecə tamaşaçıların alqışlarından da, özümüzün ifamızdan da zövq ala bildik.
Konsertlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Əməkdar Artist, görkəmli xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımova da atasının sözünə qüvvət verərək demişdir: “Açıq havada çox nadir hallarda konsertlər veririk. Belə konsertlərin bir gözəlliyi də ondadır ki, təbiətlə təmasda olursan, ab-hava bir az da dəyişir. Muğam daha da canlanır, tamaşaçılarda da canlanma hiss edirsən. Bu gün biz özümüz də bu gecədən zövq aldıq”.

 

Serbiyalı qonaqlar Şəkidə olmuşdur

2013-07-03

Azərbaycanda səfərdə olan Serbiya Respublikasının gənclər və idman nazirinin müavinləri Snezana Klasnja və  Dragan Atanasovun başçılıq etdiyi nümayəndə heyəti iyulun 3-də Şəki şəhərində olmuşdur.
     Nazirliyin əməkdaşlarının, ayrı-ayrı idman federasiyaların nümayəndələrinin və digər qonaqların daxil olduğu nümayəndə heyətinin üzvləri əvvəlcə Şəki Olimpiya İdman Kompleksinin konfrans zalında Şəki şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri ilə görüş keçirmişdir. Görüşdə yerli layihələr haqqında təqdimatlar olmuşdur.
     Sonra serbiyalı qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuşlar. Şəki xanlarının sarayı ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılmışdır ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının incisi hesab olunan Şəki xanları sarayının keçən il 250 yaşı tamam olmuşdur. Qonaqlar sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr etmiş, saray önündə xatirə şəkilləri çəkdirmişlər.
    XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Yuxarı Karvansarayda Serbiya Respublikasının gənclər və idman nazirinin müavinləri Snezana Klasnja və  Dragan Atanasov və onların başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşlər. Çay süfrəsinə dəvət edilən serbiyalı qonaqlara şəhərin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı, habelə turizm potensialı barədə ətraflı məlumat verilmişdir
     Şəkiyə səfərləri çərçivəsində serbiyalı qonaqlar Kiş kəndindəki qədim alban məbədinə də getmişlər.
     Qonaqlar Şəkidən xoş təəssüratla ayrılmışlar.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində daha bir konsert proqramı təqdim edilmişdir

2013-07-04

İyulun 4-də Şəki şəhərindəki yay teatrında tamaşaçılar “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Respublikasının Əməkdar Artisti Tünzalə Ağayevanın konsertini izləmişlər.
İfasına başlamazdan əvvəl müğənni Şəkidə ənənəvi “İpək Yolu” Beynəlxalq musiqi festivalının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, belə bir musiqi bayramında iştirak etdiyinə görə özünü xoşbəxt saydığını bildirmiş, dəvətə görə festivalın təşkilatçılarına minnətdarlıq etmişdir.
“Hicaz” qrupunun müşayiəti ilə müğənninin ifasında tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, məşhur türk müğənnisi Barış Mançonun, habelə dünyanın məşhur pop musiqisi ifaçılarının repertuarlarından mahnılar tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Tünzalə Ağayevanın özünün müəllifi olduğu “Mən Azərbaycanlıyam” mahnısını Şəki Musiqi Kollecinin tələbələri ilə birlikdə ifa etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Müğənni konsert proqramına Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallının bəstələdiyi “Ölkəm” romansı ilə yekun vurmuşdur.
Sonda şəhər icra hakimiyyəti adından müğənni Tünzalə Ağayevaya festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Əməkdar Artist Tünzalə Ağayeva müğənni kimi sola karyerasına 2001-ci ildə gənc ifaçıların “Bakı payızı” musiqi müsabiqəsində qalib gəldikdən sonra başlamışdır. Müxtəlif illərdə o, Rusiyada, Ukraynada keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuşdur.
Müğənni respublikanın ictimai həyatında, uşaqlarla bağlı xeyriyyə layihələrində, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində, diaspor təşkilatlarının tədbirlərində, habelə bir sıra beynəlxalq layihələrdə fəal iştirakına görə fəxri diplomlara və mükafatlara layiq görülmüşdür.

 

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatmışdır

2013-07-04

Azərbaycan Respublikası Mədəniyyət və Tirizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatmışdır.
İyunun 28-də başlanan və bir həftə davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları və yerli sakinlər bir sıra xarici ölkələrin milli musiqi, rəqs, folklor nümunələri ilə yaxından tanış olmuş, Azərbaycanın musiqi və teatr kollektivlərinin çıxışlarını izləmişlər.
İyulun 4-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi olmuşdur. Tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
Kollektivin bədii rəhbəri və dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir.
Qeyd edək ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdır. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov və başqaları rəhbərlik etmişdir. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Afaq Məlikova və onlarla görkəmli rəqs ustaları yetişmişdir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir.
Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” və “Çənlibel xoru”, Tofiq Quliyevin “İlk bahar”, “Sənə da qalmaz”, Cahangir Cahangirovun “Füzuli” kantatasından ikinci hissə, Kamal Heydərovun “Xalq Heydər söyləyəcək” və digər tanınmış bəstəkarların əsərləri, habelə xalq mahnısı “Qara gilə”, “Gözəl Vətən” xoreoqrafik suitası, “Ay ləli” və digər xalq rəqsləri daxil edilmişdir.
Konsert tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın keçirilməsində yaxından iştirak edən Şəki Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, 2013-cü il Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdardır. Təşkilat komitəsinin qərarı ilə festivalın yekun konserti Ulu Öndərin ölməz xatirəsinə həsr olunmuşdur. Məhz buna görə də konsert Ümummilli Liderin çox sevdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının qəhrəmanının sədaları ilə tamamlanmışdır.
Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonda şəhər icra hakimiyyəti adından festivalın bədii rəhbəri Firəngiz Əlizadəyə, yekun konsertində çıxış edən kollektivin bədii rəhbəri və dirijoru, Xalq Artisti Ağaverdi Paşayevə, habelə kollektivin solistlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Festival bayram atəşfəşanlığı ilə başa çatmışdır.

 

Firəngiz Əlizadə: “İpək Yolu” festivalı qədim Şəkinin salnaməsinə qızıl hərflərlə yazılacaqdır

2013-07-05

“Aşağı Karvansaray” kompleksində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı və Şəki Musiqi Kolleci xor kollektivinin konserti ilə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının son akkordları çalındı və bu möhtəşəm musiqi bayramı tarixə qovuşdu. Festival çox uğurlu keçdi, maraqlı, həm də rəngarəng proqramlı bir festival oldu. Burada təbii ki, Şəki Şəhər İcra Hakimiyyətinin məharətli təşkilatçılığını xüsusi ilə qeyd etmək istəyirəm. Şəkililər bizim hamımız üçün, kollektivlər üçün öz qucaqlarını açdılar, festivalın keçirilməsinə dəstək oldular, son nəticədə çox gözəl bir festival alındı. Şübhəsiz ki, “İpək Yolu” musiqi festivalı qədim Şəkinin salnaməsinə qızıl hərflərlə yazılacaqdır.
Bu sözləri “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın yekunları barədə AzərTAc-a müsahibəsində demişdir.
Şəki ilə bərabər “İpək Yolu” festivalının da şöhrətinin ildən-ilə artdığını vurğulayan festivalın bədii rəhbəri bu musiqi bayramında iştirak etmək istəyən ölkələrin, kollektivlərin sayının durmadan artdığını bildirmişdir. Firəngiz Əlizadə demişdir: “Bu dəfəki festival janr rəngarəngliyi baxımından da çox zəngin olmuşdur. Festivalda uzaq Amerikadan gəlmiş rok qrupu, Türkiyədən gəlmiş 3 böyük kollektiv – Konya və Giresun şəhərlərinin rəqs qrupları, habelə “Axşam səfası” TRT orkestri və solistləri, Koreya Respublikasından gəlmiş kollektiv, həmçinin Azərbaycanın musiqi kollektivləri rəngarəng konsert proqramları ilə çıxış etdilər. Festival həqiqətən də əsil yeniliklə başlandı, Qədim Şəkinin tarixində ilk dəfə olaraq canlı şəkildə Azərbaycan musiqisinin incilərindən olan Qara Qarayevin “Yeddi gözəl” baleti oynanıldı. Burada Azərbaycan festival tarixində ilk dəfə olaraq “Axşam səfası” kollektivinin konserti canlı olaraq xaricə yayımlandı. Bundan əlavə, festival çərçivəsində nadir xanəndəmiz, zəmanəmizin ən böyük sənətkarı, dünya ensiklopediyasında səsi nadir səslər arasında sadalanan Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın Şəki xanları sarayının önündə möhtəşəm konserti oldu. Bu, doğrudan da tarixi bir hadisə idi. Şəki Musiqi Kollecinin müəllim və tələbələri də bu festivalın keçirilməsində olduqca yaxından iştirak etdilər, gözəl konsertlər verdilər”.
Sonda Firəngiz Əlizadə bildirmişdir: “Bir az da qüssə hissi keçiririk ki, vaxt gəldi, festival başa çatdı və biz gözəl Şəkidən ayrılmalıyıq. Lakin gələn festivala qədər bizi hələ yeni-yeni görüşlər gözləyir. Gələn il keçiriləcək beşinci festivalımız yubiley festivalı olacaqdır. Planlarımız isə çox böyükdür, yubiley festivalı daha da möhtəşəm olacaqdır”.



Создан 07 июл 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi